Konfrans Liqasının pley-off mərhələsinin “Marsel” - “Qarabağ” oyununda baş verən erməni təxribatı ilə bağlı AFFA UEFA-ya müraciət edib.
Lent.az-ım xəbərinə görə, bu barədə apasport.az saytına assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.
Qurum rəsmisi Fransadakı qarşılaşma zamanı tribunada təxribat xarakterli bannerin və Qarabağdakı separatçıların əski parçasının açılması ilə dərhal qitə futbol qurumunun məlumatlandırıldığını söyləyib: “Dünən oyunun gedişində AFFA rəhbərliyi UEFA nümayəndələri ilə əlaqə saxlayıb. Stüardlar dərhal müdaxilə edərək, bayraqları və plakatı yığışdırıblar. Həmçinin “Qarabağ” klubu da yerincədə şifahi məlumat verib”.
Qeyd edək ki, “Velodrom” stadionunda keçirilən oyun “Marsel”in 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasındakı cavab matçı fevralın 24-də Bakıda olacaq.