Son gününü yaşadığımız 2020-ci il, bütün sahələrdə olduğu kimi, idmanda da müxtəlif hadisələrlə yadda qaldı. Dünyanı ağuşuna alan koronavirus pandemiyasına görə Yay Olimpiya Oyunları və futbol üzrə Avropa çempionatı kimi böyük turnirlər növbəti ilə keçirildiyi halda, milli çempionatlarda böyük fasilə yarandı. Bununla belə, “Siçan ili”ndə idmanda unudulmayacaq anlar az olmadı. Lent.az həmin hadisələri sizə təqdim edir...
Qızı ilə qəzaya uğrayan əfsanə
Basketbolçu Kobi Brayant qızı Cianna ilə birlikdə
İl idman dünyası üçün ağır itki ilə başladı. Öz dövrünün ən güclü basketbolçusu hesab olunan Kobi Brayant yanvarın 26-da ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında helikopter qəzasında dünyasını dəyişdi. 41 yaşlı Brayantla birlikdə 13 yaşındakı qızı Cianna da həmin hadisənin qurbanı oldu. Kobinin qızını məktəbə apardığı yolda güclü tıxaclar olur, bu səbəbdən həmin yolu avtomobillə qət etmək üçün 2 saat vaxt gedirdi. Helikopterlə məktəbə çatmaq üçün isə sadəcə 15 dəqiqə vaxt lazım olurdu. Bu səbəbdən Brayant analoji situasiyada həmişə helikopterdən istifadə edirdi. Hadisənin təfərrüatına gəlincə, Kobiyə məxsus helikopteri erməni pilot Ara Zobayan saat 09:08-də Con Veyn hava limanından uçurmağa başlayıb. Bir neçə dəqiqə sonra sıx duman səbəbilə helikopter istiqamətini itirib. Pilot hava limanı ilə əlaqə saxlayaraq problem barədə xəbər verib və alçaqdan uçuş icazəsi istəyib. Daha sonra hava limanından ona bildirilib ki, olduqca alçaqdan uçur və bu gedişlə helikopter radarlardan itəcək. Bundan bir neçə dəqiqə sonra isə helikopter qəzaya uğrayıb.
Başı bəlalı Ronaldinyo
Ronaldinyo qardaşı ilə birlikdə Paraqvayda həbs olunur
Növbəti şok xəbər martın 7-də yayıldı. Əfsanəvi futbolçu Ronaldinyo qardaşı Roberto ilə birlikdə Paraqvayda həbs olundu. Buna səbəb 3 gün öncə onların yerləşdikləri otel nömrəsində futbolçu və qardaşının adına saxta pasportlar aşkar edilməsi idi. Vergidən yayındığına görə 2018-ci ildə xarici pasportdan məhrum edilən “sambaçı” çıxış yolunu saxta sənəd düzəltdirməkdə görübmüş. Bir ay sonra həbsxananı tərk edən Ronaldinyonun Asunsion mehmanxanasında ev dustaqlığında qalmasına qərar verildi. Keçmiş futbolçu tam sərbəst buraxılması üçün avqustadək gözləməli oldu. Nəhayət, 90 min dollar cərimə ödəyərək 5 aylıq fasilədən sonra vətəni Braziliyaya qayıda bildi.
2 il 9 aydan sonra komadan ayıldı
“Ayaks”ın futbolçusu Abdelhak Nurinin komaya düşdüyü oyun
Mart ayında idman dünyasını heyrət bürüdü. Niderlandın “Ayaks” klubunun futbolçusu Abdelhak Nuri 2 il 9 aydan sonra komadan ayıldı. Gənc futbolçunun qardaşı mətbuata açıqlama verərək Nurinin tədricən özünə gəldiyini bildirdi: “Artıq komada deyil, asqırır, qaşları ilə bizə işarə edir və yemək yeyir. Ancaq hələ yataqdan qalxa bilmir”.
Qeyd edək ki, 2017-ci ilin iyul ayında “Verder”lə yoxlama oyununda Abdelhak Nurinin ürək ritmi pozulduğundan, yarımmüdafiəçiyə 20 dəqiqə ürək masajı edilmişdi. Daha sonra helikopterlə xəstəxanaya aparılan futbolçunun beynində ciddi problem olduğu müəyyənləşmişdi. O vaxtdan komaya düşən Nuri 33 aydan sonra doğmalarını və idman ictimaiyyətini sevindirdi.
30 illik həsrətin sonu
“Liverpul”un 30 illik həsrətinin bitdiyi an
2020-ci il daha bir maraqlı hadisə ilə əlamətdar oldu. Bir il öncə UEFA Çempionlar Liqasını qazanan “Liverpul”, nəhayət, İngiltərə çempionatında da sözünü deməyi bacardı. Yurgen Klopp kimi baş məşqçiyə və güclü heyətə malik olan “mersisaydlılar” 30 illik həsrətə son qoyaraq, Premyer Liqanın çempionu oldular. “Liverpul” azarkeşləri bu ili heç vaxt unutmayacaqlar. Axı sevimli komandaları sonuncu dəfə 1989/1990 mövsümündə İngiltərə çempionluğunu qazanmışdı.
Türkiyədə yeni çempion
Türkiyənin yeni çempionu - “Başakşehir”
“Siçan ili”ndə tarix yazanlardan biri də “Başakşehir” oldu. Superliqanın 2016/2017 və 2018/2019 mövsümlərində ikinci yeri tutan İstanbul klubu bu dəfə hamıdan güclü olmağı bacardı. Tarixində ilk dəfə Türkiyə çempionluğu yaşayan “Başakşehir” ən yaxın izləyiciləri - “Trabzonspor”u 4, “Beşiktaş”ı isə 7 xal qabaqladı. Okan Burukun çalışdırdığı komanda mövsümü Türkiyənin digər nəhəngləri - “Qalatasaray”dan 13, “Fənərbaxça”dan isə 16 xal öndə bitirdi.
2:8
“Barselona”nın darmadağını
2020-ci ilin yaddaqalan məqamlarının sırasında “Barselona”nın ağır məğlubiyyəti də var. UEFA Çempionlar Liqasının 1/4 finalında “Bavariya” ilə qarşılaşan Kataloniya klubunun şansları yüksək qiymətləndirilmirdi. Mütəxəssislər mövsümü əla keçirən münhenlilərin favorit olduğunu bildirirdilər. Ancaq heç kim “Barsa”nın 2:8 hesabı ilə uduzacağını ağlına gətirmirdi. Lissabonun “Estadio da Luz” arenasında baş tutan görüşdə “alman maşını”, həqiqətən də, qarşısıalınmaz idi. Tomas Müller və Filipp Koutinyonun dubl etdikləri oyunda “Bavariya”nın digər qollarına İvan Perişiç, Serj Qnabri, Coşua Kimmix və Robert Levandovski imza atdı. “Qol yağışı”nın müşayiət etdiyi gecədə “Barsa”nın gücü cəmi 2 qola çatdı. Yarımfinalda “Lion”u (3:0), finalda isə PSJ-ni (1:0) üstələyən “Bavariya” ilin ən güclü komandası olduğunu isbatladı.
Burda mənəm, Bağdadda kor xəlifə
“Sevilya” Avropa Liqasının 6 qat qalibidir!
Bu məsəli UEFA Avropa Liqasının qalibi olan “Sevilya”ya aid etmək olar. İspaniya təmsilçisinin qitənin ən mötəbər ikinci klub turnirindəki mənəm-mənəmliyi qarşısında yenə heç kim bir söz deyə bilmədi. Finalda İtaliyanın “İnter” klubu ilə üz-üzə gələn “Sevilya” 3:2 hesablı qələbəyə sevinərək tarixində 6-cı dəfə Avropa Liqasının qalibi adını qazandı. Rekorda imza atan Əndəlus təmsilçisi bunadək 2006, 2007, 2014, 2015 və 2016-cı illərdə analoji uğura imza atmışdı.
“Qartal”ın məğlubiyyətsiz gedişi
Həbibin qələbə göz yaşları
2020-ci il MMA döyüşü üzrə UFC çempionu Həbib Nurməhəmmədov üçün də unudulmaz olacaq. İyulda atasını itirən məğlubedilməz idmançı oktyabrda oktaqona çıxdı. Yüngül çəkidə rəqib tanımayan Həbib ABŞ təmsilçisi Castin Qetjiyə də heç bir şans vermədi. “Qartal” ləqəbli Nurməhəmmədov ardıcıl 29-cu döyüşünü də qələbə ilə başa vurdu. Lakin görüşdən sonra verdiyi açıqlama ilə onu sevənləri məyus etdi. 32 yaşlı idmançı karyerasını bitirdiyini deyərək, oktaqonla vidalaşdı. Qərarını isə vədi ilə əlaqələndirdi: “Castinlə döyüşə görə UFC-dən zəng gələndə anamla 3 gün danışdım. Anama söz vermişdim ki, bu, mənim son döyüşüm olacaq. O istəmirdi ki, mən atasız döyüşüm. İstədiyim yeganə şey çəkidən asılı olmayaraq birinci olmaq idi. Mən bunu haqq etdim. 29 qələbə! Bir məğlubiyyət də yoxdur”.
Futbol Maradonasız qaldı
Maradona son mənzilə yola salınır
25 noyabr. İdman dünyası əfsanəvi futbolçu Dieqo Maradonanın ölüm xəbəri ilə göz yaşlarına qərq oldu. Bir neçə gün öncə beyin əməliyyatı keçirən, ardınca evə buraxılan argentinalının qəflətən ürəyi dayandı. Dəfələrlə qələbə sevinci dadan Dieqo ölümə uduzdu. Tibbi ekspertizanın rəyinə əsasən, 60 yaşında həyatla vidalaşan Maradonanın xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bəlli oldu. Vəfatı ilə əlaqədar Argentinada 3 günlük matəm elan olundu.
Taysonun rinqə dönüşü
Tayson 15 ildən sonra yenidən rinqdə
Noyabrda əfsanəvi boksçular Mayk Tayson və Roy Cons arasında nümunəvi xarakterli döyüş keçirildi. ABŞ-ın Kaliforniya ştatında baş tutan və hər biri 2 dəqiqədən ibarət 8 raundluq qarşılaşmada qalib müəyyənləşmədi. Qərar nə Taysonun ürəyincə oldu, nə də Consun. Qələbə qazandığını iddia edən Tayson rinqi qalmaqalla tərk etdi. Qeyd edək ki, Mayk Tayson 2005, Roy Cons isə 2018-ci ildən sonra ilk dəfə rinqə çıxırdı.
Böyük qayıdış!
"Qarabağ" öz keçmiş məşqçisinin məzarını ziyarət edir
2020-ci ilin ən möhtəşəm hadisəsi isə Azərbaycan çempionu "Qarabağ"ın təmsil etdiyi - 27 ildən sonra işğaldan azad olunan Ağdam şəhərinə yollanması idi. Bu xəbər təkcə yerli mətbuatda deyil, Türkiyə və digər ölkələrin mediasında da işıqlandırıldı. Komanda ilk olaraq şəhərin mərkəzində yerləşən Cümə məscidini, ardınca isə Azərbaycanın Milli qəhrəmanı, “Qarabağ”ın kapitanı və baş məşqçisi olmuş Allahverdi Bağırovun məzarını ziyarət etdi. Növbəti ünvan isə “İmarət” stadionu oldu. Burada futbolçular, veteranlar, rəhbərlik və digər rəsmi şəxslər birlikdə futbol oynadılar.
"Qarabağ"ın oyunçusu Qara Qarayev Ağdam məscidində namaz qılır