İsrailin şimal bölgəsindəki Şfaram şəhərində naməlum şəxslər 20 yaşlı futbolçu İham Əbu-Salahı güllələyiblər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qatillər idmançının evinə girərək ona bir neçə dəfə atəş açaraq, başından da vurublar.
Yaralı Əbu-Salah ağır vəziyyətdə Hayfa "RAMBAM" xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Futbolçunun yaxınları da oraya toplaşıb, lakin xəstəxana mühafizəçiləri onların yolunu kəsib. Dava başlayıb, nəticədə mühafizəçilərdən biri yaralanıb və o da xəstəxanaya göndərilib. Hadisə yerinə gələn polis mərhumun iki qohumunu həbs edib.
Həkimlər isə Əbu-Salahın həyatını xilas etməyə cəhd göstərsələr də, idmançı dünyasını dəyişib.
İham Əbu-Salah “Şfaram” və “Kiryat-Byalik” komandalarında çıxış edib. Bir neçə həftə əvvəl o, beş israilli cinayətkarla birlikdə həbs olunduğu Dubayda diqqət mərkəzində olub. Yəhudi dövlətinin altı vətəndaşından ibarət qrupun uzun müddət BƏƏ-də olan israilli kriminal rəhbərini öldürməyi planlaşdırdığı məlum olanda bu hadisə ilə bağlı məlumat yerli İsrail polisinə ötürülüb. Bu hadisədən az sonra Əbu-Salah azadlığa buraxılıb və bir neçə gün sonra vətəninə qayıdıb.
“Mako” nəşrinin yazdığına görə, gənc futbolçunun qətliamının dramatik Dubay ssenarisi ilə birbaşa əlaqəsi var və Naser Həriri ilə Samir Bakrinin cinayətkar dəstələri arasında qarşıdurmanın bir hissəsidir.