Daha 2 idmançımız London olimpiadasına lisenziyanın bir addımlığında
31 avqust 2011 15:11 (UTC +04:00)

Daha 2 idmançımız London olimpiadasına lisenziyanın bir addımlığında

Lent.az-ın məlumatına görə, Mustafayeva bu gün keçirilən təsəlliverici yürüşdə qadınlar arasında 1 nəfərlik qayıqla 2000 metr məsafəni 7 dəqiqə 38,63 saniyəyə qət edib.

O, startdaca təşəbbüsə yiyələnib və sonadək liderliyini əldən verməyib. Mustafayeva rusiyalı Yuliya Levina (7:44.27), ABŞ təmsilçisi Cenevra Stoun (7:44.63), ispaniyalı Nuria Dominges Asensio (7:47.40), danimarkalı Fi Udbi Eriksen (7:57.12) və belçikalı Annik De Dekkeri (7:57.83) geridə qoyub. Avarçəkənimiz ilk “3-lüy”ə düşdüyü üçün Levina və Stounla birgə yarımfinala yüksəlib.

Kişilərin mübarizəsində 1 nəfərlik qayıqla çıxış edən Aleksandr Aleksandrov isə ¼ final yürüşündə 2000 metr məsafəni 6 dəqiqə 52,77 saniyəyə qət edərək, finişə 2-ci çatıb. Yalnız kubalı Angel Furnier Rodrigesdən (6:52.31) geri qalan avarçəkənimiz son dünya çempionu Ondrey Sinek (6:54.47), belçikalı Tim Meyens (6:55.27), kiprli Valentinos Sofokleus (7:16.42) və israilli Dani Fridmanı (7:17.21) qabaqlayıb. Beləliklə, kişi avarçəkənimiz də ilk “3-lüy”ə düşdüyündən, yarımfinala yüksəlib.

Akademik avarçəkmə yarışlarında qaydalara əsasən, yarımfinal mərhələsinə 12 ən güclü avarçəkən vəsiqə qazanır. Onlar növbəti mərhələdə iki yarımqrupda mübarizəni davam etdirirlər. Hər bir yarımfinal yürüşündə ilk “3-lüy”ə düşənlər əsas finala, 4 – 6-cı yerləri tutanlar isə 7 – 12-ci yerlərdən birini tutmağa imkan verən B finalına çıxırlar. London olimpiadasına qadınların mübarizəsində ilk 9 yerdən birini tutanlar, kişilərin yarışında isə ilk 11 pillənin sahibləri vəsiqə qazanırlar. Bu isə hər iki avarçəkənimizin olimpiya lisenziyasına xeyli yaxınlaşdıqları anlamını verir. Onlar hətta əsas finala yüksələ bilməsələr də, olimpiadaya lisenziya qazana bilərlər. Bunun üçün B finalında 6 iştirakçı arasında Aleksandrovun 5-ci, Mustafayevanın isə 3-cü olması kifayətdir.

Qeyri-olimpiya tipli 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) yarışan Kamal Məmmədov isə mükafatlar uğrunda mübarizə şanslarını itirib. O, təsəlliverici yürüşdə 2000 metr məsafəni 7 dəqiqə 14,63 saniyəyə qət edərək, 5-ci yeri tutub. Qaydalara əsasən, ilk “3-lüy”ə düşə bilmədiyindən, Məmmədov 13 – 18-ci yerlərdən birini tutmağa imkan verən C finalında çıxış edəcək.

Dünya çempionatına sentyabrın 4-də yekun vurulacaq.

Qeyd edək ki, artıq avarçəkmənin kanoe növündə ölkəmiz tarixində ilk dəfə London olimpiadasına 2 lisenziya qazanıb. Onlardan birinə Valentin Demyanenko, digərinə isə Sergey Bezuqlıy – Maksim Prokopenko dueti yiyələnib.
# 507

Oxşar yazılar