Sergey Yuran: “Biz “vur-qaç” oynamayacağıq” - FOTO
19 iyul 2011 17:05 (UTC +04:00)

Sergey Yuran: “Biz “vur-qaç” oynamayacağıq” - FOTO

Həmin vaxt bu komandanın Azərbaycan Premyer Liqasında, yoxsa I divizionda oynayacağı bilinmirdi”. Lent.az-ın məlumatına görə, bu fikirləri Zaqatalanın “Simurq” futbol klubuna baş məşqçi təyin olunan Sergey Yuran iyulun 13-də keçirdiyi mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, “Simurq”un təklifini qəbul etməsində son zamanlar Azərbaycanda futbolun inkişafda olması, futbola birbaşa ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqətlə yanaşı, komandanın Premyer Liqada iştirakının dəqiqləşməsi olub: “Azərbaycan komandalarında çalışmağa güclü mütəxəssislər gəlirlər. Ölkə rəhbərliyinin futbola diqqət ayırması az fakt deyil. “Simurq” Premyer Liqada qalmasaydı, bu komandada işləməyə razılıq verməzdim. Çünki I divizionda çalışmaq artıq mənim səviyyəmə uyğun deyil”.

Yuran bildirib ki, klub rəhbərliyi onun qarşısına komandanı Premyer Liqada saxlamaq və ilk “6-lığ”a vəsiqə qazandırmaq məqsədini qoyub. 42 yaşlı mütəxəssis bu vəzifənin öhdəsindən gəlməsinin mümkünlüyünü söyləyib. O, indiyədək çalışdığı bütün komandalarda vəzifələrinin öhdəsindən gələ bildiyini xatırladıb.

Yeri gəlmişkən, Sergey Yuran futbolçu kimi zəngin karyeraya malikdir. O, Ukraynanın “Zarya” və “Dinamo” (Kiyev), Portuqaliyanın “Benfika” və “Portu”, Rusiyanın “Spartak” (Moskva), İngiltərənin “Milluoll”, Almaniyanın “Fortuna” və “Bohum”, Avstriyanın “Şturm” komandalarında çıxış edib. Lakin baş məşqçi kimi Yuran elə də güclü komandalara rəhbərlik etməyib. Gənc mütəxəssis bunu belə izah edib: “Mən 2003-cü ildə karyeramı başa vurduqdan sonra Rusiya “Spartak”ında ikinci məşqçi kimi qısa müddət çalışdım. Lakin baş məşqçi Andrey Çernışov tezliklə istefaya göndərildi. Mən isə Çernışov kimi gənc ikən “yanmaqdansa” aşağı liqalarda baş məşqçi kimi işə başlamağı üstün tutdum. Rusiyanın III divizionundakı “Almaz”, II diviziondakı “Dinamo” (Stavropol) komandalarını daha yuxarı diviziona çıxardım. Lakin həm bu komandalarda, həm də sonradan çalışdığım Latviyanın “Ditton”, Estoniyanın TFMK, Rusiyanın “Şinnik” və “Ximki”, eləcə də Qazaxıstanın “Lokomotiv” klublarında qarşıma qoyulan vəzifəni yerinə yetirməyimə baxmayaraq, gah bu klublarda maliyyə probleminin yaranması, gah da rəhbərliyə futbolu sevməyən insanların gəlişi üzündən fəaliyyətim uzun sürmədi. Yəqin ki, “Simurq”da belə olmaz. Çünki bu klubun sponsoru hansısa kontor yox, bankdır”.

Əyalətdə çalışmağı özü üçün problem saymayan Yuran Zaqatalada futbolçularla birgə bazada qalacağını açıqlayıb. O, heyətə legioner cəlb edərkən ilk növbədə, onların yerlilərdən bir baş üstün olmasına diqqət yetirəcəyini deyib. Əcnəbilərin sayı isə 5-i keçməyəcək. Yeni baş məşqçi fiziki hazırlıqlı futbolçulara və qısa ötürmələrlə azarkeşlər üçün zövqlü oyuna üstünlük verəcəyini diqqətə çatdırıb: “Biz “vur-qaç” oynamayacağıq”.

Klubun icraçı direktoru Vaqif Əliyev məhz Sergey Yurana uzun məsləhətləşmələrdən və “Simurq”un Premyer Liqada qalacağı dəqiqləşəndən sonra üstünlük verdiklərini söyləyib. Əliyevin sözlərinə görə, Yuran qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ biləcək.

Bu yaxınlarda “Neftçi”nin baş məşqçisi Arif Əsədov Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” komandası ilə Zaqrebdə keçirdikləri görüş barədə danışarkən heyətdəki legionerlərdən narazılığını qeyri-adi formada çatdırıb: “Mən bu legionerləri “Simurq”, “Turan” kimi komandaları yenmək üçün gətirməmişəm. Belə komandalara qarşı özüm də bir ay məşq etsəm, oynaya bilərəm”. “Simurq”un yeni baş məşqçisi Əsədovun bu fikirlərinə hörmətlə yanaşdığını bildirməklə bərabər, belə açıqlamadan narazılığını da gizlətməyib: “Mən həmkarımın fikirlərini şərh etmək istəməzdim. Hər şeyi çempionatdakı oyunlarımız göstərəcək. Əgər onun belə arzusu varsa, buyursun futbol oynasın. Mən də vaxtilə futbolçu olmuşam. Amma indi baş məşqçiyəm. Bu o demək deyil ki, mən də çıxıb futbol oynamalıyam”.

Əliyev isə bir neçə ay öncə “Neftçi”nin indiki heyətini yoxlama matçında 2:0 hesabı ilə yendiklərini xatırladıb: “Bu gün hamımız “Neftçi”yə azarkeşlik edəcəyik. Arzu edirik ki, “Dinamo”nu yensinlər. Amma bunu bacarmasalar, Xorvatiya komandasının baş məşqçisi Krunoslav Yurçiç “Neftçi”ni aşağılamalıdır?”

Avropa kuboklarından söhbət düşmüşkən, Yuran “Neftçi” – “Dinamo” matçını izləməyə çalışacağını, lakin daha çox “Qarabağ”ın son 3 ildəki çıxışından razı qaldığını açıqlayıb. Onun fikrincə, yaxşı komanda yaratmaq üçün 3 il vaxt lazımdır. “Simurq”un yeni baş məşqçisi əvvəlki komandalarında hakimlərlə bağlı emosiyadan irəli gələn narazılıqlar bildirsə də, “heç vaxt onlarla müharibə etmədiyini” vurğulayıb.

Sonda “Simurq” rəhbərliyi ilə Sergey Yuran arasında rəsmi müqavilə imzalanıb. Müqavilənin maliyyə tərəfi açıqlanmayıb. Lakin Yuran söz verib ki, aldığı əmək haqqını müəyyən müddətdən sonra jurnalistlərə deyəcək. Hər halda o, Azərbaycanda ən çox qazanan məşqçilərdən olmadığını söyləyə bilib.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar