Ferqyuson 7 il əvvəl buraxdığı “cavanlıq səhvi”ni etiraf edib
15 iyul 2011 19:49 (UTC +04:00)

Ferqyuson 7 il əvvəl buraxdığı “cavanlıq səhvi”ni etiraf edib

Lent.az-ın “Tribalfootball.com”a istinadən verdiyi məlumata görə, şotlandiyalı mütəxəssis çexiyalı qapıçı Petr Çexin imkanlarını düzgün qiymətləndirmədiyini bildirib.

Həmin vaxt Çex Fransa “Renn”ində çıxış edirmiş. Ferqyuson qolkiperin oyununa baxdıqdan sonra onun çox gənc olduğu qənaətinə gəlib. Nəticədə “Mançester Yunayted” Çexi almayıb və qapıçı 2004-cü ilin yayında 22 yaşında ikən “Çelsi”yə 7 milyon funt sterlinqə keçib. Həmin vaxtdan o, “zadəganlar”ın əsas qolkiperi və öz ampluasında dünyanın ən yaxşı oyunçularındandır.

Ferqyusondan “Mançester Yunayted”in yeni qolkiperi David de Xeanın çox gənc olub-olmadığı soruşulduqda, Çexlə bağlı bu əhvalatı danışıb. Qocaman baş məşqçi deyib ki, Çex və de Xea kimi istedadlı qolkiperlərlə bağlı transfer məsələlərində yaşa əsas meyar kimi yanaşmaq olmaz.

Qeyd edək ki, 20 yaşlı David de Xea “Mançester Yunayted”ə iyunun sonlarında İspaniya “Atletiko”sundan keçib. Aleks Ferqyuson onu əsas qapıçı kimi görür və artıq karyerasını başa vurmuş hollandiyalı Edvin van der Sarı layiqincə əvəzləyəcəyini düşünür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar