Avropa Liqası: “Qarabağ” qələbəni əldən verdi, “Xəzər Lənkəran” ümidləndi
15 iyul 2011 10:50 (UTC +04:00)

Avropa Liqası: “Qarabağ” qələbəni əldən verdi, “Xəzər Lənkəran” ümidləndi

Futbol üzrə Avropa Liqasında II təsnifat mərhələsinin ilk görüşləri keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycan klublarından “Qarabağ” Farer adalarında “Streymur”un, “Xəzər Lənkəran” isə İsrailin “Makkabi” (Təl-Əviv) komandasının qonağı olub.

Komandalarımızdan heç biri qalib gələ bilməyib. Hərçənd, “Qarabağ” buna çox yaxın olub. 11-ci dəqiqədə Rauf Əliyev hesabı açdıqdan sonra ağdamlılar axırıncı dəqiqələrədək irəlidə olublar. Görüşün elə 1:0 hesabı ilə nəticələnəcəyi şübhə doğurmadığı bir vaxtda səhnəyə Arnborn Hansen çıxıb. Hansen hakimin əlavə etdiyi 4 dəqiqənin 3-cüsünün tamamında hesabı bərabərləşdirib. Bununla belə, “Qarabağ” iyulun 21-də Bakıda keçiriləcək cavab görüşü üçün böyük üstünlük əldə edib. Çünki təkrar qarşılaşmada baş məşqçi Qurban Qurbanovun komandasına qolsuz heç-heçə də kifayət edir.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Son dəqiqələrdə qol buraxmağımız yaxşı olmadı. Burada qələbə qazanmaq istəyirdik. Lakin alınmadı. Biz bu gün intizamlı bir komandaya qarşı oynayırdıq. Rəqibimiz yaxşı təsir bağışladı. Artıq Bakıdakı cavab oyunu haqda düşünürük. Komandaların şansını isə bərabər dəyərləndirirəm”.

Hedin Aksam (“Streymur”un baş məşqçisi): “Son dəqiqələrdə vurulan qol hər zaman komandaya əlavə güc verir. Lakin biz bilirik ki, bizə çətin olacaq. Əsasən də Bakıda. Eşitmişəm ki, Bakıda hava çox isti olur. Bu bizim üçün müəyyən çətinlik yaradacaq. Bununla belə, biz cavab görüşündə də, əbəs yerə mübarizə aparmadığımızı sübut edəcəyik”.

“Xəzər Lənkəran” isə böyük hesablı məğlubiyyətdən qurtulub. “Makkabi”nin 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada bütün qollar ilk yarıda vurulub. Əvvəlcə Lənkəran təmsilçisinin müdafiəçilərinin kobud səhvləri 22-ci dəqiqədə Mussa Konate, 39-cu dəqiqədə isə Eliran Atarın fərqlənməsi ilə nəticələnib. 44-cü dəqiqədə qeydə alınan 3-cü qol isə Kamran Ağayevin topu əlində saxlaya bilməməsi üzündən baş verib. İlk yarıya əlavə olunmuş dəqiqədə Andrey Mureşan standard vəziyyətdən fərqi azalda bilib. Fasilədən sonra hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib. Cavab görüşü Lənkəran şəhər mərkəzi stadionunda olacaq.

Mirça Rednik (“Xəzər Lənkəra”ın baş məşqçisi): “Nəticədən narazıyam. Lakin futbolçulardan bundan artığını gözləyə bilməzdim. Bəzi futbolçular hazırlıq dövründə 10 gün bizimlə oldular. “Makkabi” 3 qol vurdu, amma ilk və sonuncu qolu onlara hədiyyə etdik. İkinci hissədə daha yaxşı oynadıq. Hesabı dəyişmək üçün şansımız oldu. Fikrimcə, 1:3 hesablı məğlubiyyət pis nəticə deyil. Cavab oyununda vəziyyəti dəyişmək mümkündür. İndi futbolçuları tənqid etmək istəməzdim. Düzdü, bəziləri çox da yaxşı oynamadılar. Bütün komanda səhv buraxdı. Kamran Ağayevdən tutmuş Joao Paoloyadək. Növbəti oyun üçün 1 həftə vaxtımız var, hazırlaşıb lazımi nəticəni qazana bilərik. Vəziyyəti dəyişmək üçün gücümüz yetər”.

Moti İvanir (“Makkabi”nin baş məşqçisi): “Komandam birinci hissəni çox yaxşı oynadı. Fasiləyədək biz 3 qol vurduq. Amma bunu üçün komandamız çox çalışdı. Təəssüf ki, ilk yarının son dəqiqələrində qol buraxdıq. O qolu buraxmamalı idik. Lakin növbəti mərhələ şansımız var. 3 qol buraxmasına baxmayaraq, “Xəzər Lənkəran” yaxşı komandadır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar