Gürcüstan və Azərbaycan çempion(at)ları arasında səviyyə fərqi – TƏHLİL
14 iyul 2011 18:06 (UTC +04:00)

Gürcüstan və Azərbaycan çempion(at)ları arasında səviyyə fərqi – TƏHLİL

Lent.az-ın məlumatına görə, hər iki görüş böyük hesabla nəticələnib – 3:0.

Amma “Zestafoni” öz meydançasında qalib gəldiyi halda, “Neftçi” səfərdə uduzub. Əlbəttə, “Daçiya” ilə “Dinamo”nu bərabər səviyyəli komandalar saymaq çətindir. Elə “Neftçi”dən fərqli olaraq, “Zestafoni”nin “doğma divarlar” arasında oynadığını da qeyd etməliyik. Amma bununla komandamıza haqq qazandırmaq qeyri-mümkündür.

Hələ “Neftçi” ilə oyundan öncə “Dinamo”nun baş məşqçisi Krunoslav Yurçiçin belə bir açıqlaması diqqət çəkmişdi: “Rəqibimiz gənc oyunçular yetişdirmir. Onların bir məqsədi var – nəticə əldə etmək”.

“Neftçi”nin baş məşqçisi Arif Əsədov “Dinamo” ilə matçda Cavid İmamverdiyev, Tərlan Quliyev, Ruslan Əmircanov, Mirhüseyn Seyidov kimi gənc futbolçuları ehtiyat oyunçular skamyasında oturtmuşdu. İmamverdiyev son 13 dəqiqəni meydanda keçirə bildi. Qalanları Əsədovun yanından tərpənmədilər. Əsas heyətdə isə cəmi 3 yerli oyunçu – Rail Məlikov, Ruslan Abışov və Rəşad Abdullayev yer almışdı. İlk yarının axırlarında Cavid Hüseynov meydançaya daxil olduqdan sonra onların sayı 4-ə çatdı. Qalan oyunçulardan 4-ü – Denis Silva, Rodriginyo, Flavinyo və Alessandro braziliyalı, 2-si – İqor Mitreski və Slavço Georgiyevski makedoniyalı, qapıçı Saşa Stamenkoviç serbiyalı, hücumçu Emil Mpenza isə belçikalı idi.

İndi isə “Zestafoni”nin “Daçiya” ilə oyun üçün açıqlanan 18 nəfərlik heyətinə diqqət yetirək: bütün oyunçuları gürcüdürlər, heyətlərində bir dənə də legioner yoxdur. Futbolçularından 3-ü yaxın keçmişdə Azərbaycan Premyer Liqasında çıxış edib. Teymuraz Qonqadze “Simurq”un, kapitan Tornike Aptsiauri və ehtiyat qapıçı Zurab Mamaladze “Qəbələ”nin formasını geyinib.

Azərbaycan və Gürcüstan çempionları arasındakı əsas səviyyə fərqi bundadır. Amma “Zestafoni” yalnız gürcülərin köməyi ilə Moldova çempionlarını darmadağın edir. “Neftçi” isə 1 cüt, 1 tək azərbaycanlı, qalanları isə səviyyəli sayılan əcnəbilərlə darmadağın olur. Bu, bir reallıqdır.

Fərq təkcə iki ölkənin çempionlarının səviyyəsində deyil. Çempion olmaq üçün çempionatın qalibi olmalısan. Demək, Azərbaycan Premyer Liqası Gürcüstan birinciliyindən də səviyyəcə aşağıdır. Buna inanmayanlara daha bir fakt xatırlada bilərik: Gürcüstan klubları - “Dinamo” (Tbilisi) və “Metallurq” (Rustavi) I təsnifat mərhələsini uğurla adladıqları halda, artıq Azərbaycan təmsilçilərindən AZAL turnirlə erkən vidalaşıb. Həm də “Dinamo” yalnız braziliyalı Robertinyo istisna olmaqla, “Metallurq” isə büsbütün gürcülərdən ibarət olub. “Dinamo”nun heyətində əvvəllər Premyer Liqada çıxış etmiş Qoqa Beraya (“Qarabağ”, “Gəncə”, “Qəbələ”), David Odikadze (“İnter”), “Metallurq”da isə Revaz Getsadze (“Olimpik-Şüvəlan”), Mixail Maxviladze (“Simurq”) və Sergi Orbeladze (“Standard”) oynayıb.

AZAL-da isə Belarus “Minsk”i ilə cavab görüşündə əsas heyətdə azərbaycanlı futbolçu qismində qapıçı Cahangir Həsənzadə, kapitan Aqil Nəbiyev, eləcə də Tərlan Xəlilovla Hüseyn Axundov yer alıb. Qırmızı vərəqə alan Usim Nduka milliləşdirilmiş nigeriyalı, Robert Petrov makedoniyalı, Nuqzar Kvirtiya gürcü, Zohair Benuahi mərakeşli, Viktor İbekoyi nigeriyalı, Mənsur Limani albaniyalı, Enyo Krastovçev bolqarıstanlıdır.

Ötən mövsüm Azərbaycan Premyer Liqasında 12, Gürcüstan çempionatında 10 klub mübarizə aparıb. “Neftçi” 32 oyundan 67, “Zestafoni” 34 oyundan 75 xalla çempion olub. “Neftçi” ən yaxın rəqiblərindən “Xəzər Lənkəran”ı 7, “Qarabağ”ı 9, “Zestafoni” isə ikinci yerdəki Tiflis “Dinamo”sunu 6, üçüncü pillədəki “Olimpi”ni 15 xal qabaqlayıb. Azərbaycanda əsas heyətdə 8 legioner oynatmaq mümkün olduğu halda, Gürcüstanda komandaların heyəti demək olar ki, yerlilərdən ibarətdir. Belə nəticə hasil olur: çempionatın səviyyəsi komanda sayının çoxluğu, çempionluq uğrunda 4-5 komandanın mübarizə aparması və ya legioner axını ilə yox, elə komandaların özlərinin oyun səviyyəsi ilə ölçülür.

Oyun yoxdursa, nəticə də olmayacaq...

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629

Oxşar yazılar