Çempionlar Liqası: “Neftçi” darmadağın oldu, Arif Əsədov “yaxşı oynadıq” dedi
14 iyul 2011 11:15 (UTC +04:00)

Çempionlar Liqası: “Neftçi” darmadağın oldu, Arif Əsədov “yaxşı oynadıq” dedi

Lent.az-ın məlumatına görə, Azərbaycanın turnirdə yeganə təmsilçisi “Neftçi” Xorvatiyanın paytaxtı Zaqrebdə “Dinamo” ilə keçirdiyi görüşdə darmadağın olub.

“Maksimir” stadionunda baş tutan qarşılaşmada meydan sahibləri flaqmanın qapısından 3 cavabsız top keçiriblər. 37-ci dəqiqədə Milan Badel hesabı açıb. İkinci hissə başlayan kimi İvan Krstanoviç fərqi artırıb. 65-ci dəqiqədə isə Krstanoviç penaltini dəqiq yerinə yetirib.

Qarşılaşmanın ardından təşkil olunan mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Arif Əsədov komandasının yaxşı oynadığını iddia edib. O bildirib ki, hazırkı “Neftçi”dən fərqli olaraq, “Dinamo”nun avrokuboklarda böyük təcrübəsi var. Gənc mütəxəssis qapılarında gördükləri qolları belə şərh edib: “Buraxdığımız bütün qollar ən sadə vəziyyətlərdən vuruldu. İlk və son qolları mübahisəli sayıram. İlk qolda “ofsayd” ola bilər. Üçüncü qolda isə penaltinin təmizliyinə şübhə edirəm. Üstəlik, əminəm ki, “Dinamo”nun oyunçusu simulyasiyaya yol verdi”.

Əsədov cavab görüşündə sonadək vuruşacaqlarını əlavə edib: “Təəssüf ki, biz əldə etdiyimiz imkanları dəyərləndirə bilmədik. Şanslarımızı qorumaq üçün bir qol vurmağımız lazım idi. Lakin hələ cavab görüşümüz var. “Neftçi” sonadək vuruşacaq”.

“Dinamo”nun baş məşqçisi Krunoslav Yurçiç isə istədikləri nəticəyə nail olduqlarını bildirib. O, Bakıya sakit yollanacaqlarını desə də, arxayın getməyəcəklərini bildirib: "Biz maksimum sayda məsələni “Maksimir” stadionunda həll etmək istəyirdik. Məncə, istəyimizə nail olduq. Bu, əla nəticədir. Bakıya sakit gedirik. Amma arxayın yox”.

Qeyd edək ki, cavab görüşü iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Günün daha 10 matçında qeydə alınan nəticələr:

13 iyul

“Zestafoni” (Gürcüstan) – “Daçiya” (Moldova) – 3:0

“Malmö” (İsveç) – “Torshavn” (Farer adaları) – 2:0

“Makkabi” (Hayfa, İsrail) – “Borats” (Bosniya və Herseqovina) – 5:1

“Banqor Siti” (Uels) - HİK (Finlandiya) – 0:3

“Skenderbü” (Albaniya) - APOEL (Kipr) – 0:2

“Şturm” (Avstriya) – “Videoton” (Macarıstan) – 2:0

“Skonto” (Latviya) – “Visla” (Polşa) – 0:1

“Partizan” (Serbiya) – “Skendiya” (Makedoniya) – 4:0

“Rusenborq” (Norveç) – “Braydablik” (İslandiya) – 5:0

“Linfild” (Şimali İrlandiya) - BATE (Belarus) – 1:1
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar