Çempionlar Liqası: “Neftçi” Avropada nəyə qadir olduğunu göstərməlidir
13 iyul 2011 19:30 (UTC +04:00)

Çempionlar Liqası: “Neftçi” Avropada nəyə qadir olduğunu göstərməlidir

Lent.az-ın məlumatına görə, “Maksimir” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Fransalı referi Antoni Qotyeyə həmyerliləri Mixael Annonier, Kristof Kapelli və Ruddi Buke yardımçı olacaqlar. Qarşılaşma “Space” telekanalı vasitəsilə canlı yayımlanacaq.

“Neftçi” oyun öncəsi Türkiyə və Avstriyada təlim-məşq toplantısı keçib. Flaqman yayda heyətinə cəmi bir futbolçu dəvət edib ki, o da serbiyalı qapıçı Saşa Stamenkoviçdir. Oyuna 2 gün qalmış Xorvatiya paytaxtına yollanan “ağ-qaralar”ın heyətində itki yoxdur. Bu matç Azərbaycan çempionu üçün Avropada nəyə qadir olduğunu göstərmək baxımından xüsusi önəmə malikdir. Çünki rəqib qitə miqyasında uğurlu çıxışı ilə tanınır və belə komandanı keçmək “Neftçi” üçün həqiqətən də böyük uğur kimi dəyərləndirilə bilər.

“Dinamo” isə oyuna Sloveniyada hazırlaşıb. Zaqreb təmsilçisi hətta hazırlıq prosesi çərçivəsində “Bakı” klubu ilə də üz-üzə gəlib və qələbə qazanıb – 2:0. 2007-2008-ci il mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində Azərbaycanın daha bir klubu “Xəzər Lənkəran”ı mübarizədən kənarlaşdırmış zaqreblilər bu dəfə də qələbəyə iddialıdırlar. Meydan sahibləri oyuna itki ilə çıxacaqlar. Müdafiəçi Leandro Kufre zədə üzündən meydançaya çıxmayacaq. Bu mövqedə onu Domaqoy Vida əvəzləyəcək.

“Dinamo” – “Neftçi” matçı öncəsi hər iki komanda üzvlərinin iştirakı ilə mətbuat konfransı təşkil olunub. Zaqreblilərin baş məşqçisi Krunoslav Yurçiç flaqmanı ciddi rəqib kimi dəyərləndirsə də, “quru” hesabla qalib gəlmək üçün oynayacaqlarını söyləyib: “Ötən mövsüm ərzində “Neftçi” demək olar ki, eyni heyətlə mübarizə aparıb. Yay transfer “pəncərə”sində isə cəmi bir qapıçı alıblar. Bu da ondan xəbər verir ki, komanda oturmuş heyətə malikdir. Onların bir məqsədi olacaq - qol vurmaq. Rəqibə hörmət edirik. Lakin bu oyunda üstünlük bizim tərəfimizdə olacaq. Doğma meydandakı matçda qol buraxmadan böyük hesabla qələbə qazanmaq istəyirik”.

“Dinamo”nun kapitanı Milan Badel isə bildirib ki, “Neftçi”nin nəyə qadir olmasından məlumatlıdırlar: “Biz bu oyunun vacibliyini yaxşı bilirik və böyük həyəcanla matçın başlamasını gözləyirik. Onların üstün cəhətlərini və nəyə qadir olduqlarını bilirik. Rəqibin gücü məlumdur. Düzdür, onlara yuxarıdan aşağı baxmaq olmaz. Ancaq bu günkü oyunun favoriti bizik. Mən belə düşünürəm ki, stadionu dolduracaq azarkeşlərin də köməyilə qələbə qazana bilərik”.

Tonel isə “Neftçi”nin heyətindəki 4 braziliyalı futbolçu – Denis Silva, Alessandro Viana da Silva, Flavinyo və Rodriqinyodan ehtiyatlanmalı olduqlarını bildirib. Onun fikrincə, əks halda problemlərlə üzləşəcəklər. Lakin portuqaliyalı futbolçu azarkeş dəstəyi sayəsində qələbə qazanacaqlarına inanır: “Stadionda boş oturacaq görməkdən yorulmuşam. İnanıram ki, “Neftçi” ilə oyunda “Maksimir” stadionu tamamilə dolu olacaq. Hər kəs bizdən qələbə gözləyir. Lakin “Neftçi” də zəif rəqib deyil. Bununla belə, biz rəqibi yaxşı öyrənmişik və istənilən halda ilk mərhələni uğurla adlamalıyıq".

“Neftçi”nin baş məşqçisi Arif Əsədov isə səfərdən sərfəli nəticə ilə qayıtmaq istədiklərini bildirib: “Rəqibimiz böyük və güclü komandadır. Amma qarşıya qoyulan məqsədə çətinliklərə baxmayaraq nail olunur. Matça hazırlaşmaq üçün çox vaxtımız oldu. “Dinamo”ya qarşı necə oynayacağımızı bilirik. Əsas məqsədimiz bu oyundan sərfəli nəticə ilə ayrılmaqdır. Əgər futbolçularım oyuna tam köklənə bilsələr, lazımı nəticəni təmin edə bilərik”.

Makedoniyalı müdafiəçi İqor Mitreski “Dinamo”nu “Neftçi” üçün arzuolunmaz komanda kimi dəyərləndirsə də, buna görə narahatlığa gərək olmadığını söyləyib. “Dinamo”ya hörmət etdiklərini söyləyən təcrübəli futbolçu rəqibdən çəkinmədiklərini bildirib: “Bu günkü oyunda əsas məqsədimiz yaxşı nəticə, ən azı heç-heçə əldə etmək olacaq. Bilirik ki, bu, elə də asan olmayacaq. Ancaq rəqibə qarşı hücum futbolu oynayacağıq”.

Flaqvinyo isə oyuna tam hazır olduqlarını bidlrib. Braziliyalı yarımmüdafiəçi “Dinamo”nu birgə analiz etdiklərini və belə böyük komandanı yenməyin şərəfli iş olduğunu açıqlayıb. O, rəqibə qalib gəlmək üçün əllərindən gələni əsirgəməyəcəklərinə söz verib: “Avstriyada yüksək səviyyədə hazırlıq keçmişik. Oranın iqlimi yaxşı olduğundan, təlim-məşq toplanışı ürəyimizcə oldu. Üstəlik, çox faydalı yoxlama görüşləri də keçirmişik. Bu günkü oyuna tam hazırıq”.

Qeyd edək ki, cavab görüşü iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571

Oxşar yazılar