“Fənərbaxça” prezidenti həbs edildi
11 iyul 2011 10:18 (UTC +04:00)

“Fənərbaxça” prezidenti həbs edildi

Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, 7 gündür ki, danışılmış oyunlarla bağlı polis tərəfindən saxlanılan “Fənərbaxça” prezidenti bazar günü saat 21:30 radələrindən başlayaraq İstanbul XIV Ağır Cəza Məhkəməsində 5 saat ifadə verib.

Əziz Yıldırım ifadə verən zaman səhhəti 2 dəfə pisləşdiyi üçün fasilə verilərək həkim çağırılıb. İfadə başa çatdıqdan sonra məhkəmə onun həbsi barədə qərar çıxarıb.

Əziz Yıldırım “Metris” həbsxanasına yerləşdirilib. O, həbsxanaya aparılarkən polis və “Fənərbaxça” tərəfdarları arasında gərginlik yaşanıb. Olay zamanı 1 mətbuat təmsilçisi yaralanıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da məhkəmənin qərarına münasibətini açıqlayıb. Məhkəmənin qərarı haqqında şərh verməyi doğru saymayan Rəcəb Tayyib Ərdoğan “Fənərbaxça” tərəfdarlarını səbirli olmağa çağırıb: “Mən də “Fənərbaxça” tərəfdarıyam. Hər birimiz qərarı səbirlə qarşılamalıyıq. Əziz Yıldırımın vəkilləri etirazlarını bildirəcəklər. Bu dövr gözlənilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar