Lionel Messi: “Son 20 gün dəhşətli oldu”
13 iyun 2011 22:30 (UTC +04:00)

Lionel Messi: “Son 20 gün dəhşətli oldu”

Lent.az-ın məlumatına görə, Messi “Sport” qəzetinə müsahibəsində əvvəlcə ötən mövsüm barədə fikirlərini bildirib.

O, 2010-2011-ci il mövsümünün çətin alındığını gizlətməyib: “Biz çox şeyə nail olduq. Düzdür, son 20 gün psixoloji baxımdan dəhşətli alındı. Artıq indi hamı sakitləşib və kimisi məzuniyyət, kimisi də qarşıdakı Amerika Kuboku barədə düşünür”.

Messinin fikrincə, “Barsa” gələcəkdə də titulları sıralasa, o, özünü xoşbəxt hiss edəcək. Argentinalı hücumçu komanda şəklində uğurları daha önəmli saydığını vurğulayıb. “Real Madrid”lə 17 gün ərzində baş tutan 4 qarşılaşma barədə danışan forvard əsəb gərginliyinin inanılmaz dərəcədə olduğunu söyləyib: “Amma hər şey yaxşı qurtardı. Düzdür, biz çox istədiyimiz Kral Kubokunu qazana bilmədik. Lakin bu uğursuzluğa baxmayaraq, biz İspaniya çempionatı və Çempionlar Liqasında inanılmaz uğur əldə etdik”.

Messi bildirib ki, “Real Madrid”in baş məşqçisi Joze Mourinyo “Barselona”nın öhdəsindən gəlməyi bacardığını dəfələrlə nümayiş etdirib. Onun fikrincə, “Barsa”nın uğurunun əsas sirri meydançaya hansı hədəf və arzu ilə çıxmasındadır. Ulduz futbolçu baş məşqçi Xosep Qvardiolanın əməyini yüksək qiymətləndirərək, ona minnətdarlıq edib.

Qeyd edək ki, Lionel Messi iyulun 1-də start götürəcək Amerika Kubokunda Argentina yığmasının heyətində çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501

Oxşar yazılar