Bakıdakı olimpiya təsnifat turnirində döyüşəcək taekvondoçularımız açıqlandı
07 iyun 2011 15:46 (UTC +04:00)

Bakıdakı olimpiya təsnifat turnirində döyüşəcək taekvondoçularımız açıqlandı

İyunun 30-da Bakıda start götürəcək taekvondo üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya təsnifat turniri üçün Azərbaycan yığmasının heyəti açıqlanıb. Bu haqda Lent.az-a Azərbaycan milli komandasının baş məşqçisi Ələkbər İmaməliyev məlumat verib.

Onun sözlərinə görə, dörd gün davam edəcək nüfuzlu yarışda ölkəmizi 2 kişi, 2 qadın idmançı təmsil edəcək. Elvin Məmmədov (68 kq) və Ramin Əzizov (80 kq) kişilərin, Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67 kq) qadınların mübarizəsinə qatılacaq. Hazırda Qusar Olimpiya Kompleksində təlim-məşq toplantısında olan komandamız iyunun 24-də Bakıya qayıdacaq və hazırlığı paytaxtda davam etdirəcək.

İmaməliyev bildirib ki, dünya təsnifat turnirində millimizin qarşısına olimpiadaya 4 mümkün lisenziyanın hamısını qazanmaq məqsədi qoyulub.

Qeyd edək ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək turnirdə hər çəkidə ilk 3 pillənin sahibləri London olimpiadasına lisenziya qazanacaqlar.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393

Oxşar yazılar