“Bu uğuru azarkeşlərimizə ərməğan edirik” – MÜSAHİBƏ
16 may 2011 13:42 (UTC +04:00)

“Bu uğuru azarkeşlərimizə ərməğan edirik” – MÜSAHİBƏ

- “FA of Moldova Cup” turnirini, ümumilikdə, necə xarakterizə edərdiniz?

- İlk oyunumuzu Litva yığmasına qarşı keçirdik. Qarşılaşmanın gedişində hesabda geri düşsək də, iki qol vuraraq qələbə qazanmağı bacardıq. Rumıniya ilə keçirdiyimiz oyuna istədiyimiz kimi başlaya bilmədik. Fasilədən sonra azlıqda qalmağımız oyun sistemimizi pozdu. Bununla belə, uşaqlar sona qədər mübarizə apardı və nəticədə heç-heçə qeydə alındı. Sonuncu oyunumuzu təşkilatçı ölkənin komandasına – Moldova yığmasına qarşı keçirdik. Digər qarşılaşmanın nəticəsini əvvəlcədən bildiyimiz üçün risk etməməyi qərara aldıq. Əsas istəyimiz rəqibi qapımıza yaxın buraxmamaq idi. Uşaqlar bu tapşırığın öhdəsindən lazımınca gəldilər və bizi qane edən nəticəni qazanaraq turnirin qalibi olduq.

- Rəhbərlik etdiyiniz komanda qısa vaxt ərzində artıq ikinci turnirin qalibi oldu…

- Bu, çox sevindirici haldır. Belə turnirlərin təşkili futbolçuların oyun təcrübəsini artırmaqla yanaşı, onların dünyagörüşünün formalaşmasına da müsbət təsir göstərir. Qazaxıstanda qazandığımız qələbəni Azərbaycan futbolunun 100 illik yubileyinə həsr etmişdik, bu uğuru isə azarkeşlərimizə ərməğan edirik. Qələbə münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm.

- Razı qalmadığınız məqamlar oldumu?

- Qazaxıstanda keçirilən “Prezident kuboku” turnirindəki oyunlarla müqayisədə burada yaratdığımız qol imkanlarından az istifadə edə bildik. Orada oyunların hamısını süni örtüklü meydançada keçirmişdik. Kişinyovdakı qarşılaşmaların hamısı isə təbii ot örtüklü stadionlarda oynanıldı. Bu amil də komandanın çıxışına öz təsirini göstərdi. Hücumçularımızdan Namiq Ələsgərov uzun müddətdir zədəlidir. Ümid edirəm ki, o, komandaya qayıtdıqdan sonra hücum xəttində daha aktiv çıxış edəcəyik.

- Komandanın növbəti hazırlıq planları necədir?

- Mayın 22-nə qədər Kişinyovda təlim-məşq toplanışını davam etdirəcəyik. Burada olduğumuz müddətdə bir yoxlama oyunu keçirməyi planlaşdırırıq. Moldova çempionatında mübarizə aparan klublardan birinin əvəzedici komandası ilə görüşəcəyik. Mayın 24-də və 26-da Serbiyanın 17 yaşadək futbolçularından ibarət yığması ilə yoxlama oyunu keçirəcəyik. İyunun 9-dan 17-ə qədər Bakıda təşkil olunacaq “Caspian Cup” turnirində çıxış edəcəyik.

- Seleksiya işləri davam edəcəkmi?

- Hər toplanışda millinin düşərgəsinə həm ölkə daxilində, həm də xaricdə çıxış edən futbolçuları dəvət edirik. Bu proses davamlı olacaq.

- Oktyabrda Xorvatiyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə komandanı nə dərəcədə hazır saymaq olar?

- Bu barədə danışmaq hələ tezdir. Biz Xorvatiyaya tam hazır şəkildə yollanmaq istəyirik. Bu səbəbdən komandada görüləcək işlər çoxdur. Qrupumuzda yer alan Xorvatiya, Ukrayna və Belçika yığmaları səviyyə etibarilə bir-birinə yaxındırlar. Var qüvvəmizlə çalışıb növbəti mərhələyə adlamaq istəyirik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar