“Orada güllə səsləri eşidilir, biz isə burada futbol oynayırıq”
10 may 2011 17:05 (UTC +04:00)

“Orada güllə səsləri eşidilir, biz isə burada futbol oynayırıq”

“Quzanlıda futbol bayramlarının keçirilməsi təkcə mənim deyil, bütün Qarabağ camaatının istəyidir. Həmişə rayon əhalisi ilə görüş zamanı onlar “Qarabağ”ın oyunlarını canlı izləmək istədiklərini bildirirdilər. Düşünürəm ki, başı bəlalar çəkmiş Qarabağ camaatına bundan böyük hədiyyə ola bilməz”. Lent.az-ın məlumatına görə, bu fikirləri 1975-1979-cu illərdə “Neftçi”nin şərəfini qorumuş Elbrus Abbasov Unibank Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Neftçi” oyununun Quzanlıda keçirilməsi barədə qərara şərh verərkən deyib.

Abbasov klubun rəsmi saytına açıqlamasında veteran futbolçuların səsinə “Neftçi”nin səs verdiyini söyləyib: “Başda klub prezidenti Sadıq Sadıqov olmaqla “Neftçi” klubuna dərin minnətdarlığımı bildirirəm. Quzanlıda oynamaq ideyası ortaya çıxan kimi “Neftçi”nin prezidenti Sadıq Sadıqov dərhal buna razılıq verdi. Bu, hər kəsə örnək olmalıdır. Bir daha “Nefçi”ni bu addımına və vaxtından əvvəl çempion olduğuna görə təbrik edirəm. Onlara və digər klublarımıza Avropa arenasında uğurlar arzulayıram”.

Abbasov Ağdamın Quzanlı qəsəbəsində futbol matçının keçirilməsinin əhəmiyyətindən də danışıb. O bildirib ki, Qarabağda futbolu çox sevirlər, orada futbol üçün darıxıblar: “Ağdamda oynamaq hər cəhətdən vacibdir. “Qarabağ” ev oyunlarını burada keçirəndə Quzanlı Olimpiya İdman Kompleksinin tribunaları dolu olur. Əhali doğma klubunun oyununu izləmək üçün rayonun hər yerindən bura axışır. Bu həm də siyasi bir məsələdir. Düşmən bizdən cəmi 200 metr aralıdadır. Orada güllə səsləri eşidilir. Biz isə burada futbol oynayırıq. Qarabağı “Qarabağ”sız qoymaq olmaz. Quzanlı stadionunun öt örtüyü ideal vəziyyətdədir. İdman Kompleksində hər cür şərait yaradılıb. Komandaların bura gəlməsində heç bir problem yaşana bilməz. Mən özüm artıq bir müddətdir ki, Ağdamda yaşayıram. Burada çox istedadlı uşaqlar var. Hazırda onları bir yerə toplayıb məşq keçirəm. İnşallah, gələcəkdə onların içindən layiqli futbolçular çıxacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar