Arif Əsədov: “Başqa klublardan fərqimiz ondadır ki...” - MÜSAHİBƏ
02 may 2011 19:18 (UTC +04:00)

Arif Əsədov: “Başqa klublardan fərqimiz ondadır ki...” - MÜSAHİBƏ

- 1999-2000-ci il mövsümündən sonra ilk dəfə çempionluğu sona 3 tur qalmış təmin etdiniz. Bu baxımdan, qızıl medalların “Neftçi”yə asan başa gəldiyini düşünmürsünüz?

- Biz çempionluğa doğru çətin yol keçdik. Amma çempionluğun asanlıqla başa gəlməsi “Neftçi”nin mövsüm ərzində sərgilədiyi sabit oyundan irəli gəlir. Xüsusən, mövsümün ikinci yarısına hazırlıq prosesi və sabit oyun nümayiş etdirməyimiz bizə ilk “6-lıq”da rahat oynayacağımıza inam verdi. “6-lıq”da hər oyunda qazanılan qələbə 6 xala bərabər idi. Rəqiblərin xal itkisi isə komandamızın ən yaxın izləyiciləri ilə fərqi artırmasına səbəb olurdu. Bu strateji planla biz işimizi gördük. Maksimal xal toplamaqla və rəqiblərin qeyri-stabil oyunu ilə deyərdim ki, rahat çempionluq qazandıq. Düzdür, çox çətin, gərgin oyunlarımız da oldu. Lakin “Neftçi”nin bir baş güclü olması hesabına qələbələr qazandıq. Çoxları deyirdi ki, final mərhələsində eyni güclü komandalardır, flaqmanın gücü orada üzə çıxacaq. Lakin bu mərhələdə də “Neftçi”nin oyunu və göstərdiyi nəticələr göz qabağındadır. Yəni, bütün statistik göstəricilərdə biz rəqiblərimizi üstələdik. Çempionatın əvvəlindən indiyədək hər şey komandamızın gücünü göstərir.

- Mövsüm ərzində sizin üçün ən arzuolunmaz komanda hansı idi?

- Çətin oyunlarımız çox oldu. Məsələn, AZAL, “Qarabağ” və “Xəzər Lənkəran”la görüşlərimiz ağır keçdi. “Neftçi”yə qarşı hər bir komandanın hansı motivasiya ilə çıxdığı göz qabağında idi.

- “Neftçi” çempion olsa da, ən prinsipial rəqibi “Xəzər Lənkəran”ı yenə bilməyib. Premyer Liqada son oyununuzu məhz Lənkəran komandasına qarşı keçirəcəksiniz. Qızıl medalları təmin etdikdən sonra mayın 18-də keçirəcəyiniz oyunun əvvəlki əhəmiyyəti qalır, yoxsa artıq arxayın çıxacaqsınız?

- Yenə deyirəm, statistik baxımdan, “Neftçi” mövsüm ərzində stabil oyun və stabil heyətə malik olub. “Xəzər Lənkəran”la oyunadək “İnter” və “Qarabağ”la görüşlərimiz də var. Lənkəran komandası ilə çempionat oyunlarında son dəqiqə qolları ilə uduzmuş və ya qələbəni əldən vermişik. Amma biz daha üstün oyun sərgiləmişik. Qarşıda bir matçımız da var. “Xəzər Lənkəran” şanslarından yararlana bilmədi. Stabil oyun nümayiş etdirməyərək, xallar itirdi. Amma bizim stabil oyunumuz sonda çempionluğa çıxardı. Bizim üçün əsas məsələ çempionluqdur. Amma o prinsipiallıq “Xəzər Lənkəran”la son oyunumuzda da olacaq. Qarşıdakı 3 oyunun hamısına eyni məsuliyyətlə yanaşacağıq. Əlbəttə, heyətdə dəyişikliklər olacaq. Müəyyən futbolçulara şans verəcəyik. Çünki heyətimizdəki 25 futbolçunun hamısına eyni gözlə yanaşıram.

- AZAL-la oyundan sonrakı mətbuat konfransında demisiniz ki, qarşıdakı turlarda gənclərə şans verəcəksiniz...

- Düzdür, gənclərdən də istifadə edəcəyik. Çünki onlar da alışıb-yanırlar, oynamaq istəyirlər. O gəncləri sınaqdan çıxarmışıq. Qoy qarşıdakı turlarda bərkisinlər, açılışsınlar, özlərini sübut etsinlər, göstərsinlər.

- Müqavilə müddəti başa çatan və icarəyə götürdüyünüz futbolçuların taleyinə aydınlıq gəlib? Ümumiyyətlə, yay transfer dövründə komandanızda hansı dəyişikliklər gözlənilir?

- Elə bir dəyişiklik olmayacaq. Artıq stabil heyətimiz var. Bir-iki əlavə ola bilər. Futbolçularımızın demək olar ki, hamısı ilə müqavilələrimiz qüvvədədir. “Neftçi”də icarədə olan Flavinyo və Bahodir Nasimovun da məsələləri həll olunmaq üzrədir. Qarşıdakı 3 oyundan sonra fikrimizi Çempionlar Liqasına yönəldəcəyik. Hazırda isə “İnter”, “Qarabağ” və “Xəzər Lənkəran”la oyunlarımızı düşünürük.

- Flavinyo və Nasimovun məsələlərinin həll edilmək üzrə olduğunu dedikdə, nəyi nəzərdə tutursunuz?

- Onların komandada saxlanılmaları istiqamətində danışıqlar rəhbərlik səviyyəsində aparılır. Yaxın zamanlarda bu məsələlərə aydınlıq gələcək. Çalışacağıq ki, hazırkı heyətimizi qoruyub saxlayaq.

- Elə klublarımız var ki, futbolçuları sərfəli maliyyə şərtləri ilə öz sıralarına qatırlar. Bu baxımdan, “Neftçi”dən qopmaların olması gözlənilmir?

- Hazırda elə bir şey yoxdur. Amma bir məsələni qeyd etməliyəm: Futbolçu “Neftçi”ni sevib oynamalıdır. Təkcə pulu düşünməməlidir. Başqa klublardan fərqimiz bundadır. Kollektivdə hər zaman “Neftçi”ni sevən, qələbəyə can atan futbolçular yer almalıdır. Çünki bu komandadan hər zaman qələbə tələb olunur.

- Bəs öz müqavilənizin artırılması gündəmdə deyil?

- “Neftçi” ilə müqavilə mənim üçün önəmli deyil. Müqaviləsiz də işləyə bilərəm. “Neftçi” mənə doğma komandadır.

- Yəni, boş müqaviləyə qol çəkmisiniz?

- Təbii ki, müqaviləm var. Lakin bu sənəd mənim üçün önəmli deyil.

- Amma bizə maraqlıdır...

- “Neftçi” ilə 2 illik müqavilə bağlamışdım. Anlaşmamın bir ili başa çatır. Qarşıda daha bir il var.

- Hazırkı heyətlə “Neftçi” Avropa kuboklarında nəyə ümid edə bilər?

- Hesab edirəm ki, stabil heyətimiz var. Təcrübəli yerli və əcnəbi, eləcə də gənc futbolçularımız arasında balansı qoruyub saxlamışıq. Oyundan-oyuna artırırıq, gənc futbolçularımız da yetişir, daha da püxtələşir. Amma bir-iki mövqeyimiz var ki, Avropa kuboklarını nəzərə alaraq, gücləndirəcəyik.

- Hansı mövqeləri nəzərdə tutursunuz?

- Bunu deməyəcəyəm. Hələ tezdir. Qarşıda oyunlarımız var. İnşallah, mövsümü və axtarışlarımızı tamamladıqdan sonra biləcəksiniz.

- Son oyunlarınızda hücumçu sarıdan problemlər hiss edirdiniz...

- Mən belə düşünmürəm. Hücumçu problemi zədə ilə əlaqədar idi. Hamı hücumçuya ehtiyacımızın olduğunu deyirdi. Amma mən bildirirdim ki, Emil Mpenza kimi hücumçumuz var. Zədəsini sağaltdıqdan sonra Bahodir Nasimov və Flavinyo ilə birgə özlərini göstərməyə başladı. Yəni, bizdə hücumçu sarıdan problem olmayıb. Bu gün 52 top vurmuşuqsa, deməli, “Neftçi”nin hücum potensialı yaxşıdır.

- Siz futbolçu və əvəzedici heyətin baş məşqçisi kimi də “Neftçi”də çempionluq sevinci yaşamısınız. Bu çempionluqlardan hansı Sizin üçün daha dəyərlidir?

- Bu çempionluqların hamısı mənim üçün əzizdir. Deməzdim ki, əvəzedici heyətlə qazandığım çempionluq digərlərindən daha az dəyərə malikdir. Əksinə, həmin çempionluq mənim baş məşqçi karyeramda ilk böyük uğurum idi. Həmin əvəzedici heyətdən yetişən 7-8 futbolçu bu gün əsas komandada çıxış edir. Çoxları deyir ki, Arif Əsədov təcrübəsizdir. Amma 19 yaşlılardan ibarət Azərbaycan yığması və “Neftçi”nin əvəzedici komandasında çalışmağın özü böyük təcrübədir. Bu komandalarla işləmək daha çətindir, nəinki əsas komandaya rəhbərlik etmək. O mənada ki, həmin futbolçuları hazırlamaq, onları sağlam ruhda, qələbə ruhunda yetişdirmək çox böyük işdir.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551

Oxşar yazılar