“Dünyanın aparıcı tennisçiləri “US-Open”ə Bakıda hazırıq keçəcəklər” - MÜSAHİBƏ
29 aprel 2011 18:23 (UTC +04:00)

“Dünyanın aparıcı tennisçiləri “US-Open”ə Bakıda hazırıq keçəcəklər” - MÜSAHİBƏ

- İyulun 18-dən 24-dək Azərbaycan paytaxtında keçiriləcək “Baku Cup-2011” turniri nə dərəcədə əhəmiyyətli yarış olacaq?

- Bu, nəinki ölkəmizdə, hətta regionda keçirilən ilk böyük turnir olacaq. Qadın Tennisçilər Assosiasiyasının peşəkarlar arasında təşkil edəcəyi turnirə dünyanın ən məşhur tennisçiləri qatılacaqlar. O cümlədən, 3 nömrəli tennisçi Vera Zvonaryova ilə artıq müqavilə imzalamışıq. Fövqəladə bir hadisə olmasa, zədə almasa, o, turnirdə iştirak edəcək. Eyni zamanda, WTA reytinqində ilk “20-lik”, ilk “50-lik” və ilk “100-lük”dəki tennisçilər də Bakıya gələcəklər. Bu, həddən artıq yüksək səviyyəli turnirdir. Çoxlu qonaqlarımız olacaq. Bir sözlə, əsl peşəkar səviyyəli və möhtəşəm yarışa ev sahibliyi edəcəyik.

- Qonaqlar dedikdə, kimləri nəzərdə tutursunuz?

- İlk növbədə idmançıları. Eyni zamanda, müxtəlif ölkələrin tennis federasiyalarının rəhbərlərinin də bu yarışdan xəbərləri var. Kim gəlmək istəsə, biz onları dəvət etməliyik və edirik də. Azərbaycan idman ictimaiyyətini, azarkeşləri də nəzərdə tuturam.

- Avropa və Beynəlxalq Tennis federasiyaları rəhbərlərinin gəlişi gözlənilir?

- Hələ bunu dəqiq deyə bilmərəm. İndi tezdir. Turnirə 1,5 ay qalmış onlara rəsmi dəvət göndərəcəyik. Amma qeyri-rəsmi dəvət olunublar. Mən onlarla görüşümdə də demişəm. Avropa Tennis Federasiyasının bu yaxınlarda Hollandiyanın paytaxtı Amsterdamda keçirilmiş illik toplantısına mən də qatılmışdım. Həmin vaxt Beynəlxalq Tennis Federasiyasının prezidenti Françesko Riççi-Bittini, eləcə də Avropa Tennis Federasiyasının prezidenti Jan Düpreni yarışa dəvət etmişəm. Dəvət olunanlar çoxdur. Lakin hərənin öz iş qrafiki var. Həmin qrafikə uyğun imkanları olsa, məmnuniyyətlə gələcəklər. Onların əksəriyyəti Bakıda olub, Azərbaycan Tennis Federasiyasının rəhbərliyi ilə görüşüblər, Bakı Tennis Akademiyasına baş çəkiblər.

- Yarışı niyə məhz qadınlar arasında keçirməyi qərara aldınız?

- Qərarı biz verməmişik. Sadəcə, yalnız qadınlar arasında yarış keçirməyə imkan var idi. İl ərzində tennis yarışları üçün 52 həftə nəzərdə tutulub. Onlardan 8-i “Böyük dəbilqə” seriyalı turnirlərə çıxır. Qalır 44 həftə. Bu 44 həftənin hər birinin öz sahibi var. Ona görə də belə qərarın verilməsi bizdən asılı deyil. Bizim əldə etdiyimiz həftəyə yalnız qadınların yarışı düşür. Bildiyiniz kimi, kişilər üçün Peşəkar Tennisçilər Assosiasiyası fəaliyyət göstərir. Həmin qurumun təqviminə nəzər yetirsəniz, görərsiniz ki, boş həftələri yoxdur. Bütün həftələrdə yarışlar keçirilir. Yalnız Qadın Tennisçilər Assosiasiyasının təqvimində boş həftə var idi. İnşallah, hər il bu turniri keçirmək niyyətindəyik. Bu barədə öhdəliyimiz də var.

- Bəs Gürcüstan Tennis Federasiyasının prezidenti Leyla Mesxi hansı işi yerinə yetirəcək?

- Mesxi turnirin direktoru təyin olunub. O, bütün danışıqlarda, turnirə hazırlıq prosesində aktiv iştirak edir. Turnirlə əlaqədar ay ərzində ən azı iki dəfə Bakıda olur. Bütün xarici əlaqələr, internet yazışmaları onun vasitəsilə aparılır.

- İlk “20-lik”, “50-lik” və “100-lük”dən hansı tennisçilərin dəvət olunacaqları gözlənilir?

- Tennisin bir qaydası var. Tennisçilərin özləri Qadın Tennisçilər Assosiasiyasına müraciət edirlər. Qurum isə öz növbəsində tennisçiləri reytinqlərinə uyğun olaraq, bölür. Ola bilər ki, bizim turnirdə 150-ci, 170-ci raketka oynamaq istəsin, amma düşə bilməsin. Yəni, yalnız gözləmə vəziyyətində ola bilər. Bu, bizdən asılı deyil. Kiçik turnirlərdən böyüklərinədək bir qayda olaraq, onlar öz kodları ilə turnir sahibinə müraciət edirlər və təsnifləşdirilirlər.

- Müraciət edənlər olub?

- Hələ tezdir. Onlar yarışa bir ay qalmış bilinəcək. Hələlik yalnız Vera Zvonaryova ilə konkret müqaviləmiz var. Biz Zvonaryovanı dəvət etmişik, o da böyük məmnuniyyətlə razılıq verib. Gələcəyini vəd edib. Digər tennisçilərə qalanda, təqribi bilirəm ki, kimlərin gəlişi mümkündür. Lakin məhz kimlərin gələcəklərini dəqiq deyə bilmərəm. Digər tərəfdən, yarışın keçiriləcəyi 30-cu həftədə yalnız Azərbaycanda turnir olacaq. Alternativ variant yoxdur ki, başqa ölkəyə gedəcəklərini desinlər.

- Deməli, Bakıya xeyli səviyyəli qadın tennisçi gələ bilər...

- Bəli. Məsələn, Qadın Tennisçilər Assosiasiyasının aprelin 25-də açıqladığı reytinq siyahısında 38-ci olan Yekaterina Makarova bizə müraciət edərək, gəlmək istədiyini bildirib. Amma birdən xəstələnsə, zədə alsa, gözlənilməz problemlə üzləşsə, səfəri baş tutmaya bilər. Hələ bu barədə danışmaq tezdir.

- Bəs son reytinq siyahısında 18-ci yerdə gedən Ana İvanoviçin də turnirdə iştirak edəcəyi barədə məlumatlar nə dərəcədə həqiqətə uyğundur?

- Bu barədə məndən bir neçə dəfə soruşublar. Məndə belə bir məlumat yoxdur. Gəlsə, onu çox böyük məmnuniyyətlə qarşılayarıq. Həm də sizə bir söz deyim: Bu turnir kərpic tozlu yox, adi qalın akril örtüklü kortda keçiriləcəyindən, bir növ “Böyük dəbilqə” seriyasından “US Open” turnirinə hazırlıq xarakteri daşıyacaq. Ona görə də inanıram ki, “Baku Cup 2011”də çox tennisçi iştirak etmək istəyəcək. Digər tərəfdən, Bakıdakı turnirin nəticələri reytinq cədvəlində nəzərə alınacaq. Qalib tennisçi 280 xal qazanacaq. Bu isə birdən-birə 10 pillə yüksəlməyə bərabərdir.

- Ümumiyyətlə, neçə tennisçinin iştirakı nəzərdə tutulub?

- Fərdi yarışlarda 32, qoşa yarışlarda isə 16 cüt tennisçi mübarizə aparacaq.

- Bəs yarış məkanı hansı vəziyyətdədir?

- Bakı Tennis Akademiyasında böyük bir mərkəzi kort tikirik. Artıq kortun tikintisi yekunlaşmaq üzrədir. Haradasa, iyunda biz kortu tam hazır vəziyyətdə təhvil verəcəyik. Ardından Qadın Tennisçilər Assosiasiyasının komissarları gələrək, qəbul edəcəklər. Bu, bütün tələblərə cavab verən açıq kort, 3000 tamaşaçı tutumuna malik möhtəşəm mərkəzi meydança olacaq. Düzdür, tamaşaçı tutumu o qədər də çox deyil, amma dizayn və arxitektura baxımından, çox gözəl kort olacaq. Tribunaların üstü örtülü olacaq ki, bu da tamaşaçıların gündən və yağışdan qorunmasına imkan verəcək.

- Biletlərin qiyməti nə qədər olacaq?

- ¼ final mərhələsinədək biletlər pulsuz olacaq. Yarımfinal və final mərhələləri üçün isə simvolik məbləğ müəyyənləşdirilib. İnanıram ki, hamının belə möhtəşəm idman bayramını izləmək imkanı olacaq.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar