Avropa Liqası: “Əjdahalar” “sarı sualtı qayığ”a hücum edə biləcəkmi?
28 aprel 2011 19:00 (UTC +04:00)

Avropa Liqası: “Əjdahalar” “sarı sualtı qayığ”a hücum edə biləcəkmi?

Lakin İspaniya “Vilyarreal”ı bu ölkə təmsilçilərinə turnirin qalibi olmalarına imkan verməmək üçün mümkün olan hər şeyi edəcək.

00:05. “Portu” (Portuqaliya) – “Vilyarreal” (İspaniya)
Baş hakim:
Byorn Kuypers (Hollandiya)

Hazırda La Liqada 4-cü pillədə gedən “Vilyarreal” Avropa Liqasının ən məhsuldar komandası və Portuqaliya çempionatında vaxtından əvvəl qızıl medalları təmin etmiş “Portu” ilə üz-üzə gələcək. İlk görüş “Draqau” stadionunda baş tutacaq. Bu mövsüm “Portu” fantastik oyun sərgiləyir. Ona görə də “əjdahalar” “sarı sualtı qayıq”la döyüşə öz gücünə əminliklə gedəcəklər. 2003-2004-cü il mövsümündə Çempionlar Liqasının qalibi Portuqaliya çempionatında bir oyunu da uduzmayıb. “Portu” ən yaxın izləyicisini 19 pillə qabaqlayır. Bu komanda Avropa arenasında da inamlı təsir bağışlayır. ¼ finalda Rusiya “Spartak”ı ilə duellərdə baş məşqçi Andre Villaş-Boaşın komandası üst-üstə 10 qol vurub. “Portu” tarixində 5-ci dəfə Avropa kuboklarında finala çox yaxındır.

Digər tərəfdən, “əjdahalar” adətən, İspaniya klublarına qarşı uğursuz çıxış edir. Əvvəlki 34 matçda “Portu” cəmi 11 qələbə qazanıb. Üstəlik, XXI əsrdə bu komanda İspaniya təmsilçilərinə 8 ev oyunundan yalnız 1-də qalib gəlib. Belə statistika “Vilyarreal”ı daha da ruhlandırmalıdır. Lap elə Portuqaliya klubları ilə 4 qarşılaşmada “sarı sualtı qayıq”ların heç vaxt uduzmaması faktı kimi... “Vilyarreal” Avropa Liqasında 8 oyunluq məğlubiyyətsiz seriyasını davam etdirmək arzusundadır. Komandanın ən yaxşı bombardiri Cüzeppe Rossi 9 qol vurub. Lakin “Portu”nun oyunçusu Falkaonun aktivində 10 top var. Bu isə o deməkdir ki, “Draqau”da qol yağışı gözləməyə dəyər.

00:05. “Benfika” (Portuqaliya) – “Braqa” (Portuqaliya)
Baş hakim:
Kreyq Tomson (Şotlandiya)

Bu, Avropa kuboklarında ilk Portuqaliya derbisi olacaq. “Braqa”nın üstün cəhəti etibarlı müdafiə və ani əks-hücumlardır. Avropa Liqasında son 6 matçında baş məşqçi Dominquş Pasyensiyanın komandası cəmi 4 qol vurub. Üstəlik, ilk 1/8 finalda İngiltərə “Liverpul”u üzərində qələbədən sonrakı 3 matçda “Braqa” yalnız 1 dəfə rəqib qapısına yol tapıb. Həmin qol isə Ukrayna “Dinamo”su ilə görüşə təsadüf edən avtoqol olub. “Braqa” kimi, “Benfika” da Avropa kuboklarında mübarizəyə Çempionlar Liqasından başlayıb. Yəqin ki, Lissabon komandası rəqibinə ciddi yanaşacaq. Avropa Çempionlar Kubokunun ikiqat sahibini bir fakt sevindirə bilər: “Braqa” ilə 55 ev oyununda “Benfika” yalnız 1 məğlubiyyət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669

Oxşar yazılar