Samir Abbasov: “Nə edə bilərik? Almaniyadır da...” – MÜSAHİBƏ
13 avqust 2009 10:30 (UTC +04:00)

Samir Abbasov: “Nə edə bilərik? Almaniyadır da...” – MÜSAHİBƏ

Azərbaycan milli komandasının futbolçusu Samir Abbasovun Almaniya yığması ilə 2010-cu il dünya çempionatının seçmə qrup matçından sonra Lent.az-a müsahibəsi

- Görüş haqda nə deyə bilərdiniz?

- Oyun çətin keçdi. Fiziki baxımdan komandamız çox yaxşı vəziyyətdə idi: heç bir çətinliyimiz olmadı, Almaniya ilə başabaş mübarizə apardıq. Buraxılan qollarda kimin səhvinin olduğunu deyə bilmərəm. Uduzmuşuqsa, yəqin ki, bu, bütün komandanın səhvidir. Məncə, yaxşı oynadıq. Düzdür, yenə uduzduq. Nə edə bilərik? Almaniyadır da...

- Ola bilərmi ki, rəqib özü o qədər də güc sərf etmədi, sizə oynamağa şərait yaratdı?

- Mən buna inanmıram. Çünki meydançada bir-birilərinin üstünə qışqırırdılar, hirslənmişdilər. Kapitan Mixael Ballak komanda yoldaşlarından səhvsiz oynamalarını tələb edirdi. Onlar da uduzmaq istəməzdilər. Bilirsiniz, oyun öncəsi keçirdiyimiz məşqlər hədər getmədi. Komandamız hazırda yaxşı vəziyyətdədir. İnşallah, sentyabrın 5-də Lənkəranda Finlandiya ilə keçirəcəyimiz oyuna da bu cür hazırlaşsaq, yaxşı olar.

- Üzünə iki tikiş atılıb. Bu, nə ilə əlaqədardır?

- Oyun epizodlarının birində aldığım zərbədən sifətim partladı, həkimlər tikiş qoydular. Yəqin ciddi zədə olmaz.

- Millimizin qol vura bilməməyini nə ilə əlaqələndirərdiniz?

- Məncə, hücumçularımız bir qədər təcrübəsizdirlər. Lazımi vaxtda açılıb zərbə mövqeyinə çıxsalar, qol vura bilərlər. Amma yavaş-yavaş düzəlirlər. Yenə deyirəm, mən qol vura bilməməyimizi təcrübəsizliklə əlaqələndirərdim.

- Amma məhz millimizin oyunçuları “Qarabağ”ın heyətində Avropa Liqasında artıq 4 qol vurublar...

- “Qarabağ”ın qolları əsasən, standart vəziyyətlərdən vurulub. Həm də bu klubu milli ilə müqayisə etməzdim. Düzdür, “Qarabağ” fəxrimizdir, azərbaycanlı futbolçulardan ibarətdir, Avropa Liqasında qələbə qazanır. Bununla belə, milli komanda başqadır da...

Elşən
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1344

Oxşar yazılar