Maqomedxan Aratsilov: “Məgər mən uşağam?”
27 iyul 2009 10:00 (UTC +04:00)

Maqomedxan Aratsilov: “Məgər mən uşağam?”

“Azərbaycan milli komandasının baş məşqçi postundan istefa qərarım qətidir”.

Bu sözləri Lent.az-a açıqlamasında sərbəst güləş üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Maqomedxan Aratsilov deyib.

17-19 iyulda Bakıda keçirilmiş Heydər Əliyevin xatirəsinə “Qızıl Qran-pri” turnirinin final mərhələsindən sonra istefa verərək, vətəni Rusiyanın Mahaçqala şəhərinə yollanan təcrübəli mütəxəssis millimizə qayıtmasının qeyri-mümkünlüyünü söyləyib: “Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Maqomed Əliömərov deyib ki, Aratsilova fikirləşmək üçün iyulun 26-dək vaxt veriblər. Məgər mən uşağam ki, gündə bir söz danışım? Əliömərov mənim yanıma gəlmişdi. Dedi ki, gedək, işini davam elətdir. Amma mən razılaşmadım. Artıq qərar verdiyimi və dəyişmək niyyətində olmadığımı bildirdim”.

Maqomedxan Aratsilov 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatından sonra millimizə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında yığmamız 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında bir bürünc medal qazanıb, eləcə də bu il komanda hesabında Dünya Kuboku və Avropa çempionatının qalibi olub. Lakin millimizin liderlərindən Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) “Qızıl Qran-pri” turnirinin final mərhələsində qızıl medal qazana bilməyiblər. Dağıstanlı mütəxəssis bunu aparıcı güləşçilərimizin Avropa çempionatından sonra daha çox istirahətdə olmaları və məşqləri bərpa edərkən, o qədər də yaxşı formada nəzərə çarpmamaları ilə izah edib: “Məncə, bu problem tezliklə aradan qaldırılacaq və uşaqlar sentyabrda keçiriləcək dünya çempionatında uğurlu nəticələr göstərə biləcəklər. Bundan sonra Azərbaycan yığmasına kim rəhbərlik edəcəksə, ona uğurlar arzulayıram”.

Aratsilov bir daha güləş məşqçisi kimi çalışmayacağını da əlavə edib. Özünün Mahaçqala şəhər Güləş Federasiyasının prezidenti olduğunu xatırladan dağıstanlı mütəxəssis bütün diqqətini şəxsi turist biznesinə ayıracağını açıqlayıb.
# 904

Oxşar yazılar