Dahidən gülməliyə
27 iyun 2009 20:00 (UTC +04:00)

Dahidən gülməliyə

Və ya “addio” deyə bilməyəndə...

“Squadra Azzurra”nın Konfederasiyalar Kuboku fiaskosundan sonra kalço barədə yazmaq ağır və arzuolunmaz missiyaya çevrilib. Lakin fasiləsiz informasiya axını, “həyat davam edir” tipli banal tezislər “addio” deməyə imkan vermir. İtalyan futbolunun yerli kadr ehtiyatlarına görə fəxr edə bilmədiyi indiki şəraitdə xilas yolu məşqçi arsenalında axtarıla bilər. Hər halda oyunun taktiki tərəfi kalçoda həmişə ağır çəkiyə sahib olub. Keçən il “A” Seriyasında fəaliyyət göstərən “allenatore”lərə birmənalı qiymət vermək olmur. Onların sırasında Alleqri kimi yetişməkdə olan dahi (və ya potensial dahi) , Mixayloviç kimi gülünc persona var.

Sakkinin potensial prototipi

2008/09 mövsümündə Sossuolo şəhərciyinin komandasını “C” Seriyasından bir pillə yuxarı qaldıran Massimiliano Alleqri indi daha ambissiyalı görünür. Cari mövsümün sonuclarına əsasən, onun kalço oskarlarından birinə, “A” Seriyasının ən yaxşı məşqçisi ünvanına sahib olacağına real gözlə baxılır.

Mövsümöncəsi hesablarda “Kalyari”nin adı aşağı diviziona yuvarlanması gözlənilən komandalar sırasında çəkilirdi, belə ki, Sardiniya paytaxtındakı oyunçu heyəti, təcrübə və digər göstəricilər bundan artığına ehtimal vermirdi. Son nəticənin fərqliliyinə rəğmən, ekspertlərin bir il öncə dəhşətli səhvə yol verdiyini söyləmək mümkün deyil. “Kalyari” üzvlərindən üçünün yaxın müddətli perspektivləri parlaq görünür: Akvafreska “İnter” tərəfindən digər kluba icarəyə veriləcək, mərkəz müdafiəçisi Kanini uğrunda zəif, qapıçı Marketti ilə bağlı isə ciddi transfer savaşı gedə bilər. Adı çəkilənlərdən başqa, sardiniyalıların “allenatore”si – Alleqrinin ixtiyarında böyük ümidlər bağlanılacaq kimsə yox idi. Lakin Massimiliano uğursuz sələflərinin yolunu təkrarlamadı. Startdakı dörd oyunluq məğlubiyyət seriyasından sonra komandada kimyəvi reaksiya baş verdi. Alleqrinin manipulyasiyasından sonra ortaya çıxan şlak materialları birləşərək, faydalı, vitamın tərkibli birləşmələrə çevrildilər. “Kalyari”nin 13-15 üzvü qeyd-şərtsiz olaraq, karyeralarının ən yaxşı mövsümünü keçirdilər. 10 il müddətində müxtəlif divizonları dolaşan Kossu isə Alleqri ilə görüş nəticəsində klassik trekvartistaya ( iki hücumçunun arxasında yer alan pleymeyker) çevrildi.

Massimilianonun sonuncu və mövcud iş yeri “allenatore” keyfiyyətlərinin üzə çıxması baxımından ideal məkandır. Məşqçi əlində saxladığı nazik iplə balaca adamcıqları oynada, zəif icraçılar birliyindən işlək maşın qura bilirsə, onun yüksəlməyə haqqı var. Alleqri belələrindədir. Kalçonun son 30 illik tarixində yalnız Sakki karyerasına belə başlayıb. 41 yaşlı Alleqri də bu yolu getmək istəyir. “La Gazetta dello Sport”un yekun dəyərləndirməsinə görə, 6,26 bal toplayan Massimilianonun ümumi siyahıda qabaqladığı və geri qaldığı personalar var. Amma “böyük allenatore gələcəyi”nə yaxınlıq kontekstində onu üstələyən yoxdur.

Deyirlər, Alleqri hər gecə “Latsio” prezidenti Lotitonun yuxusuna girir. Əslində, paytaxt təmsilçisi də Massimiliano üçün pis yer deyil. Əla gənclik, şərait, güman edilən fəaliyyət azadlığı...

İtalyan Mourinyosu

Balaca boy, zərif bədən quruluşuna malik Marko Campaola futbolçu karyerasını 30 yaşında “C” Seriyasının oyunçusu qismində bitirib, 35 yaşında isə “Askoli”ni məşqçi qiyafəsində “A” Seriyasına çıxardıb. Alleqri kimi onun da zəif klubla aşağı diviziona yuvarlanacağı ehtimal edilsə də, Campaola skeptikləri təəccübləndirmək qərarına gəldi. Çempionatın bitməsinə xeyli qalmış “Siena”nın “A” Seriyasındakı mövqeyini möhkəmləndirən 41 yaşlı “allenatore” indi yeni “çağırış” qarşısındadır. Lotito Alleqri ilə təmas qura bilməsə, çox güman Delio Rossinin xələfi məhz Campaola olacaq.

Qəzetlərin italyan Mourinyosu deyə xitab etdiyi “allenatore” oyun strateqiyasını konkret rəqibə görə müəyyən etməyi, əvəzetmələr yolu iləsə onu daha da konkretləşdirməyi gözəl bacarır. Nəzəriyyəçinin jurnalistlərdən 6,36 bal alması isə yüksək reytinqdən xəbər verir.

Qarşılıqlı sevgi

“Fiorentina” bu il də ÇL-na partizan manevri ilə keçdi. Bəzən darıxdırıcı və ambissiyasız oyun göstərən “bənövşəyilər” “Cenoa”dan geri qalmadılar. Genuyalıların nəfəsi kəsilməyə başlayanda isə Prandellinin komandası tsiklik idman növlərinin əsas qanununa müvafiq olaraq, final tullanışını gerçəkləşdirdi. Çezarenin kreativ istedadlardan yararlanma faizi diskussion olsa da, çəkilən xərc və nəticə nisbətinə görə, “A” Seriyasının son beş ilinin ən effektiv mütəxəssisidir.
Onun kimisi “İnter”ə rəhbərlik etsəydi, dəhşətli mənzərə yaranardı. Kalçoda hökm sürən “gənc məşqçilərə etimad” tendensiyası bir neçə ildən sonra yerini təcrübə amilinə verdikdə Prandellinin “Milan” və ya “Yuventus”a keçidi real görünəcək.

Mövsümün ortalarında, “Fiorentina”nın ÇL-na düşmək imkanlarının dumanlı göründüyü zaman Delle Valle ailəsinin Prandelli ilə vidalaşmaq fikrində olduğu söylənilirdi. İndi isə bu barədə söz-söhbətlər belə gəzmir. Florensiya öz “allenatore”sinə vurğun, Prandelli isə intriqa mənbəyi olan şəhərdə xoşbəxtdir. 51 yaşlı mütəxəssisin “La Gazzetta dello Sport”dan 6,26 bal alması isə qarşılıqlı sevgiyə haqq qazandırır.

Marionetkalar teatrının rejissoru

İtaliyanın ən nüfuzlu dərgisi ölkə çempionunun baş məqşçisinə 5, 97 bal verməklə onu ikinci onluğun son pillələrinə layiq görüb. Qəzetçilərin arqumentasiyasını anlamağa çalışaq. Mourinyo Alleqri və Campaola ilə bir sırada dayanmaq üçün nə edib? Kadr resurslarının ümumi kapitalizasiyasına görə Avropanın de-fakto ən güclü heyətinə malik “İnter” ( de yure isə “Barselona”dır) onunla Mançinidən daha uzağa gedə bilmədi. Yanvarda “nerazurra”nın lazaretində 8 oyunçu var idi, “Yuve”, “Milan” 4-5 əsas üzvünü itirəndə fiasko ilə üzləşirdi, “İnter”sə ehtiyat skamyasının uzunluğu hesabına zədələri hiss etmədi. Məgər, komandanın beşinci forvardının rezervdə 3 milyon avroluq maaşla oturması Mourinyonun xidmətidir?

Jozeni tənqid etməyə əsaslar çoxdur. Ehtimal edək ki, Mansininin keçidi prosesi ondan əvvəl başlamışdı, bəs Kurejma? Yay “deadline” tarixinin bitməsinə bir neçə gün qalmış gerçəkləşən bu transfer “İnter”in son 10 illik axmaqlıqlar xronikasının en məzmunsuz əməliyyatlarından oldu. Mourinyo taktiki hesablarında ardıcıl deyildi. Mövsümə 4-3-3 sxemi ilə başlayan portuqaliyalı (Kuarejma bu konfiqurasiya üçün alınmışdı) sonradan İngiltərədə ona antiestetik futbol maqı ünvanını qazandıran 4-4-2-yə döndü.

Lakin Mourinyonun tənqidçiləri bəzən arxitektor Korbyuzeni gözə götürməyənlərin səhvlərini təkrarlayırlar. Adı çəkilən şəxsin estetika proqramında “gözəlliy”in arxaik anlayışı qəbul olunmur, fərqli həll üsulu, sxematik, parlaq işıqlar saçmayan model təklif edilirdi. Mourinyo da belədir. Onu baxımlılıq narahat etmir. Əyləncə, attraksion onun mətbuat konfranslarında nəzərə çarpır, Joze oyunun estetik tərəfini özü icra edir. Onun heyətə münasibətdə həyata keçirdiyi manipulyasiyaları izləmək də maraqlıdır. 18 yaşlı Santonun əsas komandaya gətirilməsi, digər yeniyetmə - Bolatellinin ön sıralara çıxarılması portuqaliyalının novasiyalarındadır. Mourinyonun digər tərəfi ümumqəbul olunmuş tezislərə zidd getməsindədir. Sxolastik rebusu – komandanın mərkəz müdafiə cütlüyünü mövsüm ərzində 27 dəfə deyişən Joze qeyri-stabillikdən çəkinmir.

Mourinyo paradoksal, mistik personadır. Onun ixtiyarında olan əsgərləri necə idarə etməsi, 25 döyüş vahidini işlətməyə barmaqlarının hansı formada çatdığını müəyyən etmək çətindir. Bu günkü “İnter” dünyanın ən zəngin marionetkalar teatrı, Joze isə onun rejissorudur. Bəli, o, birinci “skudetto”sunu qazandığı ildə yüksək bala layiq deyildi, amma postunu, ampluasını, renomesini qoruya bildi. Bu isə az dəyər ifadə etmir.

Əlvida, Klaudio

Görünür, Ranyerini bir daha böyük və yaxud böyük olmağa cəhd edən kluba dəvət etməyəcəklər. Onun finişə iki tur qalmış pilləkəndən düşürülməsi etimadın faciəvi azlığından xəbər verir. Don Klaudionun iki illik “Yuve” fəaliyyəti daha çox müsbət qiymətləndirilməlidir. O, heyətə görə nəticələr verirdi. Ranyerinin normal, optimist ruhlu xətlə gedən qrafiki “İnter” matçından sonra pozuldu, komandanın sistemyaradıcı bloku – mərkəz müdafiə cütlüyü ( o zaman “A” Seriyasında ən yaxşı olan) sındı, bərpa prosesi yekunlaşanda isə çox gec idi. Kiellini-Leqrottalye birləşməsinin uğurlu fəaliyyət göstərdiyi son iki turda komandaya Ferrara rəhbərlik edirdi. Ranyerinin bəxti gətirməmişdi.

Mahiyyətcə, Klaudio krizis sonrası dövrünü yaşayan klublar üçün ideal namizəddir. Mətbuatda səsləndirilən “Zenit” təklifləri isə onun “A” Seriyası ilə vidalaşmasına işarədir.

Tükənmiş “çempion”

Formal olaraq, Ançi sonuncu mövsümü əvvəlkindən daha yaxşı keçirdi. +10 xal və yekun klassifikasiyada iki pillə yuxarıda qərarlaşmaq pis deyil. Lakin rəqəmlər Karlonun cəzasını yüngülləşdirmək üçün yalan danışırlar. Ançelotti və “rossonerlər”in operativ idarəedicisi Qallianinin ən böyük səhvi sadə poetik fantaziyadan məhrum olmalarında idi. Onlar klubun mahiyyətində tsiklik yüksəlişi qabardır, “Milan”ı bir neçə elementi dəyişdirildikdən sonra işlək hala gələcək texniki alət kimi görürdülər. Onlar düşünürdülər ki, bu yolla “qızıl payız”ı uzatmaq və son nəticədə yaya keçmək mümkün olacaq. Yekunda biz yalnız qürub, yorğunluq görmədik, “rossonerlər”in müasir fazası tam çöküş, dönməz, birmənalı “kollaps”la üzə-üzə qaldı. Meydançanın kənarında dayanan dolu bədənli, ağ saçlı şəxs isə nə edəcəyini bilmirdi.

Bununla belə, Ançinin gələcək perspektivlərinin üstündən xətt çəkmək lazım deyil. Artıq 2008-ci ilin əvvəllərindən komandanın tükənməsi göz qabağında idi. “Çelsi” isə Ançiyə yeni stimul verə bilər. Ambramoviç üçün Karlo XXI əsrin ən böyük italyan klubunun rəhbəridir, həm də cari mövsümünün yekunlarına görə yaxşı bal alıb – 6,26.

Həkim Spaletti

2007-08 mövsümünün finişinə 25 dəqiqə qalmış “Roma” “skudetto”ya hamıdan, hətta “İnter”dən də yaxın idi. Sonra “İbrahimoviç”in Parma şücaəti oldu, Spalettiyə isə yayda komandasını gücləndirmək üçün real transferlər paketi verildi. Bununla belə, irəliləyiş nəzərə çarpmadı, yalnız 6-cı pillədə qərarlaşan “canavarlar” indi kiçik avrokubokda iştirak edə biləcəklər.

“Roma”nın katastrofik fiaskosunda heç bir sirr yoxdu. Spaletti özü də dəqiq yolunu bilmədən komandanı Tottisiz oynamağa öyrədirdi. “Canavarlar”ın hücumi hələ də Françeskonun üzərində qurulub. Kapitan olmayanda “Roma” zəif komandadır, ləng və ağır Totti ilə o, əyalət təmsilçisini xatırladır, Çesko formasını bərpa edəndə isə “qırmızı-sarılar” güclü, Spalettinin ideyaları isə parlaq və cəlbedici görünür.

Kalçoda qaydalar necə də dəyişib. Qoca Sensinin vaxtı olsaydı, Luçanonu yeni ilə qədər göndərərdilər. Lakin qızı dözdü, mövsümün sonuna kimi gözlədi, biabırçı hesab etmədiyi 6-cı yeri gördükdən sonra baqajını Turinə göndərən Spalettini razı sala bildi. Bu prosesdə klub işlərində söz sahibi olan Tottinin “Luçanodan yaxşı məşqçi tapa bilməyəcəyik” deməsi də mühüm rol oynadı Problem bundadır, qeyd edilən fikrin müəllifi də özünü əvəzedilməz sayır. Reallıqda isə Totti asılılığından qurtulmaq lazımdır. “Roma”nın gələcəyi bundadır. Görünür, həkim Spaletti də buna cəhd edəcək. “La Gazzetta dello Sport”un verdiyi 6 bal isə diskussion görünür.

Avans tükənəndə

Jurnalistlərdən 5,91 bal alan Roberto Donadoni Neapolda hələ ki, ciddi heç nə etməyib. Oyunun baxımsızlaşması, az saylı xal artımı cənub temperamentli şəhər sakinlərini qanə edə bilməz. Odur ki, qarşıdan gələn mövsüm Donadoninin məşqçi həyatında həlledici olacaq: əgər “allenatore” “Napoli” ilə avrokubok zonasına düşməsə, daha heç kəs ona xoş niyyət və əla oyunçu karyerasına görə avans verməyəcək. Hələ ki, Roberto hər şeyi keçmişinə görə alır. “Squadra Azzurra” avans idi, “Napoli”də eyni formada ona həvalə edildi. Belə tarixi və adı olan klublara rəhbərlik etmək üçün bəzilərinə 10 illər tələb olunur. 45 yaşlı Donadoninin əmək kitabçasında cəmi 3 qeyd var: “Livorno”, yığma və “Napoli”. Sovet dönəmində belə kitabçalara görə cinayət işi açılırdı, yaxşı ki, müasir italyan qanunvericiliyi keçmiş ittifaqınkından daha liberaldır.

La comedia

Bir neçə ay bundan öncə İtaliyanın “Sky Sport” telekanalında “Bolonya” çalışdırıcısı Sinişa Mixayloviçə həsr olunmuş “La comedia” titrli sujet təqdim olundu. Müəllif fanat şarfı geyinməyi ilə Mançini dəbini davam etdirməyə cəhd edən, mətbuat vasitəsilə Mourinyoya hücumlar təşkil edən serb mütəxəssisi “allenatore” sənətindən xəbərsizlikdə ittiham edirdi. İtalyan həmkarımızın şərhinə əlavə olaraq, deyə bilərik ki, maddi sıxıntısı olmayan Sinişa çox güman renomesinə uyğun aşağı divizion klublarında çalışmayacaq, onun məşqçi fəaliyyətinin gələcəyi Mançini istirahətdən bezdikdən sonra köməkçi qiyafəsində mümkünləşə bilər. “La Gazetta dello Sport”un verdiyi 5,95 bal az-çox optimistlik yaratsa da, “A” Seriyası təmsilçilərindən kiminsə ona etimad göstərəcəyi real görünmür.

Orxan Amaşov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1705

Oxşar yazılar

Prezidentin nəvələri Messi ilə görüşdü

Prezidentin nəvələri Messi ilə görüşdü

11 dekabr 2024 , 12:55
Mbappe bu il bütün oyunları buraxacaq   - SƏBƏB

Mbappe bu il bütün oyunları buraxacaq - SƏBƏB

11 dekabr 2024 , 11:58
Messi Bakıda - VİDEO

Messi Bakıda - VİDEO

11 dekabr 2024 , 09:35
"Liverpul"un keçmiş oyunçusu Macarıstan klubuna  keçdi

"Liverpul"un keçmiş oyunçusu Macarıstan klubuna keçdi

10 dekabr 2024 , 19:07
"Mançester Yunayted" Reşfordu tezliklə satmağa çalışır  - SƏBƏB

"Mançester Yunayted" Reşfordu tezliklə satmağa çalışır - SƏBƏB

10 dekabr 2024 , 17:49
"Bayer" Arda Güləri  almaq istəyir

"Bayer" Arda Güləri almaq istəyir

10 dekabr 2024 , 15:13
Nani futbolla vidalaşdı

Nani futbolla vidalaşdı

10 dekabr 2024 , 11:58
Messi onu ən çox qəzəbləndirən futbolçunun adını çəkdi

Messi onu ən çox qəzəbləndirən futbolçunun adını çəkdi

10 dekabr 2024 , 09:35