“Hamı gözləyir ki, Elnur Məmmədli biabır olsun” - MÜSAHİBƏ
23 iyun 2009 10:15 (UTC +04:00)

“Hamı gözləyir ki, Elnur Məmmədli biabır olsun” - MÜSAHİBƏ

Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ağayar Axundzadənin Lent.az-a müsahibəsi

- 26 – 30 avqustda keçiriləcək dünya çempionatına hazırlıq necə gedir?

- Hazırda millimiz Fransada yerli yığma və Braziliya, Özbəkistan kimi ölkələrlə birgə təlim-məşq toplantısındadır. Komandamız qayıtdıqdan sonra Rusiyanın Kislovodsk şəhərində fiziki hazırlıq üzrə toplanış keçirəcəyik. Ardından Norveçdə hazırlıq keçəcəyik və oradan Hollandiyanın Rotterdam şəhərinə dünya çempionatına yollanacağıq.

- Bəs Sizin Fransaya getməməyinizin səbəbi nədir?

- Gürcüstanın paytaxtı Tbilisiyə Almaniyadan təcrübəli idman həkimi gəlmişdi. Biz də zədəli cüdoçularımız Elnur Məmmədli ilə Ramil Qasımovu qonşu ölkəyə müayinədən keçirməyə aparmışdıq. Çünki bu, vacib məsələdir. Onların 2008-ci il Pekin Yay Olimpiya Oyunlarından sonra zədələri tam sağalmayıb.

- Müayinə necə nəticə verdi?

- Müalicə davam etdirilməlidir. Həkim lazımi tapşırıqlarını verib.

- Onlar dünya çempionatında iştirak edə biləcəklər?

- Bu, hələ bilinmir. Dünya çempionatına iki ayadək vaxt var.

- Amma bir müddət öncə Elnur Məmmədlinin Rotterdama aparılmayacağı xəbəri yayılmışdı...

- Bilmirəm, bu xəbəri kim yaymışdı. Yenə deyirəm, hələ vaxtımız var. Hər şeyə gələn həftə aydınlıq gələcək. Məmmədli əməliyyat olunsa, dünya çempionatına aparılmaya bilər.

- Ötən həftə Milli Məclisdə çıxışı zamanı YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov olimpiya çempionlarının çox bəsləndiyini və bunun nəticəsində çəkilərinin 15 kq-dək artdığını bildirib...

- Həmin vaxt Bakıda olmadığım üçün onun çıxışından xəbərsizəm. Bu, bir millət vəkili kimi Siyavuş Novruzovun öz fikridir. Elnur Məmmədli olimpiya çempionu olsa da, adi insandır. O da eyni yeməkləri yeyir. Bunlar bilmirlər ki, ötən olimpiya tsiklində biz 4 il hansı əziyyətləri çəkmişik. Olimpiadada Elnur Məmmədlinin aldığı zədələri heç kimə büruzə vermədik, bildirmədik. O, indiyədək də həmin zədələrin əziyyətini çəkir. 2 dəfə cərrahiyyə əməliyyatı keçirib. Bunu heç kim bilmir: millət vəkili də, başqası da... Bunların hamısı pərdə arxasında qalır. Əlbəttə, kresloda oturub, kimisə müzakirə etmək olar. İndi Elnur Məmmədlinin çəkisi artıb. Amma heç kim bilmir ki, o, olimpiada ərəfəsində neçə kiloqram çəki salıb. Bunu heç kim demir. Elnur həmişə 84-85 kq çəkidə olub. Onun çəkisini tədricən aşağı saldıq, 73 kq-dək endirmək üçün 2 ayadək çalışdıq. Hər bir idmançı yüksək nailiyyət qazanmaq üçün əziyyət çəkir, həftələrlə ac qalır. Elnur da istədiyini yeyə, istədiyini içə bilmirdi. Elə insan orqanizmi var ki, çəki salıb yarışlarda çıxış etdikdən sonra onda çəki daha da artır. Bunu nə millət vəkili, nə də başqaları bilir. Kabinetdə oturub, müzakirə açmaqla, “halva-halva” deməklə ağız şirin olmur. Özləri gəlsinlər, həmin idmançı ilə bir saat ərzində 100 dəfə tatamiyə yıxılsınlar, yerə çırpılsınlar, görüm, ondan sonra nə olar? Hər idmançı bir məşqdə 100-200 dəfə yerə çırpılır. Adi adam buna dözə bilməz. Yazırlar ki, Elnur olimpiadadan sonra güləşmir. Amma təkcə o, deyil axı... Pekində 100 kq çəkidə qızıl medal qazanan Monqolustan təmsilçisi Tuvşinbayar Naydan, qazaxıstanlı gümüş mükafatçı Asxat Jitkeyev indiyədək heç bir yarışda iştirak etməyib. Çünki onların da problemləri var.

- Hər halda idmançının bir ilədək heç bir yarışda iştirak etməməsi də normal hal deyil...

- Biz də, Elnur da istəyirdi ki, güləşsin. Məqsəd qoymuşduq ki, o, dünya çempionu olsun. Məmmədlini zədəli halda dünya çempionatına aparıb buraxsaq, həmin adamlar bizə nə deyəcəklər? Qoy sağaldaq ki, bu dünya çempionatı da olmasa, növbətisinə qatılsın, 2012-ci il London olimpiadasına lisenziya qazansın. Biz bunu fikirləşirik. Elnurun çəkisi artıqdırsa, 81 kq-da da güləşə bilər. Hamısı istəyir ki, o, 73 kq-da qalsın. Qoy Məmmədlinin orqanizminə baxsınlar. Onu olimpiadanın finalında yendiyi cənubi koreyalı Ki Çun Vanqla yanaşı qoysunlar. Elnur Vanqdan bədəncə daha canlıdır. Çünki cüdoçumuz olimpiada öncəsi Rusiyanın paytaxtı Moskvada keçirilmiş Dünya Kubokunda 81 kq çəkidə çıxış etmiş və 3-cü yeri tutmuşdu. Biz yalnız Avropa, dünya çempionatları və olimpiya oyunlarında onun çəkisini 73 kq-a saldırmışıq.

- Elnur Məmmədli çəkisini 81 kq-a qaldıracağı halda, nəticələrinin zəifləyəcəyindən ehtiyatlanmırsınız?

- Bunu sonrakı proseslər göstərər. Elnurun 81 kq-da da güləşməyə potensialı var. Ola bilsin, nəticələri 73 kq-da göstərdiyindən az olsun, amma hələ London olimpiadasınadək xeyli müddət var. O vaxtadək Məmmədli çoxlu yarışda iştirak etsə, təcrübə və fiziki baxımdan artırsa, problem olmamalıdır. Bizdə biz az tələsirlər. İstəyirlər ki, olimpiya çempionu yenə uğurlarını davam etdirsin. Biz də bunu istəyirik. Amma nəticənin əldə olunması üçün işləmək lazımdır. İdmançını yarışa sağlam halda buraxmaq lazımdır. Yoxsa ki, götür, burax, getsin, uduzsun, biabır olsun. Sonra da yazsınlar ki, Elnur Məmmədli uduzdu. Mən bilirəm ki, çoxları bunu gözləyir. Hamısı gözləyir ki, Elnur bir yarışda uduzsun. Sonra da başlasınlar ki, pulu çox düşdü, yeməyi çox düşdü. Hamısı bunu gözləyir.

- Məmmədlinin tənqid olunan digər cəhəti olimpiadadan sonra daha çox şou tədbirlərə qatılmasıdır. Məsələn, o, Aygün Kazımovanın ad günündə, “Planet Parni iz Baku” və “Bu şəhərdə”nin konsertində, maqazin jurnalları üçün çəkilişlərdə iştirak edib.

- Maqazin jurnallarının üz qabığına bütün tanınmış idmançıları dəvət edirlər. Konkret ad çəkmək istəməzdim. Yəni, burada problem görmürəm. Konsertə də getmək olar. Hamı konsertə gedir. Ad günü və digər şou tədbirlərə qatılmaq da onun şəxsi işidir. Şəxsən mən şou-tədbirlərə getmirəm, getmək də istəmirəm. Elnur gedirsə, bu, onun öz işidir. Bunun qəbahəti var?

- Digər olimpiya çempionumuz Fərid Mansurovun fikrincə, var. Mansurov Lent.az-a müsahibəsində deyib ki, idmançı hər çağırılan yerə getməməlidir...

- Bu, Fəridin şəxsi fikridir. Mən də Elnura dəfələrlə demişdim. Bu, insanın özündən asılıdır. Atalar sözü var: “Ağır otur, batman gəl”. Məni də çox yerə dəvət edirlər. Deyirlər ki, gələk sizi çəkək. Amma getmirəm ki... Mənə reklam lazım deyil. Elnur isə çalışır ki, heç kimə etiraz etməsin. Gedib-getməməyinin səhv və ya düz olduğunu onun özü bilər.

- Siz özünüz ona tövsiyə etmisinizmi ki, şou-tədbirlərə getməyi məhdudlaşdırsın, məşqlərə daha çox diqqət ayırsın?

- Məşqlərə diqqətlə yanaşır. Amma asudə vaxtlarında harasa gedə, dincələ bilər. Dənizə getməsin, konsertə getməsin, bu da düzgün deyil axı... Əlbəttə, mən baxardım ki, hansı proqramlara gedim, hansına yox. Mən əsasən, idman proqramlarına üstünlük verərdim. Şou-zad hamısı boş şeylərdir. Kimlərsə gəlib onu çağırırsa, verilişini reklam edir, Elnuru yox. Elnuru dəvət edir ki, camaat verilişə baxsın. Mən bunu onun özünə də demişdim.

- Bəs necə reaksiya vermişdi?

- Dedi ki, nəzərə alaram.

- Sonradan belə tədbirlərdə iştirakını azaltdı?

- Bunu siz bilərsiniz. Mən o verilişlərə baxmıram, tədbirlərə də getmirəm.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2173

Oxşar yazılar