Bakıdakı dünya çempionatı Ermənistan yığmasını təşvişə salıb
28 yanvar 2011 19:02 (UTC +04:00)

Bakıdakı dünya çempionatı Ermənistan yığmasını təşvişə salıb

Sentyabrın 22-də Bakıda start götürəcək kişilər arasında boks üzrə dünya çempionatına Ermənistan yığmasının qatılıb-qatılmayacağı ilə bağlı hələlik yekun qərar verilməyib. Lent.az-ın məlumatına görə, bu haqda Ermənistanın gənclər və idman naziri Artur Petrosyan keçirdiyi mətbuat konfransında bildirib.


Nazir deyib: “Əgər təşkilatçı tərəf ötən il gənclər arasında dünya çempionatında olduğu kimi, yenə pis şərait yaratsa, bu yarışda da iştirakımız mənasızdır. Bizim qərarımız təşkilatçıların hansı şəraiti yaratmasından və hansı təhlükəsizlik təminatı verməsindən asılı olacaq”.


Oktyabrın 10-dək davam edəcək dünya çempionatı 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Olimpiadaya vəsiqə qazanmaq üçün daha bir imkan gələn il Türkiyənin İstanbul şəhərində təşkil olunacaq Avropa təsnifat turnirində də veriləcək. Lakin hər iki ölkə ilə soyuq münasibətdə olan Ermənistan tərəfi psixoloji təzyiq altında lazımi lisenziya xalları toplaya bilməyəcəyindən çəkinir.


Azərbaycan Boks Federasiyasının (ABF) I vitse-prezidenti Ağacan Abiyev isə Ermənistan nümayəndə heyətinə lazımi təhlükəsizlik təminatı veriləcəyini və münasib şəraitin yaradılacağını söyləyib: “Mən bilmirəm ki, ermənilər nədən narahatdırlar. Onlara ötən ilki dünya çempionatında da lazımi şərait və təhlükəsizlik təminatı vermişdik. Çempionatın keçirildiyi “Sərhədçi” Olimpiya İdman Mərkəzinin mehmanxanasında qalır, orada yeməklərini yeyir və rinqə çıxırdılar. Hər gün çəki yoxlamasına yollanarkən şəhəri də gəzirdilər. Onlar üçün bundan artıq nə etməli idik? Axı Bakıdan gedərkən də heç nədən narazılıqlarını bildirməmişdilər. İndi erməni nazirin belə danışmasının səbəbini anlaya bilmirəm”.

Qeyd edək ki, qarşıdakı dünya çempionatı Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunacaq. Bununla bağlı yanvarın 31-də Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vu ilə ABF-in prezidenti Kəmaləddin Heydərov arasında müqavilə bağlanılacaq.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar