Taekvondoçumuzun səhhətində ciddi problem yaranıb – EKSKLÜZİV
16 iyun 2009 10:00 (UTC +04:00)

Taekvondoçumuzun səhhətində ciddi problem yaranıb – EKSKLÜZİV

Son iki olimpiadanın iştirakçısı karyerasını başa vura bilər

Taekvondo üzrə Azərbaycan milli komandasının lideri Rəşad Əhmədov səhhətində yaranan problemlərlə əlaqədar karyerasını başa vura bilər. 2004-cü il Afina və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı Lent.az-a açıqlamasında döyüşlər zamanı ürəyində oksigen çatışmazlığının yarandığını bildirib.

27 yaşlı taekvondoçumuz ilk dəfə bu problemin Pekin olimpiadası öncəsi Almaniyanın Bonn şəhərində keçirilən beynəlxalq turnirdə meydana çıxdığını söyləyib: “Turnirdəki döyüşlərimdən birində hiss etdim ki, boğuluram. Ona görə də döyüşü saxladım”.

Əhmədov ikinci dəfə analoji halla bu ilin aprelində İranın paytaxtı Tehranda baş tutan “Fəcr” turnirində üzləşib. Ona görə də taekvondoçumuz yerli idman həkiminə müraciət edib: “Həkim məni yoxladıqdan sonra dedi ki, ürəyində 45 faiz oksigen çatışmır, müalicə olunmalısan. O, eyni zamanda müəyyən hərəkətləri yerinə yetirməyi tapşırdı”.

İdmançımız ötən həftə Bakıda baş tutan komandalararası Dünya Kubokunda Azərbaycan yığmasının Rusiya ilə ilk görüşündə sayca üçüncü dəfə ürəyində oksigen çatışmazlığı hiss edib: “Sanki əlim-ayağım tutulurdu. Ona görə də ilk görüşdən sonra bir daha döyüşmədim. Yığmamızın növbəti döyüşlərində məni 82 kq çəki dərəcəsində Ramin Əzizov əvəzlədi”.

Əhmədov ürəyindəki problemlərlə əlaqədar sabah Mərkəzi Klinik Xəstəxanada müayinədən keçəcəyini açıqlayıb. Onun sözlərinə görə, gələcək karyerası müayinənin nəticəsindən asılı olacaq: “İndiyədək iki olimpiadada çıxış etsəm də, son anda medal qazana bilməmişəm. Ona görə də 2012-ci il London Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşmək arzusundayam. Amma hər şey həkim müayinəsindən asılı olacaq. Həkimim icazə versə, döyüşəcəyəm. Əks halda, idmançı karyeramı başa vurmağa məcburam”.

Elşən
# 980

Oxşar yazılar