Uels futbol yığması Bakıya gəlməkdən imtina edir
20 may 2009 19:15 (UTC +04:00)

Uels futbol yığması Bakıya gəlməkdən imtina edir

İyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilməsi nəzərdə tutulan Azərbaycan - Uels matçı baş tutmaya bilər.

Apasport.az saytının məlumatına görə, bu şok iddianı Britaniyanın BBC İnformasiya Agentliyi irəli sürüb.

Bildirilir ki, uelslilərin Bakıya gəlmələrindən ötrü sənəd məsələlərində problem yaranıb. Belə ki, Uels yığmasının futbolçuları, rəsmiləri, eləcə də fanatları viza ala bilmirlər. Uels Futbol Assosiasiyasının sözçüsü Ceri Stennett çox narahat olduqlarını söyləyib: “Problem qaydaların dəyişməsi ilə əlaqədardır. İndi Azərbaycana səfərə gedənlərə bu ölkədən rəsmi dəvət məktubu göndərilməlidir. Azərbaycanın Londondakı səfirliyinə dəfələrlə getməyimizə baxmayaraq, problem həll olunmayıb”.

Assosiasiya rəsmisinin növbəti sözləri isə daha gözlənilməzdir: “Azərbaycan tərəfinə gecikmə ilə bağlı müraciət etmişik. Məsələnin həlli istiqamətində işlər aparılır. Oyunçular və bizimlə səfərə yollanacaq nümayəndə heyəti tam tərkibdə sənəd ala bilməsə, Azərbaycana getməyəcəyik. Ya hamımız, ya da heç birimiz!”

Paytaxtımıza 70 uelsli azarkeş təşrif buyurmaq istəyir. Bunlardan 25-i mayın 22-də 9 avtomobillə Kardiffdən yola düşəcək. Həmin azarkeşlər 2002-ci ildə yaradılmış “Göl” fanat birliyinin üzvləridir. “Göl”ün rəsmisi Tim Hartli bildirib ki, Azərbaycana Tiflisdə viza almağa cəhd göstərəcəklər: “Yaxşı olardı ki, bu həftənin cümə gününədək problem həllini tapsın. İstənilən halda, mayın 22-də səfərə çıxacağıq. Tiflisə yollanıb, orada viza almağa çalışacağıq. Əgər istəyimizə çata bilməsək, Azərbaycan-Gürcüstan sərhədində 25 uelslinin macəraya son qoyulmasını tələb etməsi mənzərəsini görmək maraqlı olacaq”.
# 947

Oxşar yazılar