Türkiyəli nazir: “Qazın qiyməti futbol matçında müəyyənləşəcək”
16 may 2009 10:15 (UTC +04:00)

Türkiyəli nazir: “Qazın qiyməti futbol matçında müəyyənləşəcək”

Türkiyənin Azərbaycandan aldığı qazın qiyməti iki ölkənin futbol üzrə milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşü ərəfəsində müəyyənləşəcək. Lent.az-ın məlumatına görə, bu haqda jurnalistlərə Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız açıqlama verib.

O, bildirib ki, son bir ildə Şahdəniz yatağının birinci fazasından gələn mavi qazın qiyməti ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə 7 dəfə danışıqlar aparılıb: “Qarşıdakı həftə ərzində ARDNŞ rəsmiləri ilə Ankarada da görüşəcəyik. ARDNŞ prezidenti Rövnəq Abdullayev həm də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidentidir. İyunun əvvəlində Türkiyə və Azərbaycan yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək. Danışıqlar həmin vaxtadək uzana bilər”.

T.Yıldız qazın qiyməti ilə bağlı rəsmi Bakıya təkliflərini ünvanladıqlarını və hazırda cavab gözlədiklərini vurğulayıb. Lakin o, konkret məbləğ açıqlamadan “Rusiyanın satdığı qiymətə deyil” deməklə kifayətlənib.

Qeyd edək ki, Türkiyə və Azərbaycan yığmaları arasında iyunun əvvəllərində 2 yoldaşlıq görüşü keçiriləcək. İyunun 2-də iki ölkənin əsas milliləri qarşılaşacaq. Ertəsi gün isə gənclərdən ibarət yığmalar üz-üzə gələcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1132

Oxşar yazılar