Maykl Felpsdən möhtəşəm qayıdış
16 may 2009 10:00 (UTC +04:00)

Maykl Felpsdən möhtəşəm qayıdış

2008-ci il Pekin Yay Olimpiya Oyunlarından sonra heç bir yarışda iştirak etməyən ABŞ üzgüçüsü Maykl Felpsin böyük idmana qayıdışı uğurlu alınıb. Lent.az-ın məlumatına görə, 23 yaşlı idmançı ABŞ-ın Şimali Karolina Ştatının Şarlott şəhərində keçirilən “UltraSwim” turnirində 2 qızıl medal qazanıb.

O, 200 metr məsafəyə sərbəst, 100 metr məsafəyə isə batterflay üsulla üzmədə hamını qabaqlayıb. Məşqlərini cəmi 2 ay öncə bərpa edən Felps əldə etdiyi nailiyyətdən xeyli razı qalıb. Turnirdə özünə qarşı jurnalistlərin marağının xeyli artmasından təəccübləndiyini bildirən məşhur üzgüçü hətta Pekin olimpiadasında belə təzyiqlə üzləşmədiyini etiraf edib.

Qeyd edək ki, “UltraSwim” turniri Felpsin marixuana qalmaqalından sonra peşəkar arenada ilk çıxışı olub. Həmin vaxt idmançı narkotik qəbul etmək üçün boru ilə birgə yaxalanmışdı. Bu isə onun yarışlardan 3 ay müddətinə kənarlaşdırılması ilə nəticələnmişdi. Pekin olimpiadasında 8 qızıl medal qazanan Felps 7 dünya rekorduna imza atıb. Ümumilikdə o, aktivindəki 14 olimpiya “qızıl”ı ilə dünyanın ən titullu idmançısı sayılır.
# 913

Oxşar yazılar