Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatı başlayır
15 may 2009 14:45 (UTC +04:00)

Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatı başlayır

Azərbaycan komandasına artıq öz sözlərini demiş gimnastlar daxildir

Bu gün Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatı başlayır. Mayın 15-dən 17-dək keçiriləcək yarış yeni olimpiya dövrəsində ən iri beynəlxalq yarışlardan biri olacaq. Bu yarışma 2009-cu ilin sentyabrında Yaponiyanın Mie şəhərində keçiriləcək dünya çempionatı qarşısında mühüm mərhələdir.

Lent.az-ın Beynəlxalq Gimnastika Federasiyasının saytına istinadən məlumatına görə, dörd növ üzrə – ip, top, lent və halqa ilə hərəkətlərdə seçmə raundda 75 gimnast fərdi qaydada mübarizə aparacaq. Bu yarışmada həm çoxnövçülük, həm də ayrı-ayrı hərəkətlər üzrə çempionlar və finalçılar müəyyən ediləcək.

Adətən yeni olimpiya dövrəsinin əvvəlində olduğu kimi, Bakı çempionatında da xalça üzərinə bir sıra yeni iştirakçı çıxacaq. Lakin bu günün “ulduzlar”ı da Rusiya triosu – Yevgeniya Kanayeva (olimpiya çempionu, 2008-ci ildə Turində keçirilmiş Avropa çempionatının qalibi), Vera Sesina və Olqa Kapranova (Turin çempionatının bürünc mükafatçısı) ilə təmsil olunacaqlar.

Ukrayna həmişəki kimi, Pekin Olimpiadasının bürünc mükafatçısı, 2007-ci ilin dünya çempionu və Turin çempionatının gümüş mükafatçısı Anna Bessonovaya ümid bəsləyir. Bakı çempionatında Ukraynanı Bessonova ilə yanaşı, iki yeni gimnast – Alina Maksimenko (1991) və Darya Kuşnerova (1992) təmsil edəcək. Keçən il Turində yeniyetmələr arasında iki növ üzrə finala çıxmış Qanna Rizaddinova isə Ukrayna komandasının ehtiyat iştirakçısıdır.

Belarus komandasına Lyubov Çarkaşina (Turin çempionatında 11-ci yer), Svetlana Rudalova və Melina Stanyuta (2008-ci ildə yeniyetmələr arasında iki növ üzrə gümüş mükafatçı) daxildir.

Bolqarıstan gimnastları Bakıya yeni komanda ilə gəliblər – Silviya Miteva (1986), Bilyana Prodanova (1991) və Monika Minçeva (1990). İtaliya komandasının ən təcrübəli gimnastı Yuliyeta Kantaluppi (1985) Kyara Yanni (1991) və Alikata Terranova (1992) ilə birgə mübarizə aparacaq.

Avstriya nümayəndəsi Karolina Veber (1986) cari mövsümün ilk turnirlərində uğurlu nəticələr göstərib (dünya kubokunda 4-cü yer). Fransa gimnastlarını yalnız bir idmançı – Turində çoxnövçülük üzrə finalçı Delfin Ledu ilə təmsil edir. Almaniya komandasında fərdi qaydada çıxış edəcək gimnastlar yoxdur. Onlar yalnız yeniyetmələr arasında qrup yarışlarında iştirak edəcəklər. İsrail nümayəndələri İrina Rizenson (1988, Pekin olimpiadasında 9-cu və Turin çempionatında 8-ci yer) və Neta Rivkinin (1991, Turin çempionatında 11-ci yer) azarkeşləri də onlardan yaxşı nəticələr gözləyirlər.
Polşa yığma komandasına Turində 13-cü yeri tutmuş Yoanna Mitroş (1988) və çoxlarının hələ tanımadığı Angelika Paradovska (1992) daxildir.

İspaniyalı Almudena Sidin pərəstişkarları son 10 ildə ilk dəfə onu bu cür sanballı yarışların iştirakçıları sırasında görməyəcəklər: Almudena idman karyerasını başa çatdırmışdır. Bu dəfə onun ölkəsini Karolina Rodriges (1986) və Marina Fernandes (1991) təmsil edəcəklər.

Azərbaycan gimnastları da layiqli rəqib olduqlarını göstərməyə hazırlaşırlar. Komandamıza bədii gimnastikada artıq öz sözlərini demiş Aliyə Qarayeva (1988, Pekində 6-cı yer) və Anna Qurbanova (1986) ilə yanaşı, iki ümidverici gimnast – Zeynəb Cavadlı (1991) və bu ilin baharında beynəlxalq turnirlərdə yaxşı nəticələr göstərmiş Samirə Mustafayeva (1993) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1247

Oxşar yazılar