Anand: “Azərbaycanın 3 şahmatçısının dünya çempionu olmaq şansı var” – MÜSAHİBƏ
07 may 2009 11:00 (UTC +04:00)

Anand: “Azərbaycanın 3 şahmatçısının dünya çempionu olmaq şansı var” – MÜSAHİBƏ

Şahmat üzrə dünya çempionu Vişvanatan Anand ilk dəfə Bakıya təşrif buyurub. Apasport.az saytının məlumatına görə, 40 yaşlı idmançı bu gün start götürəcək “Prezident kuboku” uğrunda yarışa qatılacaq.

Paytaxtımıza həyat yoldaşı ilə birgə gələn Anand Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıb.

- “Prezident kuboku”na dəvət alarkən, bu variant üzərində çox düşündünüz? Ayrı variantlar var idimi?

- Əsas problem normal qrafik qurmaqla bağlı idi. Münasib vaxt müəyyənləşdirməyə çalışdıq və sonda yarışa qatılmaq üçün müsbət cavabımı bildirdim.

- Azərbaycanlı şahmatçılar haqqında hansı fikirdəsiniz?

- Azərbaycanın şahmat komandası cavandır. Onların rapid şahmatda da yüksək göstəriciləri var. Şahmat Olimpiadasında azərbaycanlılar uğur qazanıblar. Heyətdə yaxşı keyfiyyətlərə malik oyunçular var. Bu səbəbdən qarşıdakı yarışda onların ciddi müqavimət göstərəcəyini düşünürəm.

- Ümumiyyətlə, “Prezident kuboku” turnirindən nə gözləyirsiniz?

- Kifayət qədər gərgin oyunlar olacaq. Çünki həm dünya, həm də Azərbaycan yığmasında təcrübəli şahmatçılar yer alıblar.

- Nəticə sizin üçün vacib olacaqmı?

- Məncə, qüvvələr nisbəti baxımından komandalar çox yaxındır. Hər iki kollektiv qələbəyə layiqdir.

- Sizcə, Azərbaycanın hansı şahmatçısı dünya çempionu ola bilər?

- Bu baxımdan Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimovun şansı var. Azərbaycan Şahmat Federasiyası rəhbərliyinin nəzarəti altında olduqlarını nəzərə alsaq, onlardan böyük nəticələr gözlənilir.

- Azərbaycan milli komandasının heyətində ən çox hansı şahmatçıdan çəkinirsiniz?

- Mən oyunlara maksimum məsuliyyətlə yanaşacağam. Çünki sizin yığmada liderlərin gözəl oyunları var. Xüsusilə, Vüqar Həşimovun son vaxtlar yaxşı təsir bağışladığını vurğulaya bilərəm.

- Bura gəlməmişdən öncə Azərbaycan haqqında məlumatınız var idi?

- (gülür) Ümumi məlumatım var idi. Ölkənizin coğrafi mövqeyini bilirdim. Yarışdan bir müddət sonra da Bakıda olacağam. Həmin vaxt bura ilə daha yaxından tanış olmaq niyyətindəyəm.

- Yarış çərçivəsində sizə “Oskar” mükafatı təqdim ediləcək. Bunun sizə məhz Bakıda verilməsi əvvəl aldığınız “Oskar”lardan nə ilə fərqlənəcək?

- Ən böyük fərq budur ki, “Oskar”ı ilk dəfə Azərbaycanda alacağam. Təqdimat mərasimindən dərhal sonra isə Teymur Rəcəbovla oyunlarım olacaq. Məqsədim Rəcəbovla görüşə düzgün yanaşmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1570

Oxşar yazılar