Elnur Məmmədli və Elxan Məmmədovdan qızıl medal
16 yanvar 2011 18:12 (UTC +04:00)

Elnur Məmmədli və Elxan Məmmədovdan qızıl medal

İlk qızıl medala olimpiya çempionu Elnur Məmmədli sahib çıxıb. 81 kq çəki dərəcəsində yarışan cüdoçumuz 1/8 finalda rusiyalı Sirajuddin Maqomedovu, ¼ finalda Safuan Attafı (Mərakeş), yarımfinalda Euan Bartonu (Böyük Britaniya), finalda isə Leandro Quylheyronu (Braziliya) məğlub edib. O, bütün rəqiblərini ipponla yenib.

Digər qızıl medalı isə aktivinə Elxan Məmmədov yazdırıb. 90 kq çəkidəki təmsilçimiz 1/8 finalda Daiki Nişiyamanı (Yaponiya), ¼ finalda Varlam Lipartelianini (Gürcüstan), yarımfinalda Takaşi Ononu (Yaponiya), finalda isə İlias İliadisi (Yunanıstan) üstələyib.

Həm Elnur Məmmədli, həm də Elxan Məmmədov 2012-ci il London Yay Olimpiya Oyunlarına 400 lisenziya xalı qazanıblar.

Bu gün tatami üzərinə çıxan daha 3 cüdoçumuza gəldikdə, Elmar Qasımov (100 kq) 1/8 finalda Levan Jorjolianini (Gürcüstan) yensə də, növbəti qarşılaşmada Temuulen Battulqaya (Monqolustan) uduzub.

Emil Tahirov (100 kq) elə 1/8 final mərhələsindəcə Rafael Silvaya (Braziliya) yenilib.

Ramilə Yusubova (63 kq) isə ¼ finalda Jevris Emana uduzub.

Qeyd edək ki, ilk yarış günündə İlqar Müşkiyev (60 kq) və Tərlan Kərimov (66 kq) bürünc medal qazanıblar. Beləliklə, yığmamız “World Masters” turnirini 2 qızıl, 2 bürünc medalla başa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1012

Oxşar yazılar