Azərbaycan cüdoçusu erməniyə uduzdu
15 yanvar 2011 16:47 (UTC +04:00)

Azərbaycan cüdoçusu erməniyə uduzdu

Bakıdakı “Sərhədçi” Olimpiya İdman Mərkəzində cüdo üzrə “World Masters” kateqoriyalı beynəlxalq turnir start götürüb. Lent.az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycanın 5 təmsilçisindən 2-si bürünc medal qazanıb.


Kişilərin mübarizəsində 60 kq çəkidə yarışan İlqar Müşkiyev (60 kq) mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun ilk rəqibi Lüdviq Payşer (Avstriya) olub. Görüşü qələbə ilə başa vuran Müşkiyev ¼ finalda Pavel Petrikovu (Çexiya) da yenib. Lakin yarımfinalda təmsilçimizin qarşısını Rusiya yığmasının erməni əsilli cüdoçusu Arsen Qalstyan kəsib. Qalstyan 26 saniyəyə ipponla qalib gəlib. Bununla da Müşkiyev bürünc medalla kifayətlənib.


Daha bir bürünc medala 66 kq çəkidə yer alan Tərlan Kərimov layiq görülüb. Kərimov 1/8 finalda Mikloş Unqvarini (Macarıstan), ¼ finalda isə Ju-Jin Kimi (Cənubi Koreya) yenib. Yarımfinalda isə onun qarşısını Rok Draksiç (Sloveniya) kəsib.


73 kq çəkidəki təmsilçimiz Renat Mirzəliyev 1/8 finaldaca Deks Elmonta (Hollandiya) uduzaraq mübarizəni dayandırıb.

Qadın cüdoçularımızdan 52 kq çəkidə yer alan Şahanə Hüseynova da bu mərhələdə eyni aqibətlə üzləşib. O isə Yuka Nişidaya (Yaponiya) yenilib.


57 kq çəkidəki Kifayət Qasımova isə medalın bir addımlığında dayanıb. 1/8 finalda Morqan Ribunu (Fransa) mübarizədən kənarlaşdıran Qasımova növbəti görüşündə Telma Monteyroya (Portuqaliya) uduzub. Nəticədə o, 5 – 8-ci yerlərlə kifayətlənib.


“World Masters” turnirinə yanvarın 16-da yekun vurulacaq. İkinci yarış günündə daha 5 cüdoçumuz çıxış edəcək:

Olimpiya çempionu Elnur Məmmədli (81 kq) 1/8 finalda Avropa çempionu Sirajuddin Maqomedovla (Rusiya) qarşılaşacaq.

Dünya və Avropa çempionatlarının mükafatçısı Elxan Məmmədov (90 kq) 1/8 finalda Daiki Nişiyama (Yaponiya) üz-üzə gələcək.

Gənclər arasında Avropa çempionu Elmar Qasımov (100 kq) mübarizəyə Levan Jorjoliani (Gürcüstan) ilə 1/8 final görüşündən başlayacaq.

Emil Tahirov (100 kq) 1/8 finalda Rafael Silvaya (Braziliya) rəqib olub.

Qadınların yarışında isə Ramilə Yusubova (63 kq) Jevris Emaneni (Fransa) ¼ finalda sınağa çəkəcək.

Qeyd edək ki, 200 min dollar mükafat fonduna malik “World Masters”də hər çəki dərəcəsinin qalibi 2012-ci il London Yay Olimpiya Oyunlarına 400, finalçı 240, bürünc mükafatçılar hərəyə 160, 5-ci yeri tutanlar isə hərəyə 80 lisenziya xalı qazanırlar. Bu səbəbdən, İlqar Müşkiyevlə Tərlan Kərimov 160, Kifayət Qasımova isə 80 lisenziya xalı qazanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1225

Oxşar yazılar