Azərbaycanda bukmeyker kontorları gələn həftədən işə başlayır - EKSKLÜZİV
12 yanvar 2011 15:46 (UTC +04:00)

Azərbaycanda bukmeyker kontorları gələn həftədən işə başlayır - EKSKLÜZİV

Bu haqda Lent.az-a “TopAz” brendi ilə işləyəcək diler məntəqələrindən bildirilib. Obyekt sahiblərinin sözlərinə görə, artıq onlar bu barədə məlumatlandırılıblar. Qeyd olunan tarixdə isə “Azəridmanservis” Dövlət Müəssisəsindən müvafiq göstəriş veriləcək. Bununla da ölkəmizdə yalnız “TopAz” brendli obyektlərdə pul qoyuluşu edilməsinə icazə veriləcək. Əcnəbi brendli bukmeyker kontorlarının fəaliyyətinə isə rəsmən qadağa qoyulacaq.


Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Lent.az-a açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib edib: “İdman mərc oyunlarının fəaliyyətinə nə vaxt başlanacağını dəqiq deyə bilmərəm. Yalnız o məlumdur ki, gələn həftə bununla əlaqədar “Azəridmanservis” Dövlət Müəssisəsinin baş direktoru Azər Məhərrəmovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq”.


Qeyd edək ki, Azər Məhərrəmov 2010-cu il mayın 24-də jurnalistlərlə görüşündə 11 iyun – 11 iyul aralığında təşkil olunmuş dünya çempionatı müddətində işə başlayacaqlarını söyləyib. Lakin sonradan bu proses uzanıb və oktyabrın 11-də Bakıda keçirilmiş Azərbaycan – Türkiyə matçında start veriləcəyi bildirilib. Həmin tarixlərdə açılışın baş tutmamasına əsas səbəb kimi Azərbaycanın mövcud qanunvericiliyinə uyğun sənədləşmə işlərinin ləngiməsi göstərilib.


2009-cu il iyunun 30-da Milli Məclisdə qəbul olunan “Bədən Tərbiyəsi və İdman haqqında” Azərbaycan Respublikasının Qanunun 54-cü maddəsinə əsasən, Bədən tərbiyəsi və idman Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan, bədən tərbiyəsi və idman tədbirlərinin keçirilməsindən əldə olunan, idman lotereyasının, idman mərc oyunlarının keçirilməsindən daxil olan vəsaitlər, fiziki və hüquqi şəxslərin ianələri hesabına və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən maliyyələşdirilir.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854

Oxşar yazılar