“Əli Sami Yen” stadionuna hüznlü vida
12 yanvar 2011 12:52 (UTC +04:00)

“Əli Sami Yen” stadionuna hüznlü vida

Lent.az-ın məlumatına görə, “sarı-qırmızılar” bu arenada son oyununu Türkiyə Kubokunun qrup mərhələsinin 3-cü turu çərçivəsində “Bəybazarı Şəkərspor”la keçiriblər.

3:1 hesabı ilə qalib gələn “Cim-Bom”un qollarını 73-cü dəqiqədə Sərvət Çətin, 82-ci dəqiqədə Arda Turan və 90+2-ci dəqiqədə Kazım Kazım vurub. Qonaqlardan isə 23-cü dəqiqədə Caner fərqlənib. Bu nəticə ilə xallarını 7-yə çatdıran “Qalatasaray” A qrupunda liderliyini qoruyub.

Amma qarşılaşma öncəsi və sonra yaşananlar azarkeşlərə və komanda üzvlərinə duyğulu anlar yaşadıb. “Əli Sami Yen” stadionuna əlvida” tədbiri “Qalatasaray”ın canlı əfsanələri arasında keçirilmiş oyunla başlayıb. Hazırkı klub prezidenti Adnan Polatla əvvəlki prezident Alp Yamanın kapitanlıq etdiyi matçda əvvəllər “sarı-qırmızı” forma geyinmiş və əldə olunan uğurlarda böyük payı olan futbolçular çıxış ediblər. Görüş Hakan Şükürün yer aldığı komandanın qələbəsi ilə nəticələnib – 7:3. Azarkeşlər komandanı tribunalara tərəf çağıraraq alqışlayıblar.

Adnan Polat çıxışında bəzi azarkeş qrupları tərəfindən fitə basılsa da, fikirlərini böyük hüznlə çatdıra bilib: “Bu gün bütün könlümüzü, qəlbimizi verdiyimiz, həyatımızı keçirdiyimiz “Əli Sami Yen”imizdən ayrılırıq. Lakin bura bizim könlümüzdə, ruhumuzda daim qalacaq”.

Vida gecəsi möhtəşəm işıq və rəqs şousu ilə davam edib. Əli Kırca “Əli Sami Yen” şeiri oxuduğu vaxt futbolçular və azarkeşlərin bir çoxu göz yaşlarına hakim ola bilməyib. Hamı “Qalatasaray”ın tarixi uğurlarını bir daha stadiondakı ekranlardan izləyib. Havaya fişənglər atılıb.

“Qalatasaray”ın “Əli Sami Yen” stadionunun kreslolarını satma layihəsi üzündən matç öncəsi tribunalardakı oturacaqlar sökülüb. Azarkeşlər bu oyun üçün paylanan və üzərində “Əli Sami Yen sonsuza qədər” yazılan sarı-qırmızı rəngli xalçaların üzərində oturub. Onlar oyun boyu müxtəlif şüarlar səsləndiriblər.

Qeyd edək ki, “Əli Sami Yen” stadionu 1960-cı ildə tikilsə də, rəsmi açılışı 20 avqust 1964-cü ildə Türkiyə - Bolqarıstan matçına təsadüf edib. Adını “Qalatasaray”ın qurucusu Əli Sami Yendən alan stadion 49 il müddətinə “sarı-qırmızılar”a icarəyə verilib. 1997-ci ildə isə arena klubun tam balansına keçib. 22800 nəfər tamaşaçı tutumuna malik stadionda “Qalatasaray” “Real”, “Milan”, “Barselona”, “Mançester Yunayted”, “Yuventus”, “Liverpul” kimi Avropanın bir çox ünlü komandalarını qəbul edib. Lakin “Cim-Bom” bundan sonra ev oyunlarını Seyrantəpədə inşa edilən “Türk Telekom Arena”da keçirəcəyindən, “Əli Sami Yen” stadionu söküləcək və yerində biznes mərkəzi tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar