Zeynal Məmmədov: “Şefer gedir, Starkov “Bakı”ya baş məşqçi gəlir”
05 yanvar 2011 14:55 (UTC +04:00)

Zeynal Məmmədov: “Şefer gedir, Starkov “Bakı”ya baş məşqçi gəlir”

Məmmədov Lent.az-a açıqlamasında komandanın hazırkı baş məşqçisi Vinfrid Şeferlə görüşəcəyini bildirib.

Onun sözlərinə görə, məqsəd Şeferin təzminat məsələsini həll etməkdən ibarətdir. “Bakı” rəhbərliyi almaniyalı mütəxəssisi istefaya göndərmək niyyətindədir. Lakin müqaviləsi 2012-ci ilin yayında başa çatacaq Şeferi vaxtından əvvəl göndərmək üçün “Bakı” ona təzminat ödəməlidir.

Məmmədov 61 yaşlı baş məşqçinin komandada qalma ehtimalının olmadığını vurğulayıb. Onun sözlərinə görə, Şefer istefaya göndərildikdən sonra baş məşqçi postuna tanınmış latviyalı mütəxəssis Aleksandr Starkov gətiriləcək.

Qeyd edək ki, Vinfrid Şefer “Bakı”ya 2010-cu ilin yayında baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında paytaxt klubu qeyri-sabit oyun nümayiş etdirib. Unibank Premyer Liqasında ikinci dövrənin sonuna 3 tur qalmış komanda 28 xalla 7-ci pillədə qərarlaşıb. “Bakı” mükafatlar uğrunda mübarizəyə imkan verən ilk “6-lığ”a düşmə şanslarını çətinləşdirib. Aleksandr Starkov isə 2007-ci ildən Latviya yığmasına, 2009-cu ildən isə “Skonto”ya rəhbərlik edir. O əvvəllər də bu komandalarda çalışıb və nəzərəçarpacaq uğurlara imza atıb. 56 yaşlı mütəxəssisin rəhbərliyi altında Latviya millisi 2004-cü il Avropa çempionatının final mərhələsində çıxış edib. Daha sonra Starkov 2006-cı ilədək Rusiyanın Moskva “Spartak”ında çalışıb. Ali Məşqçilər Məktəbini başa vurub, “Pro” kateqoriyalı məşqçilik lisenziyası var.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676

Oxşar yazılar