Respublika stadionunda yubiley münasibətilə yenidənqurma aparılacaq
28 dekabr 2010 11:52 (UTC +04:00)

Respublika stadionunda yubiley münasibətilə yenidənqurma aparılacaq

Bu haqda Lent.az-a stadionun direktoru Akif İsmayılov məlumat verib.

İsmayılovun sözlərinə görə, artıq bu məqsədlə növbəti ilin büdcəsindən vəsait ayrılmasına qərar verilib. Yenidənqurma işlərinə, ilk növbədə, stadionun işıqlandırma sisteminin, oturacaqlarının, arena ətrafındakı dəmir hasarların dəyişdirilməsi daxildir. Eyni zamanda, meydançanın ot örtüyünün də yenisi ilə əvəzlənməsi və ya toxum səpilməsi nəzərdə tutulub. Bu işlərin də yaxın vaxtlarda oyunların keçirilməsinə maneçilik törətməmək şərti ilə görülməsi nəzərdə tutulub.

Stadion direktorunun fikrincə, VİP-sektorların jurnalistlər üçün sektorlar olan tərəfə keçirilməsi və tablo ətrafındakı sektorların bir qədər qaldırılması da məqsədəuyğundur. Amma hər şeyə Gənclər və İdman Nazirliyi rəhbərliyi ilə yanvarın əvvəllərində nəzərdə tutulan görüşündən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına respublika stadionu hələlik Azərbaycanın bir nömrəli arenası sayılır. Stadionun rəsmi açılışı 1951-ci il oktyabrın 16-da keçirilib. Tikintisinə 1939-cu ildə start verilsə də, Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar stadionun inşa işləri yarımçıq qalıb. Tikinti müharibədən sonra davam etdirilib və 12 illik fasilədən sonra idman azarkeşlərinin ixtiyarına verilib. Almaniyalı hərbi əsirlərin tikdiyi stadion yuxarıdan “S” hərfini xatırladır. Stadionun arxitekturası o zaman xalqların rəhbəri sayılan İosif Stalinin şərəfinə qurulub. Kommunist Partiyasının XX Qurultayından sonra stadion Vladimir Leninin adını daşıyıb. Amma 1990-cı illərdə - dünya şöhrətli hakim Tofiq Bəhramov dünyasını dəyişəndən sonra stadion onun adını daşımağa başlayıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 777

Oxşar yazılar