“Barselona”nın futbolçularını Allah göndərib”
27 dekabr 2010 16:10 (UTC +04:00)

“Barselona”nın futbolçularını Allah göndərib”

“Həmişə fikirlərimi açıq şəkildə demişəm və yenə deyəcəyəm. Açıq deməsəm, Naci Şensoy deyiləm”. Lent.az-ın məlumatına görə, bu fikirləri Tovuzun “Turan” futbol klubunun yeni baş məşqçisi Naci Şensoy dekabrın 27-də keçirilmiş təqdimat mərasimində deyib.

Türkiyəli mütəxəssis bildirib ki, 2004-cü ilin yayından 2005-ci ilin dekabrınadək “Turan”da ikən verdiyi açıqlamaları həmin dövrün tələblərinə uyğun səsləndirib. Vaxtilə dediyi “Bin Laden olub, AFFA-nı partladacağam” açıqlamasına aydınlıq gətirən Şensoy bildirib ki, heç də dediklərini mexaniki olaraq, yerinə yetirmək fikrində olmayıb: “O, bir mesaj idi. Dəyişiklik etmək istəyi ilə fikirlərimi bu formada çatdırmışdım. Bu cür açıqlamalarla nəyi vurğulamaq istədiyimi siz jurnalistlər daha yaxşı başa düşməlisiniz. “Real”ın hazırkı baş məşqçisi Joze Mourinyo da zaman-zaman fikirlərini bu cür açıqlamalarla çatdırır”.

Yeni baş məşqçi “Turan”ın oyun sistemini dəyişdirmək istədiyini də söyləyib. O, İngiltərənin “Arsenal” klubundakı həmkarı Arsen Vengerin strategiyasından yararlanacağını vurğulayıb: “Vaxtilə “Arsenal” uzun ötürmələrlə maraqsız oyun sərgiləyirdi. Amma Arsen Venger komandanın oyununu dəyişdirdi. Düzdür, “Arsenal” İngiltərə çempionu, Çempionlar Liqasının qalibi ola bilmir, amma hər il Avropanın ən nüfuzlu klub turnirində oynayır, futbolçular yetişdirir və daha imkanlı klublara satır. Biz də bu strategiyadan yararlanmaq istəyirik. Əvvəllər “Turan”da çalışdığım vaxt 5 futbolçu yetişdirdim. Qapıçı Kamran Ağayevi 19 yaşında ikən əsas heyətdə oynatdığım üçün tənqid edilirdim. Amma o vaxt bildirmişdim ki, Kamran Ağayev İker Kasilyasdan da yaxşı qapıçıdır”.

Amma Şensoy “Turan”ı İspaniyanın “Barselona” klubu kimi oynatmaq arzusunda olduğunu ifadə edib: “Futbolu digər klublar oynayırlar. “Barselona”nın futbolçuları isə bu dünyanın oyunçuları deyillər. Onları Allah göndərib”.

Ötən dövrdə Azərbaycan futbolunda bariz inkişafın olmadığını deyən yeni baş məşqçinin fikrincə, Türkiyə üzərində qələbə və ya “Qarabağ”ın Avropa Liqasında bir neçə mərhələ keçməsinə böyük irəliləyiş demək olmaz. Bunun üçün komandaların oyun sistemi ilə yanaşı, infrastrukturu da yaxşılaşdırılmalıdır. 52 yaşlı mütəxəssis Unibank Premyer Liqasında “Neftçi” və “Xəzər Lənkəran” klublarından birinin çempion olacağını da əlavə edib.

“Turan”ın transfer planlarına da toxunan Şensoy bu məsələdə daha diqqətli davranacaqlarını söyləyib. O, “Qalatasaray” kimi səhvə yol verməyəcəklərini bildirib: “Elə etməliyik ki, transferlərdə 80 faiz düzgün qərar qəbul edək, daha Türkiyənin “Qalatasaray” klubu kimi 80 faiz yanlış transferlərlə çətin durumda qalmayaq. Əlbəttə, bir-iki təcrübəli futbolçuya ehtiyacımız var. Bu halda gənc oyunçular onlardan nümunə götürə və səviyyəli futbolçu kimi yetişə bilərlər”.

Klub prezidenti Musa Süleymanov isə artıq yerə pul xərcləməyəcəklərini deyib: “Komandamızın məişət, geyim problemləri olmayacaq. Amma 500 min dollar və ya 1-2 milyon dollarlıq futbolçu almayacağıq. Öz imkanlarımız daxilində 1-2 təcrübəli oyunçu transfer edəcəyik. Vurğun Hüseynovun hələ bizimlə 6 aylıq müqaviləsi var. O, yəqin ki, komandamızda qalacaq. Nadir Nəbiyevin qaytarılması isə müzakirə olunmur. Yaxşı futbolçu olsaydı, işsiz qalmazdı. Əsasən, 18 – 22 yaşlı futbolçulara üstünlük verəcəyik”.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653

Oxşar yazılar