Əli İsmayılov: “Sadəcə, dəhşət idi!” – MÜSAHİBƏ
20 dekabr 2010 12:25 (UTC +04:00)

Əli İsmayılov: “Sadəcə, dəhşət idi!” – MÜSAHİBƏ

Azərbaycanın peşəkar boksçusu Əli İsmayılovun Lent.az-a müsahibəsi

- WBA versiyası üzrə birinci ağır çəki dərəcəsi (90,7 kq) üzrə döyüşdə kubalı Xuan Pablo Ernandesə məğlubiyyəti necə qarşıladınız?

- Bu döyüş həm özüm, həm də hamı üçün gözlənilməz alındı. Nəticənin belə olacağını yuxuda da görə bilməzdim.

- Əslində nə baş verdi?

- Düzdür, rəqibin zərbəsini buraxmışdım, sifətimə zərbə dəymişdi. Amma zərbənin gücündən yox, arxaya doğru hərəkətlənərkən, bilmirəm ayağım büdrədi, yoxsa burxuldu və yıxıldım. Yıxıldığım an ayaqlarım içəridə qaldı, bədənim isə kəndirlərin arasından çölə çıxdı. Bu zaman belim pilləkənə, başımın arxa hissəsi isə yerə dəydi. Bir də gözlərimi açdım, gördüm ki, rinqdən kənardayam. Görüşün supervayzeri dedi ki, boksçu rinqdən kənara çıxanda nokdaun saymırlar. Yenidən rinqə qaytarırlar və döyüşü davam etdirirlər. Amma mən rinqə qayıdarkən, görüşü idarə edən fransalı hakim rəqibimin nokautla qalib gəldiyini elan etdi. Buna görə çoxlu mübahisə oldu, hakimdən narazı qaldılar.

- Məgər döyüşü davam etdirməyə hazır idiniz?

- Əlbəttə. Düzdür, 10 saniyəyə ayağa qalxmadım. Hardasa 12 saniyədən sonra durdum. Bu da ayağımın kəndirə ilişməsi ilə əlaqədar idi. Bu zaman sekundantlar və məşqçilər yaxınlaşaraq, ayağa durmağıma köməklik etməli idilər. Nə isə, onlar da quruyub-qalmışdılar. Əslində görüş davam etdirilməli idi. Təşkilatçılar da görüşün davam etdirilməsinə tərəfdar idilər. Deyirdilər ki, ortada bir şey yoxdur. Lakin rinqdəki hakimin qərarı ilə Xuan Pablo Ernandes qalib elan olundu. İlk dəfə idi ki, bu vəziyyətlə üzləşirdim. Karyeramda heç vaxt belə olmamışdı.

- Yıxıldıqdan sonra huşunuzu itirməmişdiniz?

- Xeyr.

- Bəs hakimin qərarına niyə etiraz etmədiniz?

- Etiraz etdik. Həm mən, həm məşqçilərim, həm də sekundantlarım rinqə daxil oldular və qərardan narazılıqlarını bildirdilər. Peşəkar boksun qanunlarına əsasən, boksçu aldığı zərbədən sonra rinqdən kənara düşürsə və 20 saniyə ərzində ayağa qalxırsa, noqdaun vəziyyəti saxlanılır. Yəni, nokaut sayılmır. Həmin boksçu rinqə qaytarılır və döyüş davam etdirilir. Amma mən rinqə daxil olan kimi hakim döyüşü saxladı. O, 10 saniyə ərzində rinqə qayıtmadığımı deyərək, rəqibimi qalib elan etdi. Biz isə bu qərarın qeyri-qanunu olduğunu bildirərək, bir qədər mübahisə etdik. Hətta yarışın supervayzeri “Camaat pul verib, bilet alıb ki, döyüş izləsin. Sən isə nə tez qərar çıxarırsan?” deyə rinq hakiminə narazılıq etdi. Amma qərar dəyişmədi.

- Lakin Rusiya mətbuatı yazıb ki, Siz hakimin qərarından heç bir narazılıq etməmisiniz...

- Biz narazılığımızı qaydalar çərçivəsində bildirdik. Daha dava salası deyildik ki... Çox kəskin etiraz etsəydim, rəqibim qalib elan edilərkən, hakimin yanında olmasaydım, məni bir neçə il müddətinə diskvalifikasiya edə bilərdilər. Ola bilsin, hakimin qərarından apellyasiya verdik. Promouterin də fikrini öyrəndikdən sonra bu həftə ərzində qəti qərar qəbul edəcəyik. Şikayət rəsmi formada olmalıdır. İddiam qəbul olunsa, döyüşün nəticəsi ləğv olunacaq və görüş yenidən keçiriləcək.

- Bəs 10 saniyədən tez ayağa qalxsaydınız, döyüş davam edəcəkdi?

- Əlbəttə. Rinqin kəndirləri daxilində yerə yıxılsaydım, heç bir problem olmazdı. 3-4 saniyəyə ayağa qalxacaqdım. Lakin arxaya gedərkən, kəndirlərin arasından çölə yıxıldım. Belim pilləkənə dəyəndən sonra başımın arxası da yerə dəydi. Zərbənin gücündən yox, başımın arxası yerə dəydiyi üçün tez qalxa bilmədim.

- Rəqibiniz güclü idi?

- Sözsüz. Xuan Pablo Ernandes WBA versiyası üzrə reytinq cədvəlində 1-ci yerdə gedirdi. 2-ci pillədə isə mən idim. Bu döyüşün qalibi WBA versiyasında dünya çempionu kəmərinin hazırkı sahibi, panamalı Gilyermo Consla döyüşəcəkdi.

- Elə isə döyüş davam etsəydi, Ernandesə qalib gələ bilərdiniz?

- Təbii ki, şans var idi. Döyüşə yaxşı hazırlaşmışdım. İki ayadək təlim-məşq toplantısı keçmişdim. Hazırlıq səviyyəmdən narazı deyiləm. Sadəcə, ilk növbədə özüm, sonra isə tamaşaçılar, yarış təşkilatçıları üçün gözlənilməz alındı.

- Bir çoxları belə məğlubiyyəti biabırçılıq kimi dəyərləndirir...

- O cür düşünənlərin boksdan başları çıxmır. Belə hallar digər boksçuların döyüşlərində də baş verib. Mayk Tayson, Evander Holifild, Lennoks Lüis kimi peşəkar boksçular rəqiblərini bir zərbə ilə rinqdən kənara çıxarıblar. Hakim isə döyüşü davam etdirib. Amma Ernandeslə görüşdə hakim mənə qarşı eyni münasibəti göstərmədi.

- Əvvəllər WBO versiyasında da ilk cəhddəcə uduzmuşdunuz. İndi isə WBA versiyasında uğursuzluğa düçar oldunuz. Bundan sonra da peşəkar boksçu karyeranızı davam etdirmək fikriniz var?

- İnşallah, davam etdirəcəyəm. Ola bilsin, İBF və ya WBC versiyalarında qüvvəmi sınadım. Yenə reytinq döyüşlərini qələbə ilə başa vurmalı və bu versiyaların birində kəmərə iddia etməliyəm. Bunun üçün il ərzində 4-5 döyüş keçirməliyəm. Lakin uduzduğum üçün reytinqim aşağı düşəcək və yenə sıfırdan başlayacağam.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar