Samir Abasov: “Onlar çox səviyyəsizdirlər” –  MÜSAHİBƏ
22 dekabr 2010 16:02 (UTC +04:00)

Samir Abasov: “Onlar çox səviyyəsizdirlər” – MÜSAHİBƏ

Azərbaycan milli komandasının və “Qarabağ” klubunun futbolçusu Samir Abasovun Lent.az-a müsahibəsi



- Uzun müddətli zədədən sonra özünüzü necə hiss edirsiniz?

- Hazırda özümü normal hiss edirəm. Komanda ilə məşqlərə başlamışam. Dekabrın 23-də “Xəzər Lənkəran”la səfər qarşılaşmasından sonra müalicəmi bir az da davam etdirəcəyəm.

- “Xəzər Lənkəran”la matçda oynaya biləcəksiniz?

- İnşallah. Oynamağa hazıram. Amma hər şey baş məşqçimiz Qurban Qurbanovun qərarından asılı olacaq. Artıq ötən tur “Muğan”la matçın son 11 dəqiqəsini meydançada keçirmişəm. Bildiyiniz kimi, yığma ilə birgə təlim-məşq toplantısında olduğum vaxt boyun nahiyəmdən həddən artıq ciddi zədə almışdım. Məndən öncə analoji xəsarətlə üzləşən futbolçular da bunu təsdiqləyərlər. Bel zədəsi olsaydı, nisbətən yaxşı idi. Amma boyundan xəsarət alanda, baş gicəllənir, ciddi ağrılar olur. Zərbə boyun nahiyəmdən çox pis dəymişdi. Daha uzun müddətə sıradan çıxa bilərdim. Amma həkimlərin səyi nəticəsində 3 ay ərzində bərpa olundum. Amma özümü yenə qoruyuram.

- Ümumiyyətlə, “Qarabağ”da işləriniz necə gedir?

- “Qarabağ”da kollektiv baxımından işlərim əladır. Lakin öz oyunum baxımından heç də yaxşı deyil. Çünki komandaya yayda gəlmişəm. Bir-iki ay oynayıb öyrəşirsən, birdən-birə ciddi zədə aldıqda bu, istər-istəməz futbolçuya psixoloji cəhətdən pis təsir edir. Çünki yeni komandada oynayıb özünü göstərməyi, azarkeşlərin rəğbətini qazanmağı fikirləşdiyin zaman zədələnərək, 2-3 həftəlik sıradan çıxırsan. Bu, həddən artıq pis şeydir.

- Amma əvvəlki klubunuz “İnter”də daim əsas heyətdə meydançaya çıxırdınız...

- Orada zədələrim olsa da, indiki kimi problem yaratmırdı. Tezliklə sağalaraq oynayırdım.

- “Qarabağ”ın turnir cədvəlində hazırkı mövqeyini necə dəyərləndirirsiniz?

- Komandamızın hazırkı mövqeyi normal deyil. Son turlarda qələbə qazanmağa başlamışıq. Bir az özümüzə gəlmişik. “Xəzər Lənkəran”la qarşılaşma öncəsi motivasiyamız, hazırlıq səviyyəmiz qaydasındadır. Amma turnir cədvəlində əsl mövqeyimizdə deyilik. Əsas məqsədimiz ilk “6-lığ”a düşmək və daha sonra yüksək nəticələr göstərməkdən ibarətdir.

- Dekabrın 23-də “Xəzər Lənkəran”la keçirəcəyiniz səfər oyununu ilk “6-lığ”a düşmək baxımından həlledici saymaq olar?

- Bəli. “Xəzər Lənkəran”la qarşılaşmanı bu il üçün çox həlledici sayırıq. Bu, ilk “6-lıq”da yerimizi təmin etmək baxımından çox yaxşı şans verən oyundur.

- Bəs Lənkəranda hansı nəticə “Qarabağ”ı qane edəcək?

- Açığı, nəticə haqda düşünməmişik. Turnir cədvəlinə diqqət yetirib, “Belə etsək, yaxşı olar” deməmişik. Lənkərana uduzmamaq üçün gedirik.

- Artıq 32 yaşınız var. Bəzilərinin fikrincə, əvvəlki kimi oynaya bilmirsiniz, karyeranızı başa vurmaq vaxtınız çatıb...

- Onlar azarkeş kimi yanaşırlarsa, ola bilsin, haqlıdırlar. Formada olmaya bilərəm. Karyeramı başa vurmağımın gərəkliyi haqda danışanları isə ağılsız insanlar sayıram. Onlar çox səviyyəsizdirlər. Yaxşısı budur, heç futboldan danışmasınlar.

- Yığmadakı çıxışlarınızı da davam etdirəcəksiniz?

- İnşallah, çağırsalar, gələcəyəm.

- Bu yaxınlarda “İnter”in sabiq rəsmisi Alı Alıyev barənizdə tənqidi fikirlər səsləndirib...

- Eşitdim. Məni elə adamlarla müqayisə edəcəksinizsə, müsahibə götürməsəniz, yaxşıdır. Futbol ictimaiyyətindən onu da soruşun, Samir Abasovu da. Oyunumu bəyənməyənlər ola bilər. Amma insan kimi, Alıyevin dediklərinə inanmayın.

- Alıyev konkret, 2009-cu ilin mayında keçirilmiş Azərbaycan kubokunun final qarşılaşmasında baş verən epizoddan danışıb. O deyib ki, həmin vaxt “İnter”də çıxış edərkən, “Qarabağ”ın futbolçusuna qəsdən kobudluq edərək penaltiyə səbəb olmusunuz...

- Bu, adi oyun epizodu idi. “Qarabağ”da o cür tərtəmiz insanlar, məşqçilər, rəhbərlik var. Penaltiyə qəsdən səbəbkar olsaydım, onlar məni “Qarabağ”a götürərdilər? Qorxmazdılarmı ki, eyni hərəkətə orada da yol verərəm? Doğrudan da adamı əsəbiləşdirirlər.

- Alıyevin dövründə “İnter”də oynamısınız?

- Xeyr, mən ondan sonra gəlmişəm. Amma çox şey eşitmişəm. Həmin vaxt “İnter”də oynayanların yarısı indi “Qarabağ”dadır. Elə insanlara cavab verməyin yeri yoxdur. Allaha şükürlər olsun ki, hazırda futbolumuzda bu cür insanlar yoxdur.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar