“Barselona” 111 illik ənənəsini pozdu
11 dekabr 2010 11:06 (UTC +04:00)

“Barselona” 111 illik ənənəsini pozdu

“Barselona” futbol klubu “Qatar Foundation” adlı qeyri-kommersiya təşkilatı ilə 5 illik müqavilə bağlayıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Qətər fondunun loqotipi 2011-2012-ci il mövsümündən etibarən “Barsa”nın futbolkalarında yerləşdiriləcək.

“Qatar Foundation”la 5 illik əməkdaşlıq qarşılığında Kataloniya təmsilçisi hər il 30 milyon avro olmaqla, ümumilikdə 150 milyon avro alacaq.

Hazırda “Barsa” futbolçuları geyimlərində BMT-nin Uşaq Fondunun (UNİCEF) loqotipini daşıyırlar. Klub bu qurumla 2006-cı ildən əməkdaşlıq edir. UNİCEF nəinki kataloniyalılara pul ödəyir, əksinə, ildə 1,5 milyon avro alır. İndi isə “Barselona”ya 111 illik tarixi ərzində ilk dəfə futbolkalarında reklam qarşılığında pul ödəyəcəklər.

Amma yenə də klub UNİCEF-dən imtina etməyəcək. Futbolçuların geyimlərində həm BMT Uşaq Fondunun, həm də “Qatar Foundation”ın loqotiplərinin yerləşdiriləcəyi gözlənilir. Hazırda onlar üçün yerlər seçilir.

Qeyd edək ki, FİFA İcraiyyə Komitəsi 2022-ci il dünya çempionatının Qətərdə keçirilməsi haqda qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 783

Oxşar yazılar