“Bakı”nın futbolçuları “Neftçi”yə meydan oxudu – FOTO
11 dekabr 2010 10:36 (UTC +04:00)

“Bakı”nın futbolçuları “Neftçi”yə meydan oxudu – FOTO

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “zolaqlılar”ın son məşqi özlərinə məxsus bazada reallaşıb.

Qapıçılar Aqil Məmmədov və Xalidu Sissoko ayrıca məşq keçiblər. Digər qolkiper Marko Şarliya isə çiynindən aldığı zədə səbəbindən məşqə qatılmayıb. O, komanda yoldaşı Ernad Skuliçlə birgə trenajor zalında əzələlərin bərpası üzrə hərəkətlərlə məşğul olub. Məşq prosesində ümumilikdə 3 futbolçu iştirak etməyib: Marko Şarliya, Ernad Skuliç və Rəhman Hacıyev. Cərrahiyyə əməliyyatına məruz qalan Hacıyev saatyarımlıq məşqi kənardan izləyənlər arasında olub.

”Bakı”nın futbolçuları liderlə qarşılaşma barədə iddialı açıqlamalar veriblər:

Stefan Sebastian Borbikoni: “Bu, “Bakı” üçün çox önəmli oyundur. Son matçda “Simurq”a məğlub olmağımız işlərimizi korladı. “Neftçi” Premyer Liqanın əsas favoritidir və hazırda turnir cədvəlinin ilk pilləsindədir. Bu oyunda rəqib də bizim qədər qalib gəlmək istəyindədir. Lakin biz bu oyunda 3 xal qazanaraq özünəinam hissimizi qaytarmalıyıq. Bu həftə üçüncü oyuna çıxacağıq. “Neftçi” də üç oyun keçirib. Biz rəqibdən fərqli olaraq son oyunda 120 dəqiqə oynamışıq. Buna baxmayaraq yaxşı oynayıb, qalib gələcəyik”.

Leanardo Roşa: “Bu dəfə üç xalı əldən verə bilmərik. Meydançaya çıxıb, ancaq qələbə haqqında düşünməliyik. Rəqib çox güclüdür, çempionatın əsas favoritlərindən biri sayılır. Biz də asan yem deyilik. Bunu onlara isbat etmək üçün yaxşı futbol oynamalıyıq”.

Fabio Luis Ramim: “Demək olmaz ki biz zəif oynayırıq. Çoxlu qol vəziyyətləri yaradırıq, imkanları layiqincə qiymətləndiririk. Bəziləri deyir ki, komandamız indi zəifdir. Bununla razılaşmıram. “Bakı” böyük komandadır. Son 2 ildə biz qızıl və gümüş medallar, Azərbaycan Kubokunu qazanmışıq. Biz axırıncı yerdə olsaq belə, rəqiblərimiz bilir və yaxşı başa düşür ki, “Bakı”nı məğlub etmək heç də asan deyil. Biz buna yol verməyəcəyik. Rəqibimiz Azərbaycanın iddialı klublarından biridir. Onlar hazırda yüksəliş dövrlərini yaşayırlar. Buna baxmayaraq var gücümüzü ortaya qoyub, qələbə qazanmalıyıq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Bakı” matçı dekabrın 11-də saat 18-də başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712

Oxşar yazılar