Romal Amanov: “Baku Fires” yenə 5:0 hesabı ilə qalib gələcək” - FOTO
10 dekabr 2010 18:48 (UTC +04:00)

Romal Amanov: “Baku Fires” yenə 5:0 hesabı ilə qalib gələcək” - FOTO

Lent.az-ın məlumatına görə, “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutacaq döyüşlərə saat 19:00-da start veriləcək.

Boks gecəsindən bir gün öncə hər iki komandanın iştirakı ilə mətbuat konfransı təşkil olunub. WSB-nin supervayzeri Kişen Narsi əvvəlcə yarışın keçirilmə qaydaları haqda məlumat verib. O bildirib ki, 5 çəki dərəcəsi üzrə mübarizə nəticəsində 5 ən güclü boksçu 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq. Narsi hər iki komandanın təcrübəli boksçulardan təşkil olunduğunu söyləyib: “Qoy, güclü qalib gəlsin”.

“İnçeon Red Wings”in baş meneceri Tar Yanq Kim isə “Baku Fires”i çox güclü komanda kimi dəyərləndirib. O, görüşün maraqlı mübarizə şəraitində keçəcəyinə əminlik ifadə edib.

“Baku Fires”in baş meneceri Rizvan Gənciyev komandamızın hazırda qrup lideri olduğunu xatırladıb. Əvvəlki qarşılaşmalarda “Beijing Dragons” (Çin) və “Astana Arlans” (Qazaxıstan) üzərində qələbələrin qazanıldığını deyən Gənciyev bütün rəqiblərin güclüyə qarşı ciddi hazırlaşdığını bildirib: “Biz də sabahkı görüşə ciddi yanaşırıq. Rəqibin əvvəlki döyüşlərinə baxmışıq. Uduzmalarına baxmayaraq, heç də zəif deyillər. “İnçeon Red Wings”un heyətində Asiya çempionu və dünya çempionatının bürünc mükafatçısı var. İndidən şansları dəyərləndirmək istəməzdim. Hər şeyə döyüşlərdə aydınlıq gələcək”.

Sonra söz “İnçeon Red Wings”in baş məşqçisi Mars Kuçkarova verilib. O, “Baku Fires”in güclü heyətə və Yevgeni Kotov kimi təcrübəli baş məşqçiyə malik olduğunu, komandamızın ABŞ-ın Mayami şəhərində təlim-məşq toplantısında iştirak etdiyini xatırladıb. Bununla belə, Kuçkarov qələbə qazanmağa çalışacaqlarını qeyd edib.

Boksçularımızdan Romal Amanov isə görüşlə bağlı proqnoz verib: “Mən bütün komanda yoldaşlarıma inanıram. Hamısı güclüdürlər. “Beijing Dragons”la qarşılaşmada olduğu kimi, yenə klubumuzdan 5:0 hesablı qələbə gözləyirəm. Bizim üçün hər bir döyüş çətindir. İnşallah, nəticəsi yaxşı olar”.

Onun sözlərinə “Baku Fires”in baş məşqçisi Yevgeni Kotov da dəstək verib: “Amanov təcrübəlidir. Çoxdan boksla məşğul olur. Ona görə də Romalın sözlərinə inanıram”.

Daha sonra hər iki komandanın boksçuları tərəzidə çəkiliblər və jurnalistlər qarşısında poz veriblər.

Döyüşlərin tərkibi isə belədir:

54 kq
Məhəmməd Abdulhəmidov (Baku Fires) - Ju Seonq Kim (İncheon Red Wings)

61 kq
Romal Amanov (Baku Fires) – Bahadırjon Sultonov (İncheon Red Wings)

73 kq
Soltan Migitinov (Baku Fires) – Viktor Kontijuanski (İncheon Red Wings)

85 kq
Ramazan Maqomedov (Baku Fires) – Reece Papuni (İncheon Red Wings)

+91 kq
Beka Lobjanidze (Baku Fires) – Mixail Muntian (İncheon Red Wings)

Qeyd edək ki, “Baku Fires” WSB Liqasında keçirdiyi hər iki görüşdə qələbə qazanıb. Komandamız əvvəlcə Bakıda Çinin “Beijing Dragons” klubunu 5:0, ardından Qazaxıstanda “Astana Arlans”ı 4:1 hesabı ilə məğlub edib. “İncheon Red Wings” isə hər iki görüşdə rəqiblərinə uduzub.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 984

Oxşar yazılar