AFFA üçün talisman təklifi: Dəcəl, şirin və sevimli
10 dekabr 2010 15:48 (UTC +04:00)

AFFA üçün talisman təklifi: Dəcəl, şirin və sevimli

Apasport.az saytının məlumatına görə, müxtəlif idman növlərində bir sıra yarış və tədbirlərə ev sahibliyi edən Azərbaycan futbolçuların dünya çempionatına ilk dəfə təşkilatçı qismində qatılacaq.

Futbol isə elə futboldur və onun digər növlərdən fərqli olmasını izah etməyə ehtiyac yoxdur. Bu mundial FİFA-nın keçirdiyi dünya çempionatları (kişilər və qadınlar, həmçinin hər ikisinin U-20 və U-17-ləri) arasında sonuncu sayılsa da, futbolumuz üçün bu da böyük hadisədir.

Elə bu səbəbdən yarışa 2 ildən az vaxt qalmasına baxmayaraq, AFFA indidən təşkilati məsələlərə başlayıb. İlk addımlardan biri kimi yarışın talismanı seçilməlidir. Artıq bu çətin, həm də məsuliyyətli məsələ ilə bağlı assosiasiya ictimai rəyi də öyrənməyi lazım bilib.

Əslində, 18 illik tarixində AFFA-ya heç vaxt talisman seçmək nəsib olmayıb. Tarixində ilk dəfə belə rəmz seçəcək qurumun azarkeşlərin də fikirlərini dinləyib, sonda özünün qərar verməsi də təqdirəlayiq haldır.

AFFA-nın rəsmi internet saytı ilə bu gün elan olunan talisman seçimi haqda neçə vaxt idi baş sındırırdım. Dəfələrlə özümün və ya əməkdaşlarımızdan birinin məsələ ilə bağlı AFFA rəhbərliyindən cavab almasını lazım bilmişdim. Amma gözləmişdik. Hadisələr elə alındı ki, sonda AFFA özü seçimlə bağlı elan verdi. Belə vəziyyətdə niyə də öz fikirlərimi bölüşməyim?

Düzdür, mən də adi azarkeş kimi öz fikirlərimi AFFA-nın bəyan etdiyi ünvana göndərə bilərdim. Lakin talisman seçimi ilə bağlı şəxsi, subyektiv fikrimi qələmə almağı daha məqsədəuyğun saydım.

Futbol tarixinə, daha doğrusu, bunun talismanların ənənəyə çevrildiyi hissəsinə nəzər salsaq görərik ki, yarışın rəmzi olan varlıq təşkilatçı ölkəyə doğma bir məfhum olur. Adətən həmin ölkədə sevilən heyvan və ya personajlardan birinə talismanlıq “həvalə edilir”. Azərbaycanın rəmzi ola biləcək heyvanlar üzərində nə qədər baş sındırsaq da, onların hansının talisman olması ağlımıza gəlmədi. Çünki hamının sevimlisinə çevrilməli olan bu varlıq ciddi olmamalı, daha çox zarafatcıl, şən obrazı canlandırmalıdır. Yarışın 17 yaşadək futbolçular arasında, özü də balaca xanımların iştirakı ilə keçirildiyini də nəzərə alsaq, variantların sıraları lap daralır.

Bir sözlə, hamımızın sevdiyi, bizlər üçün şirinlik gətirən, elə bunun üçün də qeyri-ciddi olan talismanı tapmaq üçün o qədər də fikirləşməyə ehtiyac qalmır. Belə variant isə yalnız odur... Azərbaycanda onu tanımayan yoxdur. Şirin və qeyri-ciddidir, ən əsası o da meydana çıxacaq xanımlar kimi zərifdir.

Yəqin, bu qəhrəmanın kim olduğunu, uşaq ikən baxdığımız cizgi filmi və oxuduğumuz nağıla əsasən xatırladınız. Həmin balaca böcək balası olan Tıq-tıq xanımdır. Abdulla Şaiqin qələmə aldığı bu xanım çox dəcəl olsa belə, Azərbaycanda ən populyar və milli “sima”lardandır və fikrimcə, mundialın talismanı olmağa layiqdir. Təbii ki, bu xanıma da futbol paltarı geyindirib, qızlarla birlikdə meydana buraxmaq lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1218

Oxşar yazılar