Zeynal Məmmədov: “Ürəyim partlayır”
06 dekabr 2010 19:55 (UTC +04:00)

Zeynal Məmmədov: “Ürəyim partlayır”

“Zaqatalanın “Simurq” klubuna məğlubiyyətdən sonra “Bakı” daxilində toplantının keçiriləcəyi haqda xəbərlər boş söhbətlərdir. Biz hər şeyi baş məşqçimiz Vinfrid Şeferin öhdəsinə buraxmışıq. Qoy özü papağını qabağına qoyub fikirləşsin”. Bu fikirləri Lent.az-a açıqlamasında “Bakı” futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Məmmədov klubun qeyri-sabit çıxışı ilə əlaqədar özünə yer tapa bilmədiyini etiraf etsə də, bütün səlahiyyətlərin baş məşqçi Vinfrid Şeferin üzərinə düşdüyünü vurğulayıb: “Komandamızın çıxışı şəxsən mənə pis təsir edir. Özümə yer tapa bilmirəm. Ürəyim partlayır. Amma biz rəhbərlik olaraq, Şeferin işinə qarışmırıq. Futbolçulara göstəriş vermişik ki, baş məşqçiyə görə kim oynamaq istəməsə, ciddi cəzalanacaq. Şefer də hansı futbolçunun cəzalandırılmasını istəsə, müvafiq tədbir görəcəyik”.

Məmmədov hazırda Unibank Premyer Liqasında fasilənin yaranmasını gözlədiklərini əlavə edib. O bildirib ki, komandanın mövsümün ilk yarısındakı çıxışını “Bakı”nın prezidenti Hafiz Məmmədov qiymət verəcək: “Hafiz müəllim nə qərar versə, onu yerinə yetirəcəyik”.

Qeyd edək ki, “Bakı” klubu Unibank Premyer Liqasının XVI turunda öz meydançasında autsayderlərdən olan “Simurq”a yenilib – 0:1. Bu, baş məşqçi Vinfrid Şeferin komandasının cari çempionatda 6-cı məğlubiyyəti olub. Hazırda “Bakı” 16 oyundan 22 xalla 7-ci pillədə qərarlaşıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar