Ermənistan himnini dinləməyən idmançımız ağır cəzadan qurtuldu
30 noyabr 2010 12:47 (UTC +04:00)

Ermənistan himnini dinləməyən idmançımız ağır cəzadan qurtuldu

Bu haqda Lent.az-a Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru İsgəndər Əsgərov məlumat verib.

Onun sözlərinə görə, bu günlərdə Kiprin Limasol şəhərində təşkil olunan EWF-nin Konqresində 16 – 23 mayda İspaniyanın Valensiya şəhərində keçirilmiş Avropa çempionatı vaxtı Quliyevin mükafatlandırma mərasimində hakimlərin qərarına etiraz əlaməti kimi Ermənistan himnini dinləməkdən imtinası məsələsinə baxılıb. Öncədən yarışın baş hakiminin raportuna əsasən, atletimizin gümüş medalı əlindən alınmaqla 4 illik cəzaya və AAAF-ın 5 min dollar cəriməyə məhkum edilməsi məsələsi gündəmdə olub. Lakin İsgəndər Əsgərovun çıxışını dinləyən və AAAF prezidenti Cahangir Əsgərovun məktubu ilə tanış olan EWF Icraiyyə Komitəsinin üzvləri idmançımızı cəzalandırmaqdan imtina ediblər. AAAF-a kəsiləcək cərimənin məbləği isə xeyli azaldılıb. İ.Əsgərov bu məsələdə EWF İcraiyyə Komitəsinin Türkiyə və Rumıniyadan olan üzvlərinin köməyini də vurğulayıb.

Qeyd edək ki, yeniyetmələr arasında Avropa çempionatında münsiflər heyəti Azərbaycan idmançısının nəticəsini ləğv edərək, Ermənistan təmsilçisinin xeyrinə qərar verib. Mübahisəli məqam 62 kq çəki dərəcəsində təkanla ağırlıq qaldırarkən baş verib. Atletimiz Firudin Quliyev təkanla qaldırmaq üçün 145 kq ağırlıq sifariş verib. Quliyev bu ağırlığın öhdəsindən gəlib. Münsiflər heyəti əvvəlcə onun nəticəsini qeydə alıb. Lakin bundan təqribən 10 dəqiqə sonra qərar ləğv edilib. Səbəb kimi idmançımızın 145 kq ağırlığı qaldırarkən, səhvə yol verdiyi bildirilib. Nəticədə Quliyevin əvvəlki cəhddə qaldırdığı 140 kq ağırlıq saxlanılıb və bu səbəbdən, o, ikinci pillədə qalıb. Birinci yeri isə təkanla qaldırmada 141 kq nəticə göstərən Ermənistan təmsilçisi Vladik Karapetyan tutub. Həm Karapetyan, həm də Quliyev birdən qaldırmada 112 kq-ın öhdəsindən gəliblər. Təkanla 1 kq artıq ağırlıq qaldıran erməni atlet Avropa çempionu olub. Həmyerlimiz isə gümüş medal qazanıb. Mükafatlandırma mərasimi zamanı Quliyev fəxri kürsüyə ağlaya-ağlaya qalxıb. O, medalı aldıqdan sonra isə kürsüdən yerə enib və Ermənistan himnini dinləmədən zalı tərk edib. Bürünc medalı Türkiyə təmsilçisi Əmrə Büyükünlü qazanıb. Lakin Türkiyə nümayəndə heyəti himn çalınarkən, arxasını Ermənistan bayrağına çevirib.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 902

Oxşar yazılar