“El-klassiko”: Nə var, nə yox?
29 noyabr 2010 20:00 (UTC +04:00)

“El-klassiko”: Nə var, nə yox?

Lent.az-ın məlumatına görə, “Nou Kamp” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.

Məşhur rəqiblər 12 turdan sonra hərəyə 10 qələbə ilə turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıblar. “Real” 32 xalla 1-ci, “Barselona” isə 31 xalla 2-ci yerdə gedir.

“Mou Tim”

Jurnalistlərdən “Mou-Tim” (“Mourinyonun komandası”) ləqəbini alan “Real”ın Kataloniya paytaxtında xoş qarşılanmayacağı aydındır. Joze Mourinyonun komandası Barselonaya lider kimi ayaq basır. “Real”ın baş məşqçisi rəqib həmkarı Xosep Qvardiolaya məxsus Primeranın ən yaxşı debütant-məşqçi rekordunu qırdığı üçün öyünə bilər. “Kral klubu”nun bir çox oyunçusu “El-klassiko”da ilk dəfə iştirak edəcək. Məsut Özil, Sami Hedira, Rikardu Karvalyu və Anxel Di Mariya “Real”ın futbolçusu kimi ilk dəfə “Barselona”ya rəqib olacaqlar. “Kral klubu”nun stajlı qapıçısı İker Kasilyas isə “Nou Kamp”da üçüncü “quru” nəticə əldə etmək istəyir. Əvvəllər Kasilyas buna 2002-2003 və 2007-2008-ci il mövsümlərində nail olub.

“Duellər dueli”

“Real” XXI əsrdə “Nou Kamp”da iki qələbəyə nail olub. “Kral klubu” bu dəfə Mourinyonun xüsusi əməyi sayəsində 3-cü zəfərə imza atmaq niyyətindədir. Portuqaliyalı mütəxəssis ötən mövsüm İtaliya “İnter”inin baş məşqçisi kimi “Barselona”nın Çempionlar Liqasının finalına yolunu bağlayıb. Amma “Barsa”nın yarımmüdafiəçisi Serxio Buskets deyib: “Biz Mourinyodan qorxmuruq. Biz ona qalib gələcəyik”. Komandanın azarkeşləri isə artıq bir neçə həftədir ki “Real”ın baş məşqçisinin qaldığı otağın pəncərələri qarşısında “Barsa”nın himnini oxuyurlar.

“Pep Tim”

Bu mövsüm “Barselona” üçün “Messidən asılılıq” barədə söhbətlər “Xavidən asılılığ”a dair diskussiyalara çevrilib. Hələlik “Barsa”nın vitse-kapitanı Xavi Ernandesin meydançada olduğu müddətdə “Barsa” Primerada xal itirməyib. Hazırda onun dabanında problemləri olsa da, baş məşqçi Xosep Qvardiola bu oyunçunu ehtiyatda saxlamaq istəmir. Komandanın liderinin istirahət imkanı yoxdur. Yalnız qış transfer dövründə Hollandiya PSV-sindən alınan yarımmüdafiəçi İbrahim Afellayın gəlişindən sonra Xavi dinclik tapa bilər. “Barselona”nın əsas heyət üzvləri arasında itki yoxdur. Lakin “Real”dan fərqli olaraq, yalnız hücumçu David Vilya ilk “El-klassiko”suna çıxacaq. Amma o da hələ “Valensiya”da çıxış etdiyi vaxtdan madridlilərlə qarşılaşmanın əhəmiyyətini gözəl anlayır.

Hakim kimdir?

“İtturalde Qonsales”in hakimliyində “Barsa”nın daha çox bəxti gətirib”. Bu sözləri “Real”ın saytına Joze Mourinyo deyib. Lakin o, hakimə inandığını və Qonsalesin işinə qarışmaq istəmədiyini vurğulayıb. Mourinyonun sözlərində həqiqət var. Bas hakimin idarəçilik etdiyi oyunlarda “Barselona” daha çox qələbə qazanıb. Bu, Qonsalesin karyerasında 3-cü “El-klassiko”su olacaq. Bunların birində o, artıq kral klubu”nda çıxış etməyən Roberto Karlosu meydançadan qovub, kataloniyalılar isə böyük hesabla qalib gəliblər – 3:0. 2005-2006-cı il mövsümündə isə kataloniyalılar “kral klubu”nu eyni hesabla “Santyaqo Bernabeu” stadionunda darmadağın ediblər. Yerli azarkeşlər isə həmin matçın qəhrəmanı Ronaldinyonu alqışlarla yola salıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676

Oxşar yazılar