“Rubin”in baş direktoru: “Bu, “Neftçi” rəhbərliyi ilə danışığımızdan asılı olacaq” - EKSKLÜZİV
29 noyabr 2010 17:10 (UTC +04:00)

“Rubin”in baş direktoru: “Bu, “Neftçi” rəhbərliyi ilə danışığımızdan asılı olacaq” - EKSKLÜZİV

- “Neftçi” rəhbərliyi “Rubin” klubunun nümayəndə heyətinin bu yaxınlarda Bakıya gələcəyini açıqlayıb. Səfər nə vaxt baş tutacaq?

- Nümayəndə heyətimiz yəqin ki, dekabrın ikinci ongünlüyündən sonra Bakıya gələcək. Hazırda “Barselona” ilə dekabrın 7-də keçirəcəyimiz Çempionlar Liqasının son tur qarşılaşmasını düşünürük.

- Səfərinizdə məqsəd nədən ibarət olacaq?

- Səfər tanışlıq xarakteri daşıyacaq.

- Bəs “Neftçi”nin futbolçuları arasında maraqlandıqlarınız var?

- Hələ bu barədə qəti bir söz demək çətindir. Bakıda keçirəcəyimiz görüşlərdən sonra bu məsələyə aydınlıq gələcək.

- Baş məşqçiniz Qurban Berdıyevin Bakıya gəlişi nəzərdə tutulub?

- Çətin ki, o, gələ bilsin. Ümumiyyətlə, nümayəndə heyətimizin tərkibi və sayı bu yaxınlarda keçirəcəyimiz klubdaxili iclasda müəyyənləşəcək.

- “Neftçi” rəsmiləri komandada icarə əsasında çıxış edən hücumçunuz Bahodir Nasimovla yeni müqavilənin imzalanacağı haqda razılığınızı aldıqlarını bildirir…

- Biz hələ bu barədə razılığa gəlməmişik. Bilmirəm, “Neftçi” rəhbərliyi “Rubin”də kiminlə danışıqlar aparıb. Bütün məsələlərə nümayəndə heyətimizin Bakıya səfəri zamanı aydınlıq gələcək.

- Nasimov hazırda Azərbaycan çempionatında uğurlu çıxışı ilə seçilir. 15 turdan sonra onun hesabında 14 qol var. Ümumiyyətlə, özbəkistanlı hücumçunu geri qaytarmaq fikriniz yoxdur?

- Yenə deyirəm, bu, “Neftçi” rəhbərliyi ilə danışığımızdan asılı olacaq.

- Ardıcıl iki il Rusiya Premyer Liqasının qalibi olduqdan sonra bürünc medalla kifayətləndiniz.

- “Het-trik” etməyi çox istəyirdik. Lakin heyətimizi bir neçə aparıcı futbolçunun tərk etməsi və zədəlilərimizin çoxluğu üzündən “Zenit” və MOİK-in ardından bürünc medalla kifayətləndik. Qarşımıza qoyduğumuz məqsədi yerinə yetirə bilmədik.

- Qarşıda “Barselona” ilə oyununuz var. Çempionlar Liqasının 1/8 finalına vəsiqə şanslarınızı necə dəyərləndirirsiniz?

- Bu, ən vacib oyunlarımızdan biri və 2010-cu ildə son matçımızdır. İstəyirik ki, ili yüksək əhval-ruhiyyədə başa vuraq. Növbəti mərhələyə vəsiqə şanslarımız var. Danimarkanın “Kopenhagen” klubu öz meydançasında Yunanıstan “Panatinaikos”u ilə heç-heçə etsə, biz isə İspaniyada “Barselona”nı yensək, Çempionlar Liqasının 1/8 finalına yüksələ bilərik.

- Çoxları “Kopenhagen”i asanlıqla arxada qoyacağınızı düşünürdü. Amma hazırda Danimarka təmsilçisi “Rubin”dən öndədir. “Kopenhagen”i keçə bilməməyinizin səbəbi nədir?

- “Kopenhagen”in zəif rəqib olduğunu düşünmürəm. Hazırda bu komandanın aktivində 7 xal var. Baxaq, görək son turda necə olacaq?

- Artıq qrupda heç bir şansı qalmayan “Panatinaikos”un son turda “Kopenhagen”ə asanlıqla təslim olacağını düşünmürsünüz?

- Fikrimcə, “Panatinaikos” “Kopenhagen”ə uduzmayacaq. Ya heç-heçə edəcək, ya da qalib gələcək.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar