“Bakı”nın problemləri hələ tam aradan qalxmayıb
26 noyabr 2010 18:39 (UTC +04:00)

“Bakı”nın problemləri hələ tam aradan qalxmayıb

“Keçmişdə olanlar elə keçmişdə qaldı. Bizi noyabrın 27-də “Xəzər Lənkəran”la maraqlı mübarizə gözləyir”. Bu fikirləri Lent.az-a açıqlamasında “Bakı” futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda hər iki klubun rəhbərliyi və azarkeşləri arasında gözəl münasibətlər var. Ötən mövsüm Azərbaycan Kubokunun finalında baş verənlər Unibank Premyer Liqasının XV tur qarşılaşmasında təkrarlanmayacaq. Məmmədov şansları 50-nin 50-yə nisbətində dəyərləndirib.

“Bakı”nın son 3 turda qələbə qazanmasına baxmayaraq, vitse-prezident hələlik komandanın problemlərinin tam arxada qalmadığını diqqətə çatdırıb. Klub rəsmisinin fikrincə, hər şeyə məhz “Xəzər Lənkəran”la qarşılaşmada aydınlıq gələcək.

Qeyd edək ki, “Bakı” klubu 2009-2010-cu il mövsümündə “Xəzər Lənkəran”ı əvvəlcə çempionluqdan, sonra isə kubokdan məhrum edib. Ölkə kubokunun finalında paytaxt komandasının vurduğu ilk qol qarşı tərəfin kəskin narazılığına səbəb olub. Qolun “Fair Play” qaydalarından kənar vurulduğunu iddia edən “Xəzər Lənkəran” klubu 1:2 hesablı məğlubiyyətdən sonra təltifetmə mərasiminə qatılmayıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar