““Qarabağ”a supertransferlər edəcəyik” – MÜSAHİBƏ
26 noyabr 2010 15:19 (UTC +04:00)

““Qarabağ”a supertransferlər edəcəyik” – MÜSAHİBƏ

“Qarabağ” futbol klubunun direktoru Əmrah Çəlikəlin Lent.az-a müsahibəsi

- Son zamanlar “Qarabağ”ın futbolçularının Azərbaycan milli komandasının düşərgəsindən zədəli və yorğun halda qayıtmaları böyük müzakirə mövzusuna çevrilib. Klub rəhbərliyi olaraq, yığmadan zədə ilə dönən Samir Abasov və Maksim Medvedev üçün AFFA-dan kompensasiya tələb etmək fikriniz yoxdur?

- Abasov yığmada ikən boyun nahiyəsindən xəsarət alıb, Medvedev isə əvvəlki zədəsini təzələyib. Əlbəttə, milli komanda hamımızın qürurudur. Yığmaya futbolçu vermək də, oyunçumuzun millidə çıxış etməsi də bizim üçün şərəfdir. Bütün klublarda işlər yığma səviyyəsində nəticə göstərmək üçün qurulur. Kompensasiya ödənilib-ödənilməməsinə gəldikdə, Azərbaycanın öz qayda-qanunları var. Burada klublar və yığma daha çox birgə olmalı, birgə qərarlar qəbul etməlidirlər ki, futbolumuz daha çox inkişaf etsin. Yəni, bu işlər paralel qurulmalıdır. “Qarabağ”ın “qara zolağ”a düşməsində futbolçuların millinin düşərgəsindən yorğun halda qayıtmalarının və çempionat matçları öncəsi yığmanın təlim-məşq toplantılarının təşkili də az rol oynamayıb. Həftənin bazar ertəsi yığmaya göndərdiyimiz futbolçular cümə axşamı günü klubumuza qayıdıblar və şənbə günü oyuna çıxıblar. Bu, demək olar ki, dünyanın heç bir yerində görünməyən prosesdir. Biz demirik ki, futbolçularımız yığmaya heç getməsinlər. Deyə də bilmərik. Amma elə olsun ki, paralel iş qurulsun. Bir neçə dəfə baş məşqçimiz Qurban Qurbanova klubun mənafeyini düşünərək, futbolçularımızı buraxmaq istəmədiyimizi söylədikdə, o, buna etiraz etdi və oyunçularımızın millinin düşərgəsində olmasının vacibliyindən danışdı. Amma nəticə göz qabağındadır. Futbolçularımız yığmadan yorğun gəlirlər.

- “Paralel iş görülməlidir?” dedikdə nəyi nəzərdə tutursunuz?

- Yığma rəhbərliyi klubumuzdakı məşq prosesi ilə də maraqlana, baş məşqçimizə öz tövsiyələrini verə bilərlər. Yəni, biz fəaliyyətimizi birgə davam etdirməliyik. Bu gün “Qarabağ” milli komanda nöqteyi-nəzərindən Azərbaycanın ən önəmli klubudur. Çünki yığmanın bir çox futbolçusu “Qarabağ”da çıxış edir. Lakin bu, o demək deyil ki, klubumuza xüsusi statusla yanaşsınlar, hansısa köməklik göstərsinlər, güzəşt etsinlər, imtiyazlar versinlər. Amma “Qarabağ”ın son iki ildə Avropa Liqasında göstərdiyi nəticələri də göz qabağına qoyaraq, bunların davamını istəyiriksə, məncə, daha çox fikir birliyində olmalıyıq.

- Sizcə, digər klublarla da məsləhətləşdikdən sonra kompensasiya məsələsini AFFA İcraiyyə Komitəsinin gündəliyinə saldırmaq mümkündür?

- Məncə, buna gərək yoxdur. Hər şey göz qabağındadır. Kompensasiya haqda heç düşünmürük. Bu gün Azərbaycanda futbol sponsorlar və AFFA üçün daha çox mənəvi əhəmiyyət kəsb edir. Maddi gəlir, kompensasiya əldə edilməsindən söhbət getmir. Təbii ki, Samir Abasov, Maksim Medvedevin futbolçu kimi püxtələşməsində “Qarabağ”ın maddi imkanlarının çox böyük rolu var. Bu, danılmazdır. Amma biz “Qarabağ”ı futbolumuzun inkişafı, Qarabağ adının Avropada təbliği, Azərbaycanda düzgün işlər qurulması naminə saxlayırıq. “Liverpul” və ya Avropanın sayılıb-seçilən digər klubları kimi pul qazanmaq, maddi cəhətdən inkişaf etmək bizim bu günkü hədəflərimiz arasında deyil. Lakin mən demirəm ki, həmişə belə olacaq. O günlər də gələcək. 5-7 ildən, bəlkə də 10 ildən sonra bu haqda düşünmək olar. Bu gün isə biz futbolumuzun, futbolçularımızın və sistemimizin hansısa yolla inkişafı naminə birləşməliyik.

- Bəs supertransferlər etmək niyyətiniz yoxdur?

- AZAL-la oyunumuzda nümayiş etdirilən “Azersun – istefa!” şüarları insanda elə təsəvvür yaradır ki, “Azersun” “Qarabağ”a pul xərcləmək istəmir. Bu, heç də belə deyil. Biz il ərzində aşağı yaş qruplarına xərclədiyimiz pulla 2-3 yox, hətta 5-6 supertransfer edə bilərik. Lakin biz futbolçu yetişdirmək istəyirik. Yoxsa, oyunçu gətirməkdən rahat nə var? Dünyanın hər tərəfindən 3-4 futbolçu gətirərək, komanda formalaşdıra bilərik. Amma “Qarabağ” adlı komandada oynayanların hamısının legioner olması heç özümüzə ləzzət etməyəcək.

- Olmazmı ki, iki işi birdən görəsiniz? Yəni, bir tərəfdən, yüksək hədəflər uğrunda mübarizə aparmaq, digər yandan, futbolçu yetişdirmək mümkün deyil?

- Bunun üçün lazımi şəraitə malik olmalıyıq. Deyirik ki, futbolçu yetişdiririk. Amma necə? “Şəfa” stadionundan, “Sərhədçi” İdman Olimpiya Mərkəzindən, “Ruslan-93” kompleksindən icarə əsasında yararlanırıq. Ona görə də biz hər şeyin təməlinə enməliyik. Yəni, komandamız üçün lazımi şərait yaratmalıyıq. Lakin çox vaxt qalmayıb. İnanıram ki, qısa zaman kəsiyində bu şəraitə sahib olacağıq. Sonra isə... Demirəm ki, biz 2011-ci ilin yanvarında böyük transferlər edə bilərik. Qış transfer dövrü səviyyəli oyunçular almaq üçün münasib dövr deyil. Amma növbəti mövsümə hazırlıq dövründə ehtiyac yaranarsa, transfer büdcəsi ayırmağımızla bağlı bir problemimiz olmayacaq.

- Demək, növbəti mövsüm üçün “Qarabağ”dan supertransferlər gözləyə bilərik...

- Ehtiyac olsa, bəli.

- Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına stadionun 20 illik icarəyə götürülməsi məsələsi nə vaxt rəsmiləşəcək?

- Belə bir məsələ var. Hətta danışıqlar yekunlaşıb. Yalnız icarə müqavilələrinə qol çəkilməsi qalıb. Mənə elə gəlir ki, bu da bir-iki həftə ərzində tam təsdiqini tapacaq.

- Orada yalnız stadiondan yararlanacaqsınız, yoxsa bazanız da olacaq?

- İnşallah, hər şey tam təsdiqini tapdıqdan sonra bu məsələyə tam aydınlıq gələcək.

- Stadion ərazisi bütünlüklə “Qarabağ”ın ixtiyarına veriləcək?

- Xeyr, böyük hissəsi. Yəni, meydançadan əlavə müəyyən ölçüdə ərazi də ixtiyarımızda ola bilər. Amma stadionun sahibi “Neftçi” İdman Sağlamlıq Mərkəzinin ofisi də stadion daxilində olacaq. Biz isə icarəyə götürdüyümüz məkanda həm məşqlərimizi, həm də oyunlarımızı keçirəcəyik.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar