UEFA Joze Mourinyonun işinə baxacağı tarixi açıqladı
26 noyabr 2010 12:57 (UTC +04:00)

UEFA Joze Mourinyonun işinə baxacağı tarixi açıqladı

Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, söhbət baş məşqçi Joze Mourinyo, habelə futbolçular Xabi Alonso, Serxio Ramos, İker Kasilyas və Yeji Dudekdən gedir.

Məsələyə noyabrın 30-da UEFA İntizam Komissiyasının iclasında baxılacaq.

Qeyd edək ki, “Ayaks”la noyabrın 23-də keçirilmiş görüşün sonlarında “Real” 4:0 hesabı ilə öndə olduğu vaxt “kral klubu” iki şübhəli qırmızı vərəqə alıb. Xabi Alonso və Serxio Ramosa baş məşqçi Joze Mourinyonun belə bir göstəriş verdiyi güman olunur. Mourinyo tapşırığını ehtiyat qapıçı Yeji Dudek vasitəsilə çatdırıb. Mourinyodan təlimat alan Dudek “Real”ın əsas qapıçısı İker Kasilyasa yaxınlaşıb və ona baş məşqçinin göstərişlərini ötürüb. Sonra Kasilyas bu barədə Alonso və Ramosu məlumatlandırıb. Onlar isə müvafiq olaraq, 87 və 90-cı dəqiqələrdə vaxtı uzatdıqları üçün ikinci sarı vərəqə alaraq, meydançadan qovulublar. Xabi Alonso ilə Serxio Ramos qrup mərhələsinin son turunda Fransa “Oser”i ilə matçı buraxacaqlar. Amma həmin oyun artıq Çempionlar Liqasının 1/8 finalına vəsiqəni təmin etmiş “kral klubu” üçün ciddi əhəmiyyət kəsb etməyəcək. Əvəzində hər iki futbolçu “pley off” mərhələsinin oyunlarına “təmiz” çıxacaqlar.

Joze Mourinyo isə iddiaları absurd sayıb: “Oyun vaxtı təkcə Dudek, Ramos və Alonsoya yox, bütün futbolçulara göstərişlər vermişəm. Mənim üçün ən əsası gözəl oyun sərgiləyərək, böyük hesabla qalib gəlməyimizdir. Qalan məsələlər isə məni maraqlandırmır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 819

Oxşar yazılar