“Qışda “Xəzər Lənkəran”ı daha da gücləndirəcəyik” – MÜSAHİBƏ
26 noyabr 2010 11:31 (UTC +04:00)

“Qışda “Xəzər Lənkəran”ı daha da gücləndirəcəyik” – MÜSAHİBƏ

“Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti Tuyqun Nadirovun Lent.az-a müsahibəsi

- Bu günlərdə Avropa səfərindən qayıtmısınız. Səfərdə klubunuzla bağlı hər hansı görüşünüz olub?

- Avstriyada “Puma” şirkətinin nümayəndələri ilə görüşümüz oldu. Yeni mövsüm üçün daha keyfiyyətli, daha ucuz başa gələn formalar sifariş etdik. Bildiyiniz kimi, “Puma” məhz Avstriyada istehsal olunur.

- Bəs qış transfer dövründə almaq istədiyiniz futbolçularla bağlı danışıqlar aparmamısınız?

- Almağı düşündüyümüz futbolçularla bağlı bir-iki görüşümüz oldu. Hələlik danışıqlar getdiyi üçün onların adlarını açıqlaya bilmərəm.

- Siz ad çəkməsəniz də, mətbuatda bir neçə futbolçunun adı hallanır...

- O adlardan siyahımızda olanları da var, olmayanları da. Hazırda danışıqlar gedir. Hər şeyə isə Unibank Premyer Liqasında dekabrın sonlarında fasilə yarandıqdan sonra aydınlıq gələcək. Komandamızın baş məşqçisi Mirça Rednik dəyişikliyə ehtiyac görəcəyi mövqelər üçün oyunçular təqdim olunacaq. Amma bu gün yeni transferlərin adlarını və konkret hansı mövqe üçün nəzərdə tutulduqlarını demək düzgün çıxmazdı. Çünki hazırda həmin mövqelərdə oynayan futbolçular var. Hələ qış fasiləsi olmayıb.

- Elə isə Osman Ndoye Banel Nikolita siyahınızda var?

- Vallah, deyə bilmərəm ki, NDoye ilə bağlı danışığımız yoxdur. Var! Nikolita barədə də görüşümüz, danışığımız olub. Amma onların nə özləri, nə də nümayəndələri ilə konkret görüşümüz olub.

- Qışda təlim-məşq toplantınızı harada keçirəcəksiniz?

- Hələlik tam məlum deyil. Amma çox güman ki, Türkiyənin Antalya şəhərində olacaq.

- Heyətinizdə mövcud müqaviləsini uzatmaq istədiyiniz futbolçular var?

- Bunu hələ deyə bilmərəm. Hər şey qış fasiləsi dövründə bilinəcək. Çox güman ki, heyətimizi elə də çox futbolçu tərk etməyəcək. Əksinə, komandamız daha da gücləndiriləcək.

- Qapıçınız Kamran Ağayev ətrafında yayılan transfer söz-söhbətlərinə də aydınlıq gətirməyinizi istərdik...

- Kamranın özü bu yaxınlarda verdiyi müsahibəsində bildirib ki, “Xəzər Lənkəran”la müqaviləsi var. Klub prezidenti onun nə vaxt transfer olunmasını məsləhət bilərsə, başqa kluba keçə bilər. Bundan əlavə söhbət yoxdur.

- Qışda Ağayevin hansısa kluba keçidi gözlənilir?

- Hələ ki yox.

- Noyabrın 27-də Unibank Premyer Liqasında “Bakı” ilə vacib oyuna çıxacaqsınız...

- Bizim üçün bütün oyunlar vacibdir. Hədəfimiz isə hər matçda 3 xal qazanmaqdır. Düzdür, “Bakı”, “Neftçi”, AZAL, “Qarabağ”, “İnter”lə matçlarımız azarkeş baxımından daha çox maraq doğurur. Ona görə də futbolçuların motivasiyaları böyük olur. Amma bu, o demək deyil ki, komanda üzvlərinə xüsusi mükafat vəd olunur. Futbolçu gözəl oyun nümayiş etdirməlidir və hansı komanda güclüdürsə, o da qalib gəlməlidir.

- Rednik ötən mövsüm “Bakı”nın “Xəzər Lənkəran”ı çempionluq və ölkə kubokundan məhrum etdiyindən məlumatlıdır?

- Baş məşqçimiz bir neçə aydır burdadır. Əlbəttə, xəbərdardır. Onun nəinki “Bakı”, bütün komandalar haqqında təsəvvürü var.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598

Oxşar yazılar